1870–ci il aprelin 14-də Tiflis şəhərində anadan olmuş Nəriman Nəcəf oğlu Nərimanovun Azərbaycanın talehində müstəsna xidmətləri olmuşdur.
Doğulduğu və gənclik illərini keçirdiyi Tiflis mühiti onun əqli və mənəvi inkişafında böyük rol oynamışdır.
Çox təəssüflər olsun ki, onun haqqında çox vaxt haqsız ittihamlar irəli sürülmüşdür.
Uzun illər SSRİ-yə xidmət edən, hətta yaltaqlanan onlarla ictimai, mədəni, siyasi xadim adı çəkmək olar ki, bu gün onlar öpülüb göz üstündə saxlanır, amma Stalinlə, Leninlə kəllə-kəlləyə gələn, Azərbaycan naminə onlara xəbərdaredici məktublar yazacaq cəsarət sahibi olan, elə bu cəsarəti səbəbi ilə də öldürülən Nərimanovu qınayırlar.
Azərbaycanda toplumun Nərimanova birmənalı münasibət göstərməməsinin iki əsas səbəbi var:
1) Onun haqqında konteksdən çıxarışlarla təqdim olunan və təhrif olunan tarixi informasiyalar.
2) Toplumun ağıllı yox, çılğın şəxsiyyətlərə dəyər verməsi.
Birinci barədə çox danışmaq olar: Rəsulzadənin Nərimanov haqda fikirləri, Naxçıvan, Zəngəzur məsələsi və s.
Lakin dəfələrlə deyilən və nəzərə alınmayan bir məqam var: XX əsrin birinci yarısında baş verənləri XXI əsrin birinci yarısında müzakirə edərəkən, həmən saf-çürük etməliyik, tarixi bilgilərimiz kompleksdirmi?
Çar Rusiyası tarixi və həmin ərəfədə Azərbaycan ərazisi, adı nüfuzu barədə nə qədər bilgimiz var?
Əgər məsələyə XX yox, XXI əsr reallığında baxırıqsa, Nərimanovu Zəngəzura görə qınayırıqsa, onda cümhuriyyətin ilk Baş naziri Fətəli xan Xoyskinin yazdığı məktubdan bir sitat gətirmək kifayət edər ki, onun da portretini tərsinə asaq:
“Biz İrəvanı ermənilərə güzəştə getdik”.
Təbii ki, biz Xoyskini başa düşürük. Çünki Qaqfqaz əl boyda yerdi, içində onlarla xalq. Kənarında iki-üç əjdaha. Hər biri Qafqazı udmağa hazır. Bu reallıqda Qafqazda xalqının bir-birini qırması o deməkdir ki, yaranan tarixi şərait boşa gedir. Ən acı reallıq isə budur ki, bu fürsətdən istifadə olunmasa, yəqin ki, Azərbaycan adlı dövlət yer üzərində bir daha heç vaxt qurulmayacaq.
Həmin qırğına son vermək üçün ortaya bir tarixi şəxsiyyət çıxmalı, illər sonra qınanılsa, hətta təhqir olunsa belə, ziyalılar tərəfindən anlaşılacağına sığınaraq qərar verməli idi. Xoyski İrəvanı ermənilərə verməklə, həm də, Azərbaycanı bir daha müstəqil etdi. Çünki həmin zaman Azərbaycanın, demək olar hər rayonunda erməni yaşayırdı və onların da bu tarixi şəraitdən istifadə edəcəyi bəlli idi, onlar da respublika quracaqdı. Xülasə, İrəvan qurban idi.
Biz Xoyskinin həmin qərarını tarixin tələbi kimi qiymətləndirirksə, Nərimanovun bu kimi təklifini niyə qəbul edə bilmirik?
Çünki biz çılğın, ağzı köpüklənən, onun bunun qarasınca danışan, öldürən, ölən şəxsləri qəhrəman etməyə öyrəşmişik.
Biz qəhrəmanlarımızın başında dəbilqə, əlində qılınc olmasını istəyirik.
Əynində bəyaz xalat, gözündə səbir, qulağında fonendoskop, əlində qələm olan, xalqın nəbzini, ruhunu duyan, onun diaqnozunu kağıza yox, kitaba yazan bir ziyalını qəhrəman edə bilmərik. Xalqı üçün tər tökən yox, göz yaşı, qan tökənlərin abidəsini ucaltmağa vərdiş etmişik.
Guya Nərimanov olmasaydı, Sovet ordusu Azərbaycana girməyəcəkdi?
Girəcəkdi, həm də başında erməni siyasi xadim.
Təsəvvür edirsiniz, sırf Nəriman Nərimanova görə Stalin, xüsusilə də Lenin Azərbaycana nə qədər güzəştlər etməyə məcbur olub?
1924-cü ilə qədər Sovet Azərbaycanının bayrağı Nərimanovun qazandığı nüfuz və Nərimanovun portreti idi.
O, sosializm bayrağı altında gələn Rusiyanın Qafqazı ələ alacağından əmin idi.
Sovet işğalından həmən sonra bu işi görən, Bakının əsl simasını ermənilərdən qoruyan, onu bir müsəlman, Şərq şəhəri kimi saxlayan Nəriman Nərimanov oldu.
Nərimanov Stalinə məktubunda yazırdı ki, Bakını erməniləşdirmək planı var və bunun qurucusu məhz Mikoyandır:
“Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və düzgün hesablanmış bütöv bir plandır. Lakin elə işimin ilk günlərindən açıq deyirəm: bir çox mülahizələrə görə hələlik erməni yoldaşların görkəmli, məsul vəzifələrə təyin edilməsini dayandırmaq vacibdir. Cənubi Qafqazın keçmişi, xüsusilə 18-ci ildə Bakıdakı vəziyyət bu məsələ üzərində düşünməyə məcbur edir”.
Nəriman Nərimanov Azərbaycan ədəbiyyatında ilk roman olan “Bahadır və Sona”nın müəllifidir. Bütün fəaliyyəti boyu Bakının simasının qorunmasına, şəhərin erməni rəhbərlərdən arınmasına çalışan bir şəxs romanında, yəni daha yüksək müstəvidə erməni qız və azərbaycanlı oğlanın sevgisindən yazıb, bu münasibətdə sevgini bütün maraqlardan yüksəkdə saxlamağı bacarıb.
N.Nərimanov – Azərbaycan dilinin qrammatikası haqqında ilk kitabın müəllifidir.
N.Nərimanov – ruslar üçün Azərbaycandilli, azərbaycanlılar üçün rusdilli dərsliklərinin ilk müəllifidir.
Şərqdə ilk abidə 1922-ci ildə N.Nərimanovun göstərişi ilə görkəmli şair M.Ə.Sabirin əziz xatirəsinə ucaldılıb.
…İllər keçdikcə N. Nərimanovun xalqına, millətinə, dövlətinə göstərdiyi təmənnasız xidmətlər daha qabarıq şəkildə hiss olunur.
Ramiz Həsənov,
“Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri.