Gürcüstan parlamentinə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi təqdim olunub.
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstan parlamentinə hakim “Gürcü arzusu” partiyasının keçmiş üzvlərinin təsis etdiyi “Xalqın Gücü” ictimai hərəkatı tərəfindən təqdim olunub.
Qanun layihəsinin Gürcüstan parlamentinə təqdim olunması ilə paralel olaraq ona qarşı etirazlar da başlayıb.
Bir neçə həftədir, Gürcüstanda müxtəlif iqtisadi qruplara, daxili və xarici donorlara bağlı QHT təmsilçiləri, televiziya və kütləvi informasiya vasitələri müxtəlif formatlarda etiraz aksiyaları keçirir.
Küçədəki etirazlardan başqa televiziyalarda, sosial platformalarda, konfrans zallarında keçən etirazlar tədbirləri haqqında, az qala, 24 saat canlı yayımlar edilir. Burada da qanun layihəsinin Gürcüstan cəmiyyəti üçün faydaları haqqında müxtəlif emosional müzakirə və debatlar təşkil olunur.
Müzakirələrdə yeni qanunun qəbul olunması demokratiyanın qəsbi, Gürcüstanın Avropa İttifaqı və ümumilikdə Qərbdən kənarlaşma təşəbbüsü kimi təqdim olunur.
Bu təbliğatı bir az daha dramatikləşdirmək üçün yeni qanunvericiliyi hətta Gürcüstan hakimiyyətinin Rusiyayönümlü təşəbbüsü kimi təqdim edənlər də var.
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin kiçik təhlili bu təşəbbüsün məqsədi və mahiyyəti haqqında Gürcüstan hakimiyyətinin mövqeyinə aydınlıq gətirir.
Gürcüstan parlamentinə təqdim olunan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsində nəzərdə tutulan şərtlərə əsasən, ölkə daxilində maliyyə vəsaitinin 20%-ni xarici dövlətdən alan QHT və KİV-ləri “xarici agentlər” reyestrinə daxil edilməsi təklif olunur.
“Xarici agentlər” siyahısına daxil edilmiş hüquqi və ya fiziki şəxsdən illik bəyannamələr tələb olunacaq.
Yeni qanun layihəsinə əsasən, “Xarici agentlərin” reyestrində qeydiyyatdan keçməkdən imtina 25 min lariyə – 8800 avroya qədər cərimə ilə nəticələnə bilər.
Qanunvericiliyin təklif olunan yeni qaydalarının reklam müqavilələrinə şamil olunması nəzərdə tutulmur.
Ən əsası isə, yeni qanun layihəsi reyestrə daxil edilmiş şəxslərə dövlət qulluqçularından hər hansı məlumat əldə etməsini qadağan edir.
Qanun layihəsində ölkədən kənarda maliyyə alan siyasi qruplar, QHT və KİV arasında da hər hansı bir selektiv yanaşma nəzərdə tutulmur və qütbündən asılı olmayaraq kənar maliyyə ilə fəaliyyət göstərən istənilən siyasi qruplar, QHT və KİV-ə tətbiqi nəzərdə tutulur.
Belə olan halda isə, qanunvericiliyin Rusiya təşəbbüsü kimi təqdim olunmasının, ölkənin iki bölgəsinin işğalında adı keçən qonşunun iştirakını hallandırmaq, onu gözdən salınmaq üçün bir vasitə kimi seçilməsini aydın olur.
Burada isə məntiqi sual yaranır ki, ölkədə demokratiya üçün fəaliyyət göstərən xarici fondlar, səfirliklərlə əməkdaşlıq edən siyasi qruplar, QHT və KİV-i şəffaflığa təşviq edən təşəbbüslər niyə bu qədər etiraz doğurur?
Qanun layihəsinin ictimai lobbiçiliyini aparan parlament üzvü qeyd edir ki, 2000-lərdən başlayaraq ölkədə strateji, həssas mövzularda Gürcüstan dövlətinin maraqlarının əleyhinə fəaliyyət göstərən geniş media və QHT şəbəkəsi formalaşıb.
