Mən elə bilirdim ki, biz hamıdan güclüyük,
hamı bizdən zəifdi.
Sonralar gördüm ki, yoox,
çölümüz sərt olsa da
içimiz çox zərifdi…
…Atamın boğazı kilidlənmişdi,
danışmağa da ərinidi –
yemək qalsın bir tərəfə,
gözləri ölüm ayağında da
yaşamaq üçün “ölürdü”,-
boylanırdı hər tərəfə.
Həyətimizdəki heyva ağacının
altındakı çarpayıda uzanmışdı
Ağacın sıx yarpaqları günəş işığından gizlədə bnilmirdi onu.
İşin tərsliyindən
həmən ilin yazı
o qədər xoş gəlmişdi ki…
Kəndimizdə
quşların civiltisi, güllərin açışı,
həyət boyu
cücələrin yem dalıyca qaçışı…
Atamın bu gözəllikdən doymayan baxışı
günəşin heyva ağacının yarpaqları arasından süzlülən işıqları…
Anam – yazıq anam, –
atamı atasından çox istəyən anam…
Nələr çəkmişdin, nələr çəkdin, nələr çəkirsən…
Hələ də atamın adıyla, sözüylə danışırsan,
düz 35 ildir…
Qardaşlarım, bacılarım,
sevincimiz də qaldı yarım,
qəmimiz də..
Dəryalardan keçib gedən gəmimizdə
ömrümüzü daşıdıqca,
anamızın gözündəki o kədəri yaşadıqca
zəifliyin, zərifliyin qəlbimizdən köçdüyünü
sərt günlərin qapımızı döydüyünü
görməmək olmur…