Xəbər verdiyimiz kimi, bu gün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Almaniyanın paytaxtı Berlin şəhərində “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu” keçirilir.
İqtisadiyyat.az xəbər verir ki, forumda Bostonun Massaçusets Universitetində həm təhsil alan, həm də tyutorluq edən azərbaycanlı Kamran Ağayev də iştirak edir.
Almaniya Azərbaycanlıları Alyansının sədri Nuran Abdullayev Bostonun Massaçusets Universitetində uğurla təhsil alan azərbaycanlı Kamran Ağayevi tədbir iştirakçılarına təqdim edib.
O bildirib ki, Kamran Ağayev Bostonun Massaçusets Universitetində təhsil alması ilə yanaşı həm də burada tyutorluq edən ən gənc azərbaycanlıdır.
Qeyd edilib ki, onun müasir elektro-mühəndislik sahəsində hazırladığı böyük layihələri yaxın gələcəkdə nəinki Amerikada, hətta bütün dünyada Azərbaycanın adını bu sferada da zirvələrə ucaldacaq.
Qeyd edək ki, Kamran Ağayev tam orta təhsilini Almaniyanın Köln şəhərində alıb. O, orta məktəbi bitirdikdən sonra Massaçusets Universitetində ali təhsilini davam etdirir. Gənc mühəndisimiz Amerikada təhsil alsa da hazırda Almaniyada da çalışır.
Xatırladaq ki, “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu” Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin iştirakı ilə keçirilir.