Əməkdar jurnalist Qədir Aslan 80 illiyinə

Əməkdar jurnalist Qədir Aslan 80 illiyinə

Göyərçinlər də qayıtsın

Əməkdar jurnalist Qədir Aslan 80 illiyinə

… Mehdiabad… may 2024-cü il…

… küləkli, gümüşü səmalı kövrək bir yaz günü…

… Abşeron küləyinin sığalına sevinən çeşidli meyvə ağacla­rının yarpaqlarının rəqsi…

… 80 yaşlı atamın əlinin səliqəsi, bərəkəti…

… Altı yaşlı İbrahim gül-çiçəyin arasında gəzə-gəzə öz-özünə nəsə danışır… Ancaq özü anladığı dildə… İçində danışmaq, içi ilə danışmaq bu imiş görünür… Bircə bilsəydim o sözlərin, hiss­lərin mənasını…

Telefonun video yaddaşına köçürürəm onun yarpaqlarla söhbətini… Birdən çevrilir və “Ata, məni çəkirsən, gördüm…”— deyir.

Mən isə ona baxıb uşaqlığımı xatırlayıram… Və birdən an­layıram ki, indi yadımda qalmayan uşaqlıq səhnələri nə qə­dər həqiqiymiş… Qalanı ömürdür… Uzun, yazılmış, əyri-üyrü tale xətləri ilə dolu həyat… Adına ömür dediyimiz saniyələr, dəqiqələr, saatlar, günlər sırası…

… İş elə gətirib ki, 60-70-80-90-100 yaşlı insanlarla söhbət (müsahibə) edərkən bu rəqəmin nə olduğunu soruşmuşam… İstisnasız hamısının cavabı bir olub: “bir an kimi ötüb keçdi…”

Yenə xatırlayıram, 20 il əvvəl bir may günü, evdə oturmu­şam, adəti üzrə nəsə oxuyub qeydlər edirəm. Telefon zəng ça­lır:

– Bəli.

– Haradasan? Evdəsən? Düş aşağı. Binanın qabağında göz­ləyirik… Elə ev geyimində hövlnak aşağı enirəm. Möhsün daha iki qohumla maşından düşürlər.

– Otur getdik…

Soruşmağa macal vermirlər. Düz “Gəncliyə”. Qədir müəlli­min doğum günüdür. Ağsaqqal deyib ki, Rafiqi də gətirin… Ailə üzvləri, Səfyar müəllim başda olmaqla “Gənclik”də, Bakının ortasında, dar şəhər həyətində tonqalın başında zurna, saz sə­daları altında yallı gedirik…

Zamanın hikmətinə bax ki, bizə bir an kimi görünən ömrə nələr sığır…

… Bütün dünya bir-biri ilə savaşırkən, 1944-cü ildə Qərbi Azərbaycanın gözəl guşələrindən birində – Göyçə mahalında, Basarkeçərin Nərimanlı kəndində keçən qayğısız uşaqlıq illəri…

… Bakı Dövlət Universiteti… Jurnalistika…

… Qəzetçilik həyatı, bir-birindən fərqli, maraqlı yazı­lar-məqalələr, oçerklər, felyetonlar, hekayələr…

… Uzun illər Qələmə sarılmış, Qələmə sadiq bir YoL…

Və 1989-cu il – xalqımızın tarixinin növbəti ən ağrılı sə­hifələri…

… Yenə də yorulmaz iş, əmək, zəhmət və tariximizin yeni dövrünün Qədir Aslan imzasında xronikası və bu yaddaşın das­tanlaşan əksi…

… Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş Vətənin qəhrəman oğulları barədə oçerklər kitabı.

… “Göyçə şəhidləri”…

… “Goranboy qartalları”…

… “Borçalının Qəhrəman oğlu”…

… “XX əsrin Koroğlusu”…

… “Səbailin şahin oğulları” kitabları…

… Biz Qədir Aslanın atasının yolunu ləyaqətlə davam et­dirən oğlu Möhsünlə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bir qrupda oxumuşuq. 1999-cu ildə Qərbi Azər­baycandan köçkün düşmüş həmvətənlərimizin taleyindən bəhs edən “Yuva” adlı bir hekayə yazmışdım. Motivlərdən biri Möhsünün atasının ona danışdığı səhnə idi. Qədir müəllim Nərimanlı kəndində adamları, bəzi vacib ev əşyalarını yük ma­şını ilə yola salıb bir neçə gün kənddə qalmalı olur. Evlərinin damında həmişə ev quşları, toyuq-cücəylə bir dənlənən çoxlu göyərçin qalırmış. Deyir, yük maşını həyətdən çıxandan sonra Qədir müəllimin qaldığı bir neçə gün ərzində göyərçinlər daha gözə dəyməyib, uçub, küsüb gediblərmiş…

Məni bu səhnə çox təsirləndirmişdi…

Qədir müəllimin böyük ümidlə baxdığı və inamla haqqında yazdığı gözəl gələcəyin ilk şərəfli günlərini, illərini artıq yaşa­yırıq. Və mən çox istərdim ki, növbəti yubileyi Nərimanlıdakı həyətdə, bağ-bağatda, nəvə-nəticələrin əhatəsində keçirək, göyərçinlər də qayıtsın və Gənclikdə – dar şəhər həyətində səslənən sazın, zurnanın, davulun səsi bütün Qərbi Azərbay­cana yayılsın…

Rafiq Həşimov

yazıçı, telejurnalist,

Əməkdar artist

Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də sədr müavini

Share: