”Kərkükdən Bakıya uzanan yollar”

”Kərkükdən Bakıya uzanan yollar”

Ruhu, qəlbi bizlə döyünən, dili, dini,mədəniyyəti, musiqisi bizə bir nəfəs qədər yaxın, uzaqlığı sadəcə coğrafi sərhədlərdən ibarət olanuzaq ellərin doğma insanları, “türk” amilinin formalaşmasında misilsiz rolu olan, türk etnosunun oğuz türklərinin qərbi qoluna aid türk xalqının 3 milyonluq icması olan İraq türkmanları, hal-hazırda Yaxın Şərqdə, paytaxtıBağdad olan İraqın şimalında, yəni Suriya sərhədindəki Diyalə əyalətində əl-Cəzirəvadisindən başlanıb, İranın cənub-şərq sərhədinədək uzanan zolaqda, Türkməneli bölgəsində məskunlaşıblar.

Haqqında yazarkən, Fuad Köprülünün “İraq türkmənləri, yəni oğuzcanın azərbaycan ləhcəsini qonuşan türklər” olaraq təqdim etdiyi bu türk icması, dil, din, mədəniyyət, adət-ənənə, folklor baxımından Türkmənistan türkmənləri ilə deyil, digər türk etnosları içərisindən məxsusi olaraq Azərbaycan türkləri ilə daha yaxındır. Keçən zaman ərzində bu birliyi öz qəlbində, ruhunda, düşüncəsində, milli kimliyi olan xoyrat vəmanilərində əks etdirən soydaşlarımızın dilindəəzbər olan

Əslim Qarabağlıdı,

Sinəm çarpaz dağlıdı,

Kəsilib gəlib-gedən,

Demə yollar bağlıdı.

misraları, onların Azərbaycana olan bağlılığını, məhəbbətini, həsrət və nisgilini özündə ehtiva edir.Uzun illər boyu, bu həsrətdən doğan zərurətləyaranan mədəni əlaqələr və qəlbdən-qəlbə uzanan yollarla bir-birinə bağlanan bu iki türk icması ortaq tarixin kəsişən xətlərlə ayrılan iki qoludur. Azərbaycanda İraqda yaşayan soydaşlarımızın tarixinə, mədəniyyətinə, folkloruna, musiqisinədaima böyük maraq və doğmalıq olub. Ölkəmizdəillər ərzində dillər əzbəri olan elə Kərkük mahnıları var ki, böyük əksəriyyət onları milli folklordan ayırd edə bilməyib. Bu əslində müəyyən mənada sevindirici haldır. Demək ki, keçən zaman və siyasi sərhədlər birliyimizi və doğmalığımızı əlimizdən ala bilməyib. Bir sıra səbəblərdən müəyyən zamana qədər bu folklorun öyrənilməsi vəəlaqələrin bərpası məsələsi yubansa da, XX əsrin II yarısından etibarən, müəyyən qədər sakitlik bərqərar olduqdan sonra ölkəmizdə də bu sahədəəsaslı addımlar atıldı. Bütün ömrünü bu xalqın ədəbiyyatı və folkloruna həsr edən görkəmli ədəbiyyatşünasımız Qəzənfər Paşayevin İraq türkmanları haqqında yazdığı qiymətli əsərlərləAzərbaycan elmində açdığı cığır, ədəbiyyat vəfolklor sahəsində bir çox ədib və folklorşünasların ixtisaslaşmasına və türkman folklorunun tədqiqatına zəmin yaratdı. Bu, uzun illər tarixin dərin qatlarında üstü toz basmış lakin dəyərindən bir zərrə də əksilməyən qiymətli bir xəzinənin üzəçıxması demək idi. Xalqın hər bir nümayəndəsi, ixtisasından, təhsilindən asılı olmadan folklorun toplanması və tədqiqi yönündə böyük səyləçalışmış, zərurətdən yaranan tarixi missiyanı layiqli şəkildə həyata keçirmişlər. Müsahibələrimdən birində Kərküklü şair, İraq yazıçılar Birliyinin üzvü Eyüp Hikmət Kərküklünün dediyi “Bizim sənətimiz, poeziyamız və xüsusilə də musiqimiz kömək oldu ki, biz İraqda əriyib bitməyək” ifadəsi folklora və xalq yaradıcılığının dərin qatlarına bağlanan ümidinbariz göstəricisidir. Folklor milli və bəşəri olmaqla yanaşı, həmçinin sonsuz bir ümmandır. Xalq milli dəyərləri, folkloru, poeziyası, musiqisi ilə var olur və yaddaşlarda qalır. Eyni ailəyə mənsub xalqları birləşdirən və digər xalqlardan ayıran cəhət dəməhz onun folklorudur. Folklorun zənginliyi xalqın yaradıcı təfəkkürünün inkişafından xəbər verir. Azərbaycanda İraq türkman ədəbiyyatı vəfolklor mühiti layiqli tədqiqatlarla elmə cəlb edilmiş, Yazıçı Anarın deyimi ilə “Kərkükün mənəvi elçisi” olan Qəzənfər Paşayevin iki doğma xalqın birliyi uğrunda gördüyü işlər bir xalqın folkloruna ömrünü adayan müqtədir elm adamının Azərbaycan və İraq türkman dünyasına bəxş etdiyi qiymətli töhfə kimi tarixə düşmüş, Azərbaycan musiqisində isə “İraq türkman musiqi folkloru” indiyədək heç vaxt elmi tədqiqata cəlb edilməmiş və bu folklorun tədqiqi uzun illər boyu, musiqi türkologiyasının qarşısında duran əhəmiyyətli məsələlərdən biri kimi musiqişünasları narahat etmişdir. İraq türkman musiqi folkloru ilk dəfə Azərbaycan Milli Konservatoriyasının professoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfədoktoru Lalə Hüseynovanın rəhbərliyi ilə, tərəfimizdən tədqiqata cəlb edilmişdir. 