Bu şəbəkə ölkədə, az qala, hamını korrupsioner və satqın elan edib. Başqalarını qeyri-şəffaflıqda günahlandıranlar, öz gəlirlərinin şəffaflığı barədə sənədlər təqdim edilməsi tələbinə etiraz etməlidirlər”.
Səslənən arqument güclü və inandırıcıdır.
Beynəlxalq müstəvidə Gürcüstan parlamentinin yeni qanun layihəsinin əleyhinə informasiya müharibəsi elan edənlərin siyahısında Avropa İttifaqı (Aİ) öndə gedir.
Aİ media məkanında Gürcüstanın xarici təsirin şəffaflığı haqqında təşəbbüsləri onun Avropadan uzaqlaşması kimi gürcü hökumətinin cəmiyyətə yönəlik avtoritar səyləri kimi təqdim olunur və s.
Gürcüstanın Avropa arzusu
Son 20 ildə Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd olmaq üçün böyük səylər sərf edib. Avropa İttifaqı bu perspektivi ölkəyə tanısa da, bu yolda ona “ölkənin həllini gözləyən prioritet məsələləri var” kimi mücərrəd cavablar verməkdə davam edir.
Avropa İttifaqı Gürcüstana ancaq və ancaq bu prioritet məsələləri həll etdikdən sonra namizəd statusu veriləcəyini bildirir.
İttifaqın arqumenti Gürcüstanda Avropa dəyərləri, ölkənin bu dəyərlərə sədaqəti kimi mücərrəd izahlardır.
Gürcüstanın gözü önündə isə Avropa İttifaqı qonşusunun beynəlxalq hüquqla tanınmış 20 % ərazisini 30 il işğal altında saxlamış Ermənistanla münasibətləri qeyd-şərtsiz formalaşma mərhələsini keçir. Bu mərhələdə nə Avropa dəyərləri, nə də Ermənistanın bu dəyərlərə sədaqətliliyi yada düşür, Aİ-nin geopolitik prioritetləri əsas gətirilir.
Coğrafi mövqeyi, quru və su nəqliyyat xətləri kimi kommunikasiya imkanları ya limitli, ya da heç olmayan Ermənistanın Aİ üçün Gürcüstandan daha çox geopolitik əhəmiyyəti haqqında danışmağın özü maraqlı olardı, ancaq təhlilin məqsədi bu deyil, bu mənada, yan keçirəm.
Gürcüstanda son 20 ildə formalaşmış Avropa dəyərləri: narkotika, pedofiliya və s.
BMT-nin narkotiklərə qarşı beynəlxalq konvensiyaları həyata keçirmək üçün təsis etdiyi müstəqil qurum Beynəlxalq Narkotiklərə Nəzarət Agentliyi (INCB) 2020-ci ilin martın 1-də illik hesabatını dərc etmişdi.
Eyni ilin dekabr ayında “Europol”un təşkil etdiyi dördüncü beynəlxalq narkotik konfransında bir sıra ölkələrin yüksək səviyyəli hüquq-mühafizə orqanlarına artan narkotika tranziti, dövriyyəsi ilə və s. əlaqədar vəziyyətlə operativ mübarizə və cavab tədbirləri strategiyası təqdim olunmuşdur. Yenilənmiş strategiyanın prioritetlərini özündə əks etdirən, fəaliyyəti Avropa İttifaqı və qonşu regionları əhatə edən xüsusi Narkotiklərlə Mübarizə Bölməsi yaradılmışdır.
Beynəlxalq Narkotiklərə Nəzarət Agentliyinin xüsusi icraçı mexanizmi kimi Narkotiklərlə Mübarizə Bölməsi Cənubi Qafqaz regionunda narkotiklərin dövriyyəsi haqqında hər il statistik məlumatlar toplayır.
Bu məlumatların əsasında Beynəlxalq Narkotiklərə Nəzarət Agentliyinin tərtib etdiyi hesabatlarında həyəcanla qeyd edilir ki, son 20 ildə Cənubi Qafqaz mühüm narkotik tranzit regionuna çevrilib və regionda narkotikdən istifadənin sayı əhəmiyyətli dərəcədə artıb.
Hesabata əsasən, Cənubi Qafqazda narkotik istifadəsi statistikasında Gürcüstan liderdir. Bu ölkədə yeniyetmələr arasında narkotikdən istifadənin göstəriciləri Avropadakından iki dəfə çoxdur. Ölkədəki rəsmi instansiyaların göstəricilərində isə uşaqlar və gənclər arasında narkotika aludəçiliyinin həm də İİV və QİÇS-in yayılması kimi fəsadlara da yol açması əlavə olunub.
Agentliyinin icraçı mexanizmi olan Narkotiklərlə Mübarizə Bölməsi Gürcüstan hökuməti ilə birgə apardığı cavab tədbirləri çərçivəsində əsas hədəf qrupları kimi uşaqlar və gənclər arasında narkotika aludəçiliyinin aradan qaldırılmasına yönəlmiş layihələr həyata keçirməkdədirlər.
Bütün dünyada izlənilən, hətta Afrika qitəsində belə inkişaf tempinin aşağı düşdüyü İİV və QİÇS infeksiyasının Gürcüstanda niyə inkişaf etməsi, yayılması faktı düşündürücüdür.
Son 20 ildə Gürcüstan tərəfindən həm də İİV və QİÇS -in qarşısının alınması üçün praktik işlərlə yanaşı, yeniyetmələrin diqqətini bu problemə cəlb edilməsi təbliğatı üçün milyonlarla qrant ayrılıb. Effekti isə tam əksinədir…
30 iyul 2018-ci ildə Konstitusiya Məhkəməsinin qərarı ilə Gürcüstanda marixuananın istifadəsi qanuniləşdirilmişdi.
Konstitusiya Məhkəməsi “QİRÇİ – Qoza” siyasi hərəkatının iddiası əsasında marixuananın istifadəsini qadağan edən, tibbi göstəriş olmadan istifadəyə görə isə inzibati cəza nəzərdə tutan maddəni ləğv etdi.
2018-ci ildə bu təşəbbüslərin müəllifləri bu gün Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı “amansız mübarizə” aparan “QİRÇİ – Qoza” siyasi hərəkatının liderləri və Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası idi.
Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası yeni qanunun bəzi müddəalarının anlaşılmaz, qeyri-müəyyən və konstitusiyaya zidd olması təbliğatı ilə sonrakı illərdə marixuananın əldə edilməsi, saxlanması və daşınması qaydalarının müəyyən edilməsinə nail olundu.
Qanunun ilkin versiyasında marixuana istifadəsinə görə yetkinlik yaşına çatmayanlar üçün inzibati cəza nəzərdə tutulur. Lakin Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası vəkilləri “yetkinlik yaşına çatmayanların böyüklər üçün qanunsuz olmayan hərəkətə görə cəzalandırılmasını azyaşlılara qarşı ayrıseçkilik” kimi təqdim edərək, qanunvericiliyin bu bəndləri barədə beynəlxalq instansiyalarda mübahisələndirmə prosedurunu başladılar.
O ildən başlayaraq, demək olar ki, hər ay ölkənin müxtəlif şəhərlərində marixuananın leqallaşdırılması və narkotik siyasətinin daha çox liberallaşdırılması üçün çoxsaylı aksiyalar təşkil olunur.
Amma bu aksiyalar həm də azyaşlıları narkotik istifadəsinə təşviq edən təbliğat rolunu oynayır.
Avropa İttifaqının LGBT təbliğatı tələbi
Öncə onu qeyd edim ki, LGBT təbliğatı artıq Avropanı ciddi demoqrafik problemlərə üz-üzə qoyub. Avropa Parlamentinin LGBT Hüquqları müdafiəçiləri Platformasının dərc etdiyi sənədlərdəki açıq məlumatlara görə, son 7 ildə Avropada LGBT icmasına mənsub olduqlarını bildirənlərin sayı 5 dəfə artıb.
Avropa bu dəyərlərini bütün dünyaya ixrac etmək və öz daxilində ciddi demoqrafik problemlərə gətirib çıxaran bu tendensiyanı bütün dünyada izləmək arzusundadır. Avropa İttifaqının Gürcüstandan sədaqət tələb etdiyi dəyərlərdən biri də LGBT haqları və təbliğatında sərbəstlik tələbidir.
Ümumiyyətlə, Gürcüstan Cənubi Qafqazda LGBT təbliğatını azyaşlıların belə arasında sərbəst aparan ölkədir.
Ölkədəki ictimai-siyasi fəalların zaman-zaman irad bildirdikləri bu təbliğat QHT-lərin ölkədəki qlobal “fastfood” şəbəkə restoranları ilə birgə reallaşdırdığı sosial proqramların ayrılmaz hissəsidir.
Qlobal “fastfood” şəbəkə restoranlarının sosial proqramları çərçivəsində həftə sonları Gürcüstan azyaşlılarına cinsin təbii deyil, fərdi seçim olması ideyasını aşılanır. Nəticə göz önündədir…
“McDonald’s”dan oğlan uşaqlarına verilən oyuncaqlar
Pedofiliya
Avropa İttifaqının Gürcüstandan sədaqət tələb etdiyi dəyərlərdən biri də cinsi ehtiyacların müxtəlifliyi adı altında gizli təbliğ olunan pedofiliyadır. Ölkədə, ümumiyyətlə, cinsi ehtiyacların müxtəlifliyi təbliğatı son 20 ilin ən çox maliyyə xərclənən layihələrindəndir.
Cinsi ehtiyacların müxtəlifliyi adı altında gizli təbliğ olunan pedofiliya Gürcüstanda epidemiya halında bütün ölkəyə yayılıb. Bu fikirlər mənim deyil, Gürcüstan parlamentinin üzvü Tamar Kordzaiandır.
Deputat Tamar Kordzaia Gürcüstan parlamentində çıxışı zamanı rəsmi hesabatlara əsaslanan Gürcüstanda azyaşlı uşaqlara qarşı cinsi istismar və zorakılıq halları ilə bağlı dəhşətli statistika səsləndirməklə həyəcan təbilini çalıb.
Rəsmi statistikaya görə, 2023 ilin ilk 3 ayında 46 uşaq, ilk 5 ayında 75 uşaq cinsi istismara məruz qalıb, bu müddət ərzində isə cinsi zorakılıq və şiddət görmüş uşaqların sayı 633 nəfərdir. Adətən, cinsi istismar və fiziki zorakılıq halları haqqında statistika real vəziyyəti tam əhatə etmədiyini nəzərə alsaq, vəziyyət, doğurdan da, dəhşətli mənzərə alır.
Parlament üzvü Kordzaia Gürcüstan dövlətini ölkədə artan azyaşlılara qarşı məişət zorakılığı və uşaqların cinsi istismarı hallarının qarşısının alınmasında təcili kompleks addımlar atmağa çağırıb.
Bu mövzuda 2023-cü ilin səs-küylü qalmaqallarından biri isə xarici donorların maliyyəsi ilə əlil uşaqlar üçün istifadəyə verilmiş uşaq kəndlərində azyaşlıların sistemli şəkildə cinsi və fiziki istismarı faktının ifşa olunması idi.
Məsələnin dəhşətli tərəfi əlil azyaşlılara qarşı cinsi zorakılıq hallarının video-görüntülərinin internetə sızmasından sonra belə hələ bir neçə ay davam etməsi faktının olmasıdır.
Bütün bunlar son 20 ildə Gürcüstan cəmiyyətinə sırınmış Qərb dəyərlərinin formalaşdırdığı yeni mədəniyyətin təsiri və bir hissəsidir.
Avropa İttifaqı Gürcüstandan bu tip “dəyərlərə” sədaqətli olmağı tələb edir.
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əsas məqsədi isə cəmiyyəti milli, mental və dini kimliyinə söykənən dəyərlərinə qarşı müharibə edənlərdən qorumaq cəhdləridir.
Yeganə Hacıyeva