Bu günlərdə «Qobustan» dərgisinin Poeziya əlavəsi – Türk şairi Furkan Çalışqanın «Mezzo Morte» adlı şeir kitabı işıq üzü görüb. Kitab «Qanun» nəşriyyatında çapdan çıxıb. Müasir Türk modernist şairlərindən olan Furkan Çalışqan orijinal üslub və intonasiyaya malik qələm adamıdır. Onun şeirlərini Azərbaycan dilinə istedadlı şairə Aysel Xanlarqızı tərcümə edib. Aysel Xanlarqızı bu qədər fərqli düşünən şairi çevirməyin böyük məsuliyyət olduğunu qeyd edib: «Mən Türkiyədə olanda Furkan bəyin özü ilə də şeirləri ətrafında müzakirələr etdik. O özü də etiraf etdi ki, əsərləri daha çox intellektual, hazırlıqlı oxucu üçündür. Amma bununla belə, hesab edirəm ki, çağdaş oxucu üçün bu şeirlər bir çox düşüncə və duyğuların tərcümanı, ifadəsi ola bilər.»
Kitabın ön söz müəllifi, «Qobustan» dərgisinin baş redaktoru Pərvin isə bu əsərləri «Yeni əsrin şeirlər» adlandırıb: «Qəribə bir assosiativ ifadə tərzi var bu şeirlərdə. Mən özüm dönə-dönə oxudum və zövqlə yazdım haqqında. Ümumiyyətlə, dərgimizin əlavələrini çap etməyi çoxdan planlayırdıq. Bu, bir ilk oldu. Bildiyiniz kimi «Türkiyə özəl sayı»mız çapdan çıxdı və elə bu şeirləri də həmin nömrənin poeziya əlavəsi kimi oxucularımıza təqdim edirik. Gələcəkdə fərqli mövzularda belə əlavə kitablar çap etməyi düşünürük.»
Qeyd edək ki, Furkan Çalışqan Türkiyənin nüfuzlu nəşriyyatlarından biri olan «Ketebe» yayın evinin baş redaktorudur və yaxın gələcəkdə onun Bakıda oxucularla görüşü nəzərdə tutulub.