İraq türkman musiqisi, xalqın tarixini, qət etdiyi keşməkeşli yolu, ağrı-acısını, sevincini özündə ehtiva etməklə yanaşı, həmin xalqın kimliyi barədə fikir sahibi olmağa kömək edən önəmli bir ünsürdür. Qardaş türkmanların musiqi folkloru özünəməxsus ənənələri ilə tarixin çətin sınaqlarından, keşməkeşli yollarından keçmişdir. Sözsüz ki, coğrafiya, mühit və siyasi vəziyyət kimi əhəmiyyətli ünsürlər xalqın musiqi folkloruna böyük təsir göstərir. Tarixin olduqca mürəkkəb vəçətin sınaqlarına şahidlik edən türkman folkloruvə xüsusilə musiqisi də bu və bu kimi məsələlərdən təsirsiz ötüşməmişdir. Bu coğrafiyada musiqi,tarix boyu bir sıra təsirlərə məruz qalmışdır. Osmanlı, ərəb musiqisi, həmçinin, şivəbaxımından Azərbaycan musiqisi İraq türkmən musiqi folkloruna təsirsiz ötüşməmişdir. Bütün bu təsirləri öz milli kökləri üzərində işləyərək yoğuran, özününkiləşdirən bu folklor isəözünəməxsusluğunu qoruyub saxlaya bilmişdir. Bu konservativlik, bəlkə də ərəbləşmə vəkürdləşməyə qarşı bir üsyan idi və xalqın, əlindəki yeganə xəzinəni – folkloru qorumaqdan başqa çarələri yox idi. Tarixən İraq türkman musiqisinin nəsildən-nəsilə keçmə prosesi şifahi yolla olduğundan illər ərzində dildən-dilə keçərək ötürülən mahnılar bir çox dəyişikliklərə məruz qalmış, bəziləri isə tarixin tozlu səhifələrinəqarışmışdır. Ustad şagird ənənəsi ilə öyrədilən bu xalq musiqi nümunələrinin variantlılıq təşkil etməsini bu ənənə ilə izah etmək mümkündür. Bu xüsusiyyət sadəcə İraq türkman musiqisi üçün səciyyəvi olmamaqla yanaşı, bütün sivilizasiyaların şifahi ənənəli musiqisinin xarakterik xüsusiyyəti olmuşdur.

Musiqi türkologiyasının qarşısında duran bu aktual məsələni müxtəlif aspektlərdən ələ alaraq beynəlxalq müstəvidə işıqlandırmağın tədqiqatın gələcəyində və məsələnin həllində köklü dəyişikliklərə yol açacağını düşünərək, tədqiqatımız müddətində “Musiqişünaslığın aktual problemləri” adlı X Respublika elmi konfransında “İraq türkman musiqi folkloru” adlı məruzə ilə, “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIII Beynəlxalq Elmi-praktiki konfransda “İraq türkman musiqisinin tədqiqi məsələləri” adlı məruzə ilə, “İslam dünyasının mədəni irsinin qorunması” adlı Beynəlxalq elmi-praktiki konfransda “Azərbaycan musiqisində İraq türkman musiqi folkloruna bir baxış” adlı məruzəilə çıxış etmiş, Dədə Qorqud jurnalına, bu irsin ən müqtədir tədqiqatçısı olan “Əta Tərzibaşının musiqişünaslıq fəaliyyətinin əhəmiyyətinə dair” adlı elmi məqalə təqdim etmiş, AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli qərarı iləFolklor İnstitutunda yaradılan İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası iləmütəmadi əlaqədə olaraq, tədqiqatın musiqi sahəsi üzrə nəzərdə tutulan layihələrində yaxından iştirak etmiş, İraq türkman sənətçiləri ilə mədəni əlaqələr yaradaraq iki ölkənin musiqi dünyası arasında olan bağın möhkəmləndirilməsinəxidmət etmiş və 13.03.2024-cü il tarixdə AMK-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi, elmi rəhbərim LaləHüseynova ilə birlikdə “Kərkük Kültür Dərnəyi”nin rəhbəri Dr. Şəmsəddin Kuzəçini tədqiqatı apardığım musiqi ocağında qarşılamış, gələcəkdənəzərdə tutulan bir sıra ortaq layihələr haqqında əsaslı söhbət aparmış, mədəni birliyimizin gələcəyi üçün bir sıra təkliflər irəli sürmüşük. 

İnanırıq ki, eyni soyu daşıdığımız uzaqdaki həmyerlilərimiz olan İraq türkmanlarının irsini, mədəniyyətini, xüsusilə də musiqisini qorumaq vədərindən araşdırmaq məqsədilə atılan əhəmiyyətli addımlar Azərbaycan musiqisində bir elmi yenilik olmaqla yanaşı, musiqişünasların bu mövzuya daha böyük həssaslıqla yanaşması üçün bir təkan və Türkmaneli – Azərbaycan mədəni əlaqələrinin güclənməsi yönündə böyük bir addım olacaq.

Musiqişünas Zeynəb Bağır

Share: