Dünya tarazlığın necə tutardı,
Əgər olmasaydı ağır adamlar.
Z, Ziyadqızı.
Redaktoru olduğum “Ruhuma qonşu dünya” kitabının müəllifi Əli Əkbəroğlu dünyasını vərəqlərkən düşüncəmin diktəsində sıralanan -Nə yaxşı ki hələ də sıramızda Köhnə kişilər deyilən ağır adamlar var. Kitabın ön söz yazarı dəyərli şair Aydın Murovdağlıdır. Əli müəllim məndən də bir redaktor xatirəsi istəyərkən çətin olmadı, çünki artıq bəlli bir müddət müəllifin söz dünyasının müsafiri idim.
Əli Əkbəroğlu (Qurbanov) poeportretindən oxucu dünyasının baxış sərgisinə cizgilər seçərkən, onun söz mülkünə qədəm basmağımla məni 4 misralıq bir bənd qarşıladı. Şair bir bənddə hər iki tərəfi qarşı – qarşıya qoyub ehkam kəsir:
Göz yaşları yuya bilməz günahı,
Günahlara səbəb olan gözdüsə.
Ovundurmaz şirin sözlər bu ahı,
Ox əvəzi qəlbə dəyən sözdüsə.
Şair dörd misralıq bir şeirdə, cinayətlə bəraətin baş tutmaz birliyindən bəhs edərək həyatın silinməz təzadlarının çərçivəsindən bir lövhə asır. “Hər qanunsuzluqda bir qanunauyğunluq var” deyir sanki.
Əli Əkbəroğlunun şeirlərində klassik ədəbiyyatın kökləri ilə həmahəng, şairin həyata ustad baxışlarının ardında, kəskin sözlü, aqıl düşüncəli bir el ağsaqqalının nəsihətləri kitabın əsas motivi kimi əkslənir. Şeirlərində ülvi bir təmizlik bəyaz qar kimi bərq vurur. İnsani keyfiyyətlərin yoğurub yapdığı, zamanın yüngül küləklərinin bir çınqı belə qopara bilmədiyi sərt qaya prototipli şair, elə sözlərinin əzəmətinə bürünüb gözümdə qaya kimi ucalır.
Özündən sonrakı nəsillərə təmizliyin, düzlüyün simvolu kimi öz ruhunun pərvanəsi olan hikmət dolu misralarını ərməğan edir, miras qoyur. Bir şeirində hər kəsin dünyası elə yaşı qədərdir söyləyirsə mənaca bir az da dərinə gedir.
Səndən qabaq kim gəlib, kim gedibdi sənə nə?
Nələrə qadir olub, nə edibdi sənə nə?
Neçə dəfə dolubdu, boşalıbdı sənə nə?
Sənin dünyan səninçün bir savaşın qədərdi,
Dünyan yaşın qədərdi.
Əkbəroğlu, sözün de, arif olan anlayar,
Zaman keçər, vaxt özü hər əzəli sonlayar,
“Dünya mənim” deyənlər son nəfəsdə anlayar,
Sənə qalan “bir sinə”, “o baş daşın” qədərdi,
Dünyan yaşın qədərdi.
Əslində onu demək istəyir ki, həyatı, dünyanı nə qədər idrak edəcəksənsə, bu yolda savaşın nə qədərdirsə təfəkkürün, dünyan elə o qədərdir.
Əslən Kəlbəcərdə doğulub böyüyən, yurd həsrətiylə misra – misra hönkürən şair Kəlbəcər həsrətli şeirləri ilə doğma yurdunun qoxusunu duyur, sönmüş ocağının tüstüsünün qəhərini udur, sinəsinə sığındığı dağların əzəmətini şair vüqarında köksləyir Əli Əkbəroğlu:
Arzuların çin olduğu zamandı,
Gözün aydın, gözün aydın Kəlbəcər! Qollarını dur geniş aç amandı,
Zəfərində yuyunaydın, Kəlbəcər!
Şairin yaradıcılığından nümunələri hörmətli şair Aydın Murovdağlı ön söz bölümündə kiçik fraqmentlərlə oxucuya sərgilədiyinə görə, mən o qədər də şeirə yer ayırmağı lazım bilmədim. Şairin, sözün üstündəki hakimliyindən, onu öz ruhuna uyğun yoğurub yaratdığı abidəni hikmətlə dəyərləndirib necə gövhərə çevirdiyindən, və öz oxucusunun mənəvi dünyasına nəqş ediyindən söhbət açdım. İnanıram ki, mənəvi – əxlaqi dəyərlərə üstünlük verən hər bir gənc oxucu üçün bu kitab əvəzsiz meyar, qiymətli sərvətdir.
Zemfira ZIYADQIZI.