Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində Gəncə Regional Qadın Mərkəzinin təşəbbüsü ilə başladılan “İnklüziv Təhsil Səfirləri” layihəsi uğurla davam edir.
Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsində təhsil alan 30 gənc peşəkar mütəxəssislər tərəfindən “Əlilliyə yanaşma”, “İnklüziv təhsil”, “Fərdi İnkişaf” və digər əhəmiyyətli mövzularda dərin və geniş təlim kursunu bitirdikdən sonra, “İnklüziv Təhsil Səfirləri” adını qazanaraq Gəncə şəhərində yerləşən 10 məktəbin pedaqoji heyəti, şagirdləri və valideynlərini inklüziv təhsil mövzusunda maarifləndirmə işlərini başa vurdular. Bu işlər çərçivəsində müxtəlif təlimlər, seminarlar və görüşlər təşkil edilmişdir. Maarifləndirmə fəaliyyətləri ilə aşağıdakı nəticələrin əldə olundu:
– Pedaqoji heyət arasında inklüziv təhsilin əhəmiyyəti barədə məlumatlılıq artırıldı;
– Şagirdlərin inklüziv təhsil prinsiplərinə uyğun olaraq bir-birinə qarşı hörmət və anlayışla yanaşmaları təbliğ edildi;
– Valideynlər inklüziv təhsil barədə məlumatlandırıldı və bu prosesdə aktiv iştiraka təşviq edildi;
“İnklüziv Təhsil Səfirləri” layihəsi Gəncə Regional Qadın Mərkəzinin inklüziv təhsilin inkişafına verdiyi ən uğurlu addımlardandır. Layihə, həm də cəmiyyətin müxtəlif təbəqələri arasında inklüziv təhsil mövzusunda məlumatlılığın artırılması və bu sahədə geniş anlayışın formalaşdırılmasına əhəmiyyətli töhfə verir.