Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin ildönümüdür.Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən 55 il ötür. Belə ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Bununla da Ulu Öndərin Azərbaycana rəhbərliyi dövrü başlayıb. Heydər Əliyev 1982-ci ilin dekabrınadək Azərbaycan SSR-yə rəhbərlik edib.
1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun, intibahının başlanğıcı tarixidir. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev hakimiyyətinin birinci dövründə öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb.
Bu fikirləri saytımıza açıqlamasında VI çağırış Milli Məclisin üzvü Tamam Cəfərova saytımıza açıqlamasında belə deyib.
O qeyd edib ki, dahi rəhbər həmişə canı qədər sevdiyi ölkəsini müstəqil görmək istəyib. O, bilirdi ki, müstəqilliyi əldə etmək üçün möhkəm təməl, iqtisadi inkişaf lazımdır. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi. 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi. Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan ulu öndər Heydər Əliyev demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”. Təsadüfi deyil ki, 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur.
Həmin illərdə ölkə birmənalı şəkildə bütün istiqamətləri üzrə müstəqilliyə hazırlanırdı. 1969-1982-ci illərdə müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadr hazırlığının da ön planda olduğunu vurğulayan millət vəkili bildirdi ki, Ümümmili Lider Heydər Əliyev milli kadrların hazırlanmasında mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Ulu Öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.
Tamam Cəfərova bildirdi ki, Heydər Əliyevin rəhbərliyi dövründəki illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika elmlər akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdır. Ulu Öndər yaxşı bilirdi ki, yüksək ixtisaslı mütəxəssislər yetişdirilməsi istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. Buna görə dahi öndər cəmiyyətin inkişaf zəminini düzgün olaraq təhsildə və maarifçilikdə görürdü, bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi.
Məhz həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açılmışdır. Respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verilmiş, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artmışdır.
Xüsusilə, 1970-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şəraitin yaradılması təkcə elmi deyil, həm də böyük siyasi əhəmiyyəti olan hadisə idi. Deputat onu da qeyd etdi ki, Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların sayı 1970-ci ilədək 40 faiz təşkil edirdisə, ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1976-cı ildə müvafiq göstərici 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97, 6 faizə yüksəlmiş oldu. Bu addımlar öz xarakteri etibarilə strateji məzmun kəsb edirdi. Daha dəqiq desək, bir tərəfdən Azərbaycanın yüksək ixtisaslı kadrlara olan ehtiyacı təmin edilir, digər tərəfdən potensial Azərbaycan diasporunun formalaşması prosesinin konturları cızılırdı. Təsadüfi deyildir ki, bu gün MDB məkanında Azərbaycan diasporunun sosial tərkibinin böyük bir hissəsini məhz həmin illərdə ulu öndərin xeyir-duası ilə təhsil almış insanlar təşkil edir və onlar müstəqil dövlətimizin maraqlarını təmsil olunduqları ölkələrdə şərəflə qoruyurlar.
Ulu Öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə onun danılmaz xidmətlərindən biri də Ordumuzun gücləndirilməsi, milli hərbi kadrların hazırlanması məqsədilə, imperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub. Ümummilli Liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb.
Əsası Ümummilli Liderimiz tərəfindən qoyulan elm və təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır.