Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatlar növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Onların müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəflər tərəfindən dəstəklənib.
Musavat.com xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, bildirib ki, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi zərurətdən irəli gəlib və parlmentin buraxılma forması da Konstitusiyada nəzərdə tutulan prinsiplərə uyğun şəkildə həyata keçirilir: “Onsuz da seçkilər Konstitusiyaya uyğun olaraq 3 noyabrda keçirilməlidir. Həmən ərəfədə də bizim istəyimizidən asılı olmayaraq, ümumi beynəlxalq razılaşma əsasında COP29 tədbiri baş tutacaq. COP29 olduqca ciddi beynəlxalq tədbir olduğuna görə, həmin vaxt parlament seçkilərinin keçirilməsi mümkün deyil. Prinsipcə seçki gözlənilən vaxtdan iki ay önə çəkilir və bu problem deyil”.
S.Əsədli seçkilərdə iştirakla bağlı məsələsinin partiyada müzakirə olunacağını və müvafiq qərar qəbul olunacağını deyib:“Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan siyasi sistemində ən böyük seçki təcrübəsi olan iki partiyadan biridir. Biz indiyə kimi bütün parlament seçkilərində iştirak etmişik. Eyni zamanda partiyanın seçki baxımdan təşkilati və kadr resursları genişdir. 70-ə yaxın rayon təşkilatlarımız mövcuddur. Həm məntəqə seçki dairələrində, həm də MSK-da təmsil olunan partiyayıq. Bu baxımdan növbədənkənar parlament seçkilərində iştirakımız gözlənilir”.
VHP funksioneri seçkiyə hazırlığın yüksək səviyyədə olduğunu və uğurlu nəticəyə ümid edildiyini bildirib: “Növbədənkənar seçkilər əvvəlcədən gözlənilirdi və bu səbəbdən seçkiyə ilkin hazırlığımız demək olar ki, tamamlanıb. Məntəqələr üzrə müşahidəçilərimiz və namizədlərin ilkin siyahısı hazırdır. 40-dan çox dairədə namizədimizin qeydə alınmasını planlaşdırmışıq və imkanlarımızı səfərbər edəcəyik ki, budəfəki parlamentdə üç deyil, daha çox nümayəndə ilə təmsil olunaq.”
Özünün də seçkiyə qatılaraq mandat qazanacağına əminliyini bildirən Samir bəy partiya sədrinin seçkiyə qatılması ilə bağlı rəsmi açıqlamanın olacağını dedi:“Namizədlərin tam siyahısı Siyasi Şurada təsdiq olunacaq. Əlbəttə ki, partiyamızın lideri həm də namizədlər siyahısının lideridir. Biz Sabir bəyin seçkiyə qatılmasının tərəfdarıyıq. Qərarı özü və Siyasi Şura verəcək. Amma müstəqillik tariximizdə bütöv ərazidə keçirilən ilk parlament seçkilərində millət vəkili adını qazanmağa ən çox haqqı olan elə Sabir Rüstəmxanlıdır. Buna görə sədrimizin növbəti parlamentdə təmsil olunması tək partiyamız yox həm də müstəqillik tariximiz üçün mənəvi məsələdir”(Musavat.com)