Nənəsi odda yandırılan fantast yazar yeni doğulmuş körpələrdən niyə qorxurdu?
Yazıçı var təxəyyülünü kağızlara köçürür, yazıçı da var arzularını sətirlərdə təsvir edir. XX əsr dünya ədəbiyyatının ən böyük adlarından olan Rey Bredberi ikincilərdən olub.
Onun fantastikasına ilk baxışdan nəzər salanda güclü təxəyyül dörd yandan oxucunun üzünə gülür. Amma XX əsri, eləcə də XXI əsri yaşamış müasir oxucular Bredberi yaradıcılığının məhz gələcəklə bağlı arzulardan ibarət olduğunu aydın görə bilir. Rey Bredberinin arzuları tək özü üçün deyildi. O, bəşəriyyət üçün və bəşəriyyətin əvəzinə arzuladı, gələcəkdə görmək istədiklərini yazdı və yazılanlar sətirlərdə qalmadı, gerçək oldu. Üstəlik həmin arzularının necə gerçəklədişdiyini görmək də özünə nəsib oldu. Bredberi XXI əsrdə dünyasını dəyişib və vaxtilə sətirlərdə icad etdiyi texnikanın necə istifadə olunduğunu görüb. Məsələn, 1940-cı illərdə ilk dəfə pult haqqında yazdı, əsərlərindən birində gələcək nəslin hər şeyi məsafədən – bir pult düyməsinə basmaqla idarə etməsindən bəhs etdi. Bunun həyata keçdiyini çox-çox illər sonra özü də görə bildi. Həmin əsəri çapdan çıxanda tənqidçilər deyirdilər ki, fantast yazarın təxəyyülü hədd tanımır. Ola bilər! Nəinki hədd, heç zaman da tanımadı. Marslılardan, daha doğrusu Yer planeti insanının Marsa köçərək orada məskunlaşmasından yazdı, bunun da reallaşdığını gördük. Bəlkə də bu üzdən fantast yazarlara öngörücülər və ya zaman yolçuları deyirlər… Bir dəfə Rey Bredberiyə sual verirlər ki, “Doğulduğunuz zamanla bağlı peşmançılığınız olurmu? Məsələn, heç deyirsinizmi niyə XXII əsrdə deyil, XX əsrdə doğulmuşam?” Bredberi belə cavab verir: “Yox, mən doğru zamanda doğulmuşam. Mənim doğulduğum 1920-ci ildə hələ televizor icad olunmamışdı. Mobil telefon insanların ağlından belə keçmirdi. İnsanın kosmosa uçması xam xəyal idi. Allah mənim kimi insanları yaradıb ki, digərləri üçün bunu arzulayıb, təsəvvür edə bilim. Fantastika uydurma deyil, gələcək icadların təxmin edilməsidir”.
Görək, Bredberi gələcək nəsil üçün daha nələri təxmin etmişdi?
* 1953-cü ildə çapdan çıxmış “Farengeytlə 451 dərəcə” romanında qəhrəmanlar rahat daşına bilən, kiçik qulaqcıqlardan istifadə edirlər. Bredberinin bu icadı yalnız 1979-cu ildə reallaşdırılıb.
* Elə həmin romanda yazıçı hamar səthli televizorlardan bəhs edir. Təsəvvür edin, televizorun böyük qutu içərisində, ağ-qara vaxtında Bredberi divar boyda nəhəng, smart, rəngli və çoxfunksiyalı televizordan danışırdı. 2012-ci ildə dünyasını dəyişənə qədər bu təxminin də doğruluğuna şahid oldu.
* Ən maraqlısı, XX əsrin ortalarında Bredberi sosial şəbəkələrdən, indiki Facebookdan bəhs edirdi. Qeyd edirdi ki, gələcəkdə insanlar müxtəlif monitorların qarşısında dayanmaqla, dünyanın o biri başında oturan insanla məktublaşacaq, söhbət edəcək, onun şəkillərinə, fikirlərinə baxıb münasibət bildirəcək.
* Bankomatlar. Yenə yuxarıda bəhs olunan romanında insanların banka getmədən, aparatla öz kodlarını yığmaqla pul çıxara biləcəyini təsvir etmişdi.
* Kitabların ölümü – obrazlı desək də, bunu başqa cür adlandırmaq olmur. Bredberi də çox illər öncə kağız kitabları elektron kitabların əvəzləyəcəyini doğru təxmin etmişdi.
Ümumiyyətlə XX əsrə qədər fantastika yarımədəbiyyat hesab edilirdi. Yəni bu janr qəbul olunsa da, onu böyük ədəbiyyat adlandırmırdılar. “Fantastika” terminini isə ədəbiyyata fransız yazar Şarl Nodye gətirib. Elə bu janr öz təşəkkülünü də XX əsrdə tapıb. Çünki məhz bu əsr elmi tərəqqinin, texniki icadların yüksək sürət götürməsi ilə bağlıdır. Dünya XX əsrdə silkinib texnikanın dəstəyini fırlatmağa başladığı üçün, bəlkə də fantastika öz üzərindən qaramatı götürə bilmişdi. Axı Jül Vern əvvəlki əsrlərdə fantastikadan yazanda onun təxmin və təxəyyülləri insanlara ağlasığmaz gəlirdi, fantastikanın ölçüsü həmişə ağılla müqayisədə böyük olub, amma təbii ki, texnikanın, elmin inkişafını görən oxucu müasir fantastın nə demək istədiyini lağ hədəfinə çevirməz. Bundan məharətlə faydalanan Rey Bredberi də öz müasiri Ayzek Azimovla birlikdə elmi fantastikanı böyük ədəbiyyata gətirdi.
Bununla belə, Rey Bredberi öz yaradıcılığı haqqında danışanda deyirdi ki, özünü fantast yazar hesab etmir. Bəlkə də elmi fantastikanın nəhəng qanadlarından birini öz çiyinlərində saxlayan bu yazıçı meylinin istiqaməti təsiri ilə belə deyirdi. Çünki Bredberi özü həmişə mistikaya, paranormal hadisələrə meyilli olub. Maraqlı bir fakt deyim ki, əslən ingilis olan Bredberinin ulu nənəsini inkvizisiya dövründə ifritə damğası ilə diri-diri yandırıblar. Nənəsi ifritə olubmu ya yox, amma dövrünün ən yaxşı loğmanlarından olduğu bəllidir. Bundan başqa, paranormal qorxular keçirən insanları da tez-tez həmin qadının yanına müalicəyə aparırmışlar. Bredberi ulu nənəsinin insanlara göstərdiyi yardımın təşəkkürü olaraq odda yandırılmasını həzm edə bilmədiyindəndir, nədir, həm bunu tez-tez dilə gətirər, həm də yaradıcılığını bilərəkdən mistikaya çəkərdi. Sevdiyi Mars planetindən Amerikanın ən ucqar dağlarına, atılmış, yiyəsiz şəhərlərə enər, künc-bucaqdakı magiya, mistika, dəhşət və s. ağlın kəsə bilmədiyi ən qəribə səhnələri canlandırardı. Həm də bunu elə məharətlə təsvir edirdi ki, adam qətiyyən oxuduqlarına şübhə etmir. “Marsda həyat? Burdan Marsa köçənlərin tədricən bədən formasının, çəkisinin, rənginin, hətta nitqinin dəyişməsi? Əlbəttə!” – deyə oxucu istər-istəməz düşünür. “Başqa necə ola bilər axı? Yer insanı Mars iqliminə, şəraitinə uyğunlaşması üçün eynən Bredberinin təsvir etdiyi dəyişikliyə məruz qalmalıdır”. Eləcə də mistikasında. Yazıçı “İzdiham” hekayəsində insan kütləsinin ölülər tərəfindən idarə olunduğunu düşünür. Qəzalarda ölənlər öldüyü gün geyindiyi paltarda, saç düzümündə sonralar nə qədər qəza varsa orda ruhən peyda olur və yaralıları tərpədərək öldürüb öz sıralarını artırır. Və ya “Heç kimin gəlmədiyi şəhər” hekayəsindəki kimi inanır ki, hamı istisnasız olaraq kimisə öldürmək üçün fürsət qovalayır. Kimisi buna görə əsgər gedir, kimisi bu istəyini yenmək üçün idmanla məşğul olur, kimisi də heç kimin ağlına gəlməyən ucqar şəhərlərə gedib adam öldürür ki, izi asanlıqla itirə bilsin. Hələ bu nədir? Rey Bredberi oxucunu asanlıqla inandırır ki, yeni doğulan uşaqlar öz valideynlərinə, xüsusilə analarına nifrət edirlər. Belə ki, ana bətninə 9 ay uyğunlaşmış, rahat, isti, qidayla bol yuvasından çıxıb soyuq, laqeyd, zəhmət dolu, təhlükəli həyata adlayır. Ona görə də onu doğuran anaya nifrət edir və bu hiss daim şüuraltı olaraq insanı idarə edir. Bəlkə də ədəbiyyat tarixində yeni doğulmuş məsum, mələk kimi körpədən insanı diksindirə bilən ikinci yazıçı tapılmaz. Üstəlik Bredberi diksindirməklə bərabər əmin edir, yazdıqlarının arxasında durur. (Bax, “Balaca qatil”, tərc. Şəfiqə Şəfa)
Qeyd etdiyim kimi Bredberi özünü təkcə fantastika ilə çərçivələmirdi. O, hətta fantastikasını belə sosial problemlərlə “bəzəyə” bilən yazıçıdır. Obrazlı deyimə yerli koloriti də əlavə etsək, ədəbiyyatı əlində təsbeh kimi çevirməyi bacarır. Təsəvvür edin, dedektiv, mistika, fantastika və birdən… sevgi hekayəti! Həm də sosial qınaq obyekti olan sevgi. Özündən 10 yaş böyük müəlliminə aşiq olan şagird… Ona qəlbən qarşılıq verən, amma qınaqdan qorxduğundan geri çəkilən gənc müəllimə. Yəni hardan-hara… Əlbəttə, sevgi istənilən qələmin mürəkkəbinə çevrilə bilər. Lakin məhəbbəti bu qədər daşlı-kəsəkli yollara salmaq yalnız Reyin ağlına gələ bilərdi. Onun sevgi hekayəti marslı və yerli gənclər arasında, ölü və diri, hətta xəyallar arasında da mümkündür. Haqlı ola bilər: sevgi sel kimi sərhəd tanımırsa, o zaman nə mənəvi, nə də cismani dünya əngəl ola bilməz.
Rus tənqidçi Mixail Kiselov vurğulayır ki, Bredberini İncil təbliğatçısı hesab etmək olar. O, xristianlığın müqəddəs kitabının irəli sürdüyü fikirləri, motivləri, süjetləri, ümumiyyətlə İncilin mahiyyətini davam etdirir. Bredberi də bu fikrə qoşulur ki, ölüm – yenidən dirilişdir. Cismani ölüm başqa dünyada mənəvi dirilişdir. Cisim kimi, ruh da ilahi sınaqdan keçir və özünü təsdiqlədə bilirsə, başqa bədəndə yer tapır. Keçmiş isə özündə gələcəyi saxlayır, hətta gizlədir. Gələcəyin bütün ipuclarını keçmişdə görmək mümkündür. Elə sonuncunu əsas götürərək, Bredberinin incilsayağı düşüncələrinin müasir anlayışlarla, təxəyyülünün reallıqla necə qaynaşdığını görmək olar.
Digər tərəfdən Rey Bredberi xristianlığın təbliğatçısı olmaqla yanaşı, həm də nümunəvi vətəndaşdır. Belə ki, onun bütün əsərlərinin qəhrəmanları ənənəvi amerikalıdır. Yəni elə Hollivud filmlərində bizə sırınan qəhrəmanlar kimi: fəal, işgüzar, ağıllı, qərarlı, ən çətin vəziyyətlərdə özünü itirməyən, hətta ölümü ilə də insanlığa yardım edən. Sağ qalanda isə dünyanı təkbaşına xilas etdikdən sonra yorğun və məmnun halda bir siqaret tüstülədən… Tanış mənzərədir, deyilmi? Ceyms Bondun bütün seriyalarından tutmuş, supermenlərə, X-menlərə, Rembolara qədər hər bir amerikalı qəhrəman bir pillə dünyanın başqa kişilərindən öndə olmalıdır. Bu, dünyanın hazırki durumunu, aqibətini müəyyənləşdirən “Amerika arzusu”nun başqa bir formasıdır. Bilmirəm, ABŞ-da doğulan bütün insanlara tövsiyəmi, vəsiyyətmi olunur?! Amma özünü amerikalı hesab edən hər bir şəxs peşəsindən asılı olmayaraq ilk iş kimi ölkəsini və başqa millətlərə şizofrenik görünən kişisini təbliğ eməlidir. Rey Bredberi də bu təbliğat maşınından yan keçməyib, hətta bir baş hündürə tullanıb. Ən əsası qarşıya qoyulan hədəfə çatıb: qəhrəmanlar qəhrəmanını dünyəvi oxucuya sevdirə bilib. Köhnə dünyada yandırılan nənəsinin mistik irsini Yeni dünyada davam etdirməklə amerikan qəhrəmanını bir daha bəşəriyyətin baş köşəsinə oturdub.
Şəfiqə ŞƏFA