İpək köynək – Mahirə NAĞIQIZInın yeni hekayəsi

İpək köynək – Mahirə NAĞIQIZInın yeni hekayəsi

Otel otağının dənizə baxan balkonuna çıxanda sifətimə dəyən mehin sərinliyini əvvəl yanaqlarımda, sonra ciyərlərimdə hiss etdim. Yaşadığım yorğunluqqarışıq bu hissin yaratdığı qəribə əhvalın təsirindən başımın gicəllənə biləcəyindən ehtiyat edərək yanımdakı stula əyləşdim. Bilmirəm, nagahan gələn oxşar vəziyyətlərdə siz nə cür davranırsınız, amma mən epizodik üzləşdiyim belə məqamlarda 1-2 dəqiqəlik olsa da əyləşməyi, qollarımı yuxarı qaldıraraq başımın arxasında barmaqlarımla daraqlanan əllərimin arasında saxlamaqla rahatlıq tapıram.

Bu vəziyyətdə Egeyin üzərində, sonsuzluğu dənizin üstünü bürümüş qaranlığın içində itən səmada ulduzun gətirdiyi toxtaqlığın verdiyi təpərdə təyyarənin enişini xatırlayıram. Boşluğa düşən təyyarənin yaşatdığı saniyələr çəkən narahatlığı sinirməyə macal tapmamış gözüm illuminatora sataşır və mənə elə gəlir ki, ancaq İzmirə xas olan cazibənin içindəyəm. Sinədolusu havanı tamarzılar kimi ciyərlərimə çəkirəm. Buna baxmayaraq, təyyarədən enər-enməz yolun ilğım kimi bürüdüyü yorğunluqdan qurtarmaq üçün Adnan Menderes Hava Limanından birbaşa Qaraburuna, qalacağım otelə yollanmaq istədim. Bu fikirlə də əyləşdiyim maşında, yarıyolda qərarımı dəyişdim, sürücüyə sahil boyunca- palma, xurma palmalarının yanından keçən prospekt boyu körfəzə qədər gedəcəyimizi dedim. İzmirə budəfəki ikigünlük konfransla bağlı səfərimdə vaxtımın az olmasını nəzərdə tutaraq bir saatlığa da olsa “MaviBahce”yə baş çəkmək və bir aydan artıqdır Sultan üçün söz verdiyim ipək köynəyi almaq istəyirdim. Hesab edirdim ki, bu dəfə Sultanı görəndə “yenə vaxt darlığı imkan vermədi”- deyib, özümü danlamayacaq əvəzində hər dəfə yoldan gələndə özünü üstümə atan balamı ürəklə qucaqlayacaq və az qala, ovcuma yerləşən zeytunrəngli köynəyi təntənə ilə ona təqdim edəcək, ürəyimdəsə nə vaxtsa yazdığım bayatını özüm eşidəcəyim səslə oxuyacam:
Köynəyin kətandımı,
Canına yatandımı…
Mən sənə qurban olsam,
Bu dünya batandımı…
Təsvvürümdə gətirdim ki, ovcumda saxladığım köynəyi evimizin dəhlizindəcə Sultanın əyninə geyindirirəm.
“Sən saydığını say, gör fələk nə sayır”. Bu sözləri isə “MaviBahce”-yə gedib də axtardığım ipək köynəyi tapa bilməyəndən sonra artıq yollandığım otelə qədər ürəyimdə vərəvürd edirəm. Təsəvvür etməyin özü belə, ağlasığmaz idi ki, müştərilərinə ağlagəlməz dərəcədə mal çeşidlərinin təqdimatına görə fərqlənən ticarət mərkəzində almaq üçün axtardığın nəyisə tapa bilməyəsən. Belə məqamlarda ancaq anamdan eşitdiyim, onun aradabir yadıma düşən deyimlərindən olan “Sən saydığını say, gör fələk nə sayır…!” sözlərində nə qədər haqlı olduğunu bir daha təsdiq edirəm.
Onu isə nəinki təsdiq edir, ovcumun içi kimi bilirəm ki, iki daşın arasında Sultan üçün almaq istədiyim ipək köynəklərin ərsəyə gəlməsi prosesi haradan başlayır. Əsl ipəyin nə demək olduğunu, onun iplərinin toxuculuq dəzgahına qədər hansı mərhələdən keçdiyi yolun başlanğıcı gözlərimin qarşısında gəlir və etiraf edim ki, o, unuda bilməyəcəyim mənzərələrdən biridir. Tut yarpaqlarını yeyən ipəkqurdlarının sürfələrindən barama toxumaq üçün sap buraxması barədə oxduqlarım və eşitdiklərim isə o səhnənin görünməyən tərəflərinə işıq salır. Həmin işıqda apaydın görünən odur ki, ipəkqurdlarının bu nəsli insanlar tərəfindən xüsusi olaraq yetişdirilən növdür. Ona görədir ki, məhsuldarlığın və digər parametrlərinə görə onlar vəhşi həmcinslərindən çox fərqlidir. Bu fərq isə onunla izah olunur ki, onlar “azadlıqda yaşayan” həmcinslərindən təxminən on dəfə çox sap verir, daha çox yumurta qoyur və sağlamlıqları isə müqayisədə daha yaxşıdır. Üstəlik, onlar yırtıcılardan nəinki qorxmur, bunu heç ağıllarına gətirmir, üstəlik, qarşı tərəfin üstünə gedəcək qədər cəsarətlidirlər. Hətta bu qorxmazlıq fiziki mənada onları dəyşikliyə aparıb, nəticədə isə, ipəkqurdları kamuflyaj rənglərini itirib. Rəng itkisi isə qətiyyən onları narahat etməyib, əksinə, bunun əvəzində qazandıqları rahatlıq ipəkqurdlarını uzaqlaşdıqları qohum-əqrabalarından daha böyük olmaq və daha sürətli böyümək, sıxlığa daha yaxşı dözmək kimi üstünlüklər qazandırıb.
Əlbəttə, ipək ancaq ipəkqurdları tərəfindən hazırlanmır, lakin onlar bunu ən yaxşı bacaranlar siyahısında birincidir. Üstəlik, onların hazırladıqları saplardan toxuna parça nəinki vaxt keçdikcə və yuyulduqdan sonra köhnəlmir, əksinə, hətta o parçanın üstünə nəsə tökülsə belə, orada hansısa ləkələrin qalacağı, sadəcə, mümkün olan hal deyil.
İpəyin araya-ərsəyə gəlməsi haqqında bildiklərimi bir-bir xatırlayıram. Sanki xatırlananların gətirdiyi emosiyanı bölüşmək üçün qarşıdakı Egeyə baxıram. Az qala ləpələrinin səsini eşidəcəyim qədər yaxınlıqda olan dənizdən uzaq Naxçıvana qyıdır, evimizi, həyətimizi, ata-anamı, qardaş-bacılarımı və bütün doğmalarımızı gözlərimin önünə gətirirəm. Yenə iki daşın arasında, haradansa hər il may ayının ortalarında ocağımızda ipəkqurdları gələndən sonra yaranan canlanmanı xatırlayıram.
Bizim ailədə, söhbət məndən yaşda böyüklərdən gedir, uşaqların hamısı Sust kəndində anadan olsalar da, mən Xalxal kəndindəki yeni evimizdə doğulmuşam, baxmayaraq ki, doğum kağızında sustlu olaraq göstərilirəm. Əvvəl-əvvəl xalxallı ola-ola niyə sustlu yazılmağıma qarşı mübarizəmdə barışmaz görünürdüm, ancaq evdəkilərin mənim etirazlarıma yanaşması tədricən avtobioqrafiyamdakı bu faktla razılaşmağıma gətirib çıxartdı. Gözümü açandan və özümü biləndən bomboz dağların ətəyində yaşıllığa bürünmüş, göz gördükcə uzanan tutağacları və çinarların arasındakı Xalxalı gördüm. Kəndimizdəki evimizdə, yadımda deyil neçə yaşım olandan, amma mənə elə gəlir ki, ayağım yer tutandan yediyim əriklərin tumlarını xüsusi ciddi-cəhdlə yerə basdırar, o tumlar növbəti ilin yazında özünü göstərənə, ilk cücərtisi görünənə qədər hər sabahı manşırladığım həmin yerlərə baş çəkməklə qarşılayırdım. Bu, günümün dəyişməz ritualı idi, ancaq yerdə qalacağına şübhə olmayan qar yerə düşəndə və onun azından 4 ay düşdüyü yerdə duracağına əmin olandan sonrasa oraya pəncərədən baxmaqla kifayətlənirdim. Bir də yazın gəlişi ilə yenə həminki qaydada davam edər və həmin cücərti fidana çevrilənə, böyüyüb mən boyda olana qədər onu nəzarətsiz buraxmaz, hər gün onların nazı ilə oynamağı birinci işim hesab edərdim. Birinci dəfə isə 7-8 yaşım olanda anamın ipəkqurdu və yaxud, sadəcə olaraq, “barama” dediyi balaca qurdların yazda, ağaclar yarpaqlayanda evimizdə peyda olana qədər işimin istiqaməti dəyişməyə başlardı. Baramaqurdları ovuc boyda qutuların içində evimizə “ayaq açdı”. Düyüdən azca balaca, qarışqa boyda olan bu qara rəngdə qurdlar ilk baxışda hərəkətsiz görünürdü və bir az səbrini basıb da onları diqqətlə izləyəndə gözünün qarşısındakıların canlı olduğuna əmin olmaq mümkün idi. Təbii ki, qurdlar evimizə gəlib çatmamış uşaqlar onlarla bağlı ilkin xəbərdarlıq aldılar və həmin xəbərdarlıq o qədər ciddi səslənirdi ki, hər kəs necə davranacığını əvvəlcədən müəyyənləşdirməyə borclu oldu. Onlar ovuc içi boyda qutularda kandardan içəri keçdiyi andan anamın həmin qurdlara münasibətindən də hiss etmək olurdu ki, bu düyü boyda balaca, qara varlıqlar hər nədirlərsə evimiz üçün xüsusi əhəmiyyət daşıyır. Əvvəl-əvvəl onları görmək üçün kimdəsə xüsusi maraq hiss etmirdik və bu onunla izah oluna bilər ki, yazın ortalarında, mal-qaranın, çöl-bostanın, bunlardan əlavə, ev-eşiyin bitib-tükənməz kimi göründüyü məqamlarda, Xalidə demiş, bu “adamaoxşamazlar” bizim üçün mataha çevrilmirdi. Üstəlik, özləri gəlməmişdən öncə evimizdə yaranan atmosfer demək olar ki, bir nəfər kimi hamımızın ürəyincə deyildi və buna görə idi ki, baramaqurdlarının evimizdə peyda olması onlara qarşı uşaqlardan çoxunda bu zavallı qurdlara münasibəti formalaşdıra bilmişdi. Bunlardan əlavə, şəxsən məni qıcıqlandıran başlıca səbəb anamın həmin düyüdən azca balaca qurdlara daha çox diqqət ayırması olurdu və mən anamın diqqətinin açıqdan-açığa onlara tərəf yönəlməsini sinirə bilmir, üstəlik münasibətimi ifadə etmək üçün hansısa məqamı gözləyirdim. Deyim ki, “qısqanclığım” uzun sürmədi və bir az keçəndən sonra anamın özünəməxsus mərhəmət hissinin köməksiz vəziyyətdə olan “Allahın məxluqlarını” vəziyyətdən çıxarmaq olduğunu başa düşdüm. Di gəl, məni və ancaq məni deyil, evimizdə bu balaca qurdları əvvəldən görən uşaqları bir məsələ üzərində baş sındırırdılar. O da “Allahın məxluqları” olan bu qara, balaca canlıların evimizə qədəm basdıqları ilk vaxtlardan gündən-günə inkişafda olmaları idi və həmin prosesi biz də aradabir müşahidə edir, heyrətimizi isə öz aramızda bölüşürdük. Məsələn, iki saatdanbir anamın atdığı tur yarpaqlarının taleyi ilə maraqlanarkən uşaqlardan birinin, o cümlədən mənim qutunun qapağını azca açıb onun içinə boylananda nəinki onların iriləşdiyini görmək, üstəlik, rənglərinin açıldığını müşahidə etmək mümkün olurdu. Onların min dəfələrlə böyümək potensialında olduğunu sonralar billəcəyəm. İndi içində qurdların olduğu qutuya tək-tək atılan yarpaqların sayının gün ərzində saatbassat artırıldığı isə gözümüzün qabağında baş verirdi. Məxsusi bunun hansı sürətlə getməsinin şahidi olmaq istəyən uşaqlar, o cümlədən mən qutunun saxlanıldığı yarımqaranlıq otağa keçən nənənin yanında dayanmaq üçün müxtəlif bəhanələr axtarır və belə bir imkan tapan kimi ipəkqurdlarının yemlənməsinə baxmaq fürsətini qaçırmırdıq. Cəmi 2-3 günün içində həmin balaca qurdların hansı sürətlə böyüdüyünü onların içində olduqları qutudan 5-6 dəfə böyük qutulara köçürülməsi ilə əmin olurduq. Əlavə olaraq, qurdların yarpaq payının da dəfələrlə artırıldığı göz qabağında idi və bir neçə gün əvvəl düyüdən azca balaca olan həmin qurdların tut yarpağını hansı acgözlüklə yediyini isə onların içində olduğu qutunun qapağını açıb baxmağa ehtiyac yox idi, qutunun yanında bir neçə saniyə dayanmaq bəs edirdi ki, xırçıltısınə görə içəridə hansı prosesin getdiyini təsəvvür edəsən. Bu, hər kəs kimi məni də heyrətləndiridi. Onlar tut yarpaqlarını sözün birbaşa mənasında qurd kimi yeyirdi. İş davam edirdi və artıq onlar üçün həyətdəki otaqların biri məxsusi hazırlanırdı. Bu isə o demək idi ki, həmin böyük otaqda içində artıq iriləşmiş qurdlar onlar üçün düzəldilən enli və rahat taxta rəflərə köçürülürdü. Otaqda quraşdırılan rəflərdə say etibailə yerləşdirilən qurdlar 10-15 gün ərzində əməlli-başlı gəlişər və ən maraqlısı o olurdu ki, nə vaxtsa düyüdən azca balaca qurdlar böyüdükcə onların rəngləri də dəyişər, buludlu havadakı səmanın rəngini alardı. İçinizdə hansı biriniz həmin mənzərəni görməmisinizsə, bunun necə olduğunu təsəvvür edə bilməzsiniz. Bu rənglərin gözlərimin qarşısında yaratdığı qəribə harmoniya o qədər füsunkar olurdu ki, sadəcə olaraq ona baxmaqdan doymaq olmurdu.
İpəkqurdlarının böyüməsilə onların tut yarpaqlarına olan tələbatının artdığını evə gələn yarpaqların artıq şələlərlə gətirilməsində də görmək olurdu. Anamın bu tələbata həssas müansibətini isə şələlərlə gələn yarpaqların gündəlik normalar nəzərə alınaraq bölünməsi və səliqə ilə otağın qarşısında bunun üçün quraşdırılmış, hətta onun üçün atamın məxsusi düzəltdirdiyi səliqəli çardağın altındakı rəflərə yığılması göstərirdi. Həyətimizdə gedən və film kimi bizi özünə çəkən bu mənzərənin özü o qədər kaloritli idi ki, üstündən neçə onilliklər keçməsinə baxmayaraq hələ də gözlərimin qarşısında durur. Anam çardağın altındakı stolun arxasında oturar, həmin yarpaqlardan qarşısına yığar və əlindəki bıçaqla yarpaqları özünün düzgün hesab etdiyi formada doğrayaraq məcməyi dolanacan kəsər, heç kimə etibar etmədiyi açıq-aşkar hiss olunacaq tərzdə içəri keçər, yarıqaranlıq otaqda rəflərin qarşısına yığardı. Bizlərdən hansımızsa köməyimizi təklif edəndə isə yorğun gözlərindəki şəfqətlə bizə baxır və “Yox, bala, Allah şeytana lənət eləsin, bilirəm, sizi şeytan danışdırır, amma bilməzsiniz, qurdu əzərsiniz”- deyərdi. Onu deyim ki, anam sonuncu rəfin üzrinə lazım bildiyi qədər yarpaq yığandan sonra əvvəlki rəflərə baxmağı da unutmazdı və dəfə yanımıza gələndə “Birinci sıradakılar yarpaqları demək olar ki, yeyib qurtarıblar”- deyirdi. O ifadəni işlədərkən anamın sifətinə qonmuş məmnuniyyət hissini isə sözlərlə təsvir etməyi, sadəcə, mümkün saya bilmirəm. Bunu deyərkən onun özünü çox xoşbəxt hiss etdiyi gözlərindən oxunurdu və o sözləri elə tərzdə ifadə edərdi ki, guya hansısa muştuluq xəbərini çatdırır.
Tut yarpaqlarından iştahla yeyən ipəkqurdları artan çəkiləri, böyüyən bədənləri ilə iştahanın elə-belə gəlmədiyini varlıqlarındakı müsbət hesab olunan nəticələrlə sübut etdirirdilər və onların getdikcə artan iştahası qida rasionunda korrektələrə ehtiyacı anama pıçıldayırdı. Təbii ki, bu, növbəti gün həyətimizə gələn şələlələrin sayına təsir edirdi. Beləliklə, bir aydan azca keçən müddət ipəkqurdlarının bəslənməsi üçün bəs edirdi. Bir dəfə qurdların tut yarpağını necə yediyini görmüşəm və şübhəsiz ki, bu səhnə də heç vaxt unudulmayacaq məqamlardandır. Mən o səhnəni görəndə bir az bozumtul rəngdəki qurdların rənglərindəki dəyişənlik diqqətimi cəlb etdi. Maraqlı o idi ki, bozdan nisbətə ağ çalarlara keçən qurdun parıltısı indi daha qabarıq görünürdü, o, hətta başını tərpədəndə, ehtimal ki, qulaqlarının olduğu hər iki tərəflərində qara xala bənzətdiyim nəsə varıydı. Onlar bütün varlıqları ilə tut yarpaqlarına girişmişdilər ki, bunu müşahidə edən hər kəsdə maraq qarışıq heyrət yaşana bilərdi. Anamın həmən il üç qardaşımın fasiləsiz olaraq daşıyb gətirdikləri tut yarpaqlarını bunlara necə çatdıra bildiyi sonralar fikirləşəndə təəccüb hissimin miqyası çoxalırdı ki, azalmırdı. Tut yarpaqlarının zoğ və damarlarına toxunmayan ipəkqurdları onların üst dəriciyinin altındakı toxumalarını o qədər səliqəli və acgözlüklə yeyirdi ki, yarpaqdan salamat qalanlar ancaq onun zoğ və damarları olardı. Mənsə anamın gəlməsindən ehtiyat edib otaqdan çıxmağım olmasaydı xəlvəti keçdiyim yarıqaranlıq otaqda saatlarla bu prosesi izləməkdən yorulmaq bilməzdim. Məsələ bundadır ki, anam nəinki üstündə artıq iriləşmiş qurdlar olan rəflərə yaxınlaşmağa, ümumiyyətlə, rütubət qoxulu həmin otağa uşaqlardan heç kimin keçməsinə icazə verməməkdə israrlı idi. Onun bu qadağalarını mən və sanksiya altına düşən digər uşaqlar belə qiymətləndirirdik ki, anam qurdlara xələl gətirə biləcəyimizdən ehtiyat edərək belə edir, lakin illər keçəndən, ipəkqurdları ilə bağlı müxtəlif ədəbiyyatlar oxuyandan sonra bunun əsl səbəbini öyrənə bildim. Öyrəndiklərimdən biri də ipəkqurdu tırtıllarının daşıyıcısı olan təhlükələrlə bağlı idi. Sən demə, onlar təkcə təbii ipək istehsalatında ən mühüm istehsalçılardan biri deyil, həm də zəhərli tükləri ilə insanlar arasında ən təhlükəli xəstəliklərin, məsələn, nəfəs darlığını və ya şoku inkişaf etdirə bilməsindədir. Onların ətraf üçün yaratdığı risk əsasən may ayının ortaları və iyun ayları arasında, sürfələrin ikinci tükənməsindən sonra zəhərli tüklər meydana gətirdiyi zaman meydana çıxırmış. Bu təhlükə xüsusilə iyul ayından başlayaraq sentyabr ayına qədər artıq boşalmış yuvalarından zəhərli tüklərin yayıla bilməsi ehtimalı ilə mövcudluğunu saxlayacaq qədər əlçatan olurmuş. Anam isə sözssüz ki, dünyanın ən gözəl “peşəkarlarının” gəzdirdiyi təhlükə barədə bilib və bizi bütün vasitələrlə ikicə addımlığımızda “gəzişən” bəladan qorumağa çalışıb.
Biz ipəkqurdlarının evimizdə olduğu son on günü ya pəncərədən, ya da birtəhər hansısa bəhanənin yartadığı birinci imkandan istifadə edərək onların qərarlaşdığı otağa keçməkdə davam edərdik. Yarıqaranlıq otaqda gördüklərimiz qardaşlarımın və anamın ağlagəlməyəcək qədər zəhmətinin əsil mənzərəsini yaradırdı. İpəkqurdları isə öz işlərində idi. Onlar üçün artıq məxsusi kəsilib hazırlanmış yarpaqlar deyil, üstündəki yarpaqarla birlikdə tut ağacı şaxlarının atılırdı və baş verənlər prosesin yekunlaşmaq üzrə olduğundan xəbər verirdi. Bir dəfə yenə anamın gözündən yayınıb yarıqaranlıq otağa keçərkən ilk gözümə sataşan hadisə ipəkqurdlarının ağızlarını açıb yumması oldu. Onlar bunu o qