Sənə nə, necəyəm? – Aynur Haqverdi

Sənə nə, necəyəm? – Aynur Haqverdi

***

Üşütdü sevincimi, dondurdu məni,
Güvəndiyim dağlara yağdırdığın qar.
Ey könlümə qəm verib, özgələşənim,
Boy atmadı arzular, yeri oldu dar.

Məni məndən alıb de hara apardın?
Gedişinlə saçımdan qara qopardın.
Bəxtimin üzünə də ağ oldu saçım.
Gedişinlə ağ gündə doğuldu saçım.

Everestdən də uca sanırdım səni
Səndən uca Allaha şikayətim var.
Ağ yuyub, qara sərdim şerimə səni
Axan hər damlada göz yaşlarım var.

12 iyul. 2024

Necə də gecəyə bənzəyirəm mən,
Gecədə ulduz ağ, saçlarımda dən.
Halımı soruşan, dərdimdən öpən
Ulduzlar dözməyib tökülür göydən.

Necə də gecəyə bənzətdin məni
Oldum gündüzlərin qatı düşməni.
Qorxumdan gündüzlər unutdum səni.
Ulduzlardan səpdin saçıma dəni
Gecəyə bənzətdin necə sən məni.

Gecəyə bənzəyir nəmli gözlərim,
Açılmır səhərim, bitmir qəhərim.
Ulduzların əksin gözümdən dərim.
Getdiyin yollara hər gün mən sərim.

Gecəyə bənzəyir bəxtimin özü
Görmədi bircə an eşqim gün üzü
Ömrüm baharında, ömrüm yazında
Kəsildi sevgimin bal daman sözü.
Kor olsun həsrətin o xain gözü
Gecəyə bənzətdi bəxtimi özü…

***

Sənə nə necəyəm, nə təhərəm mən?
Yerlə yeksan olmuş bir şəhərəm mən.
Mən bir şəhərəm ki, küçələrinə
Su səpir gözümün gileyli yaşı.
Mən bir şəhərəm ki, uca yerinə
Deyirlər: “bağrımın yanıqlı başı”.
Mən bir şəhərəm ki, gecələrinə
Ay doğmur, dərd doğur onun yerinə.
Dərd doğur, qəm doğur üstümə mənim.
Kədər dostum olub, sevinc düşmənim
Gecəm səhərimə kəsilib qənim.
Gecədən qaradır məndəki səhər.
Bir gün çıxıb gəlsən, uzaqdan əgər,
Dalanım qüssədir, döngəmsə qəhər.
Çörəyim doyurmur, suyumsa zəhər.
Mən bir şəhərəm ki, baharı, yayı.
Küləkdən, sazaqdan bol edir payı.
Ümidi, sevinci boğulur tamam,
Yağışlar yağanda, daşanda çayı.
Mən bir şəhərəm ki!
Yerlə yeksan olmuş bir şəhərəm mən.
Şeirdən boylanan bir kədərəm mən.
Taleyim əlləri aça bilməyən
Bərk-bərk düyümlənmiş bir qəhərəm mən
Sənə nə necəyəm, nə təhərəm mən?
21.04.2024

Aynur Haqverdi

Share: