ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə təbrik məktubunda “yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı yeni imkanlar açılacaq” sözlərinin ardından dövlət katibi Mayk Pompeo da münaqişə ilə bağlı fikrini açıqladı.
Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, Pompeo Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda Qarabağ münaqişəsinə toxunub və qeyd edib ki, “danışıqlar mümkün qədər tez intensivləşməlidir”.
Tramp və Pompeo Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdiriləcəyini vurğuladılar.
Vaşinqtondan Bakıya ünvanlanan bu fikirlər İrəvanda ciddi narahatlığa səbəb oldu.
Erməni siyasi şərhçi Aram Amatuni Ağ Evin Qarabağ çağırışlarının Ermənistan üçün narahatverici olduğunu yazıb.
“ABŞ Azərbaycanla əməkdaşlığı gücləndirməyə can atır və bunun üçün Qarabağ münaqişəsinin həlli ilə bağlı vəd verir. Hərçənd, bu vədlər Ermənistanın xeyrinə olmaya bilər”, – deyə o yazıb.
Qeyd edək ki, rusiyalı ekspert Stanislav Tarasov da regionda yaranmış situasiya fonunda ABŞ-ın Azərbaycana yaxınlaşmasını məntiqli hesab edir.“Tramp İlham Əliyevə “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq” deyə yazdığı sirli məktub əslində Vaşinqtonun gələcək ssenarilərini açıqlayır. Görünür, Tramp münaqişənin həllində əsas vasitəçi kimi çıxış etmək niyyətindədir. Yaxın dövrdə yüksək vəzifəli amerikalı məmurların Bakıya səfərlər edəcəyi təəccüblü olmayacaq”, – deyə rusiyalı ekspert vurğulayıb.