Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi?
Sənə elə möhtacam ki, bu aralar…
Duysan….
Görsən….
Dönərsənmi?!
Elə yorub həyat məni…
Bilirsən ki, ağlamaqdan utananam.
Utanmaqdan keçib daha,
Hönkür-hönkür ağlayıram,
Göz yaşımı silərsənmi?
Hamı məndən üz çevirib,
Doğmalarım düşmən olub,
Qəlb sirdaşım,
Ürək dostum,
Bilsən, necə təklənmişəm?
Gəlib mənə ürək-dirək verərsənmi?
Baş götürüb getməyə də yerim yoxdur,
Satılmışam…
Dağılmışam….
Ruhum ölüb.
Mən, savaşdan sonra qalan xaraba bir yurd olmuşam.
Mənə həyat verərsənmi?
Gənc deyiləm,
Daha canda can qalmayıb.
Oxşadığın saçlarımı görməyəli çox ağarıb.
Bir zamanlar mənə dərman təkcə səndin…
İndi, hər yeməkdən əvvəl…
Sonra…dərman!
Eşitsən ki, bir xəstən var,
Gəlib ona dəyərsənmi?
Hər gün qonaqsan yuxuma.
Ruhum, gecə olan kimi sənə gəlir.
Nə olarki, sən, gerçəkdə mənə gəlsən,
Qucaqlasan….
Mən də sussam, qayğılardan uzaqlaşsam,
Səndə qalsam….
Yenə məni əvvəlkitək sevərsənmi?
Bizim üçün darıxmışam,
Şeir yazsam gələrsənmi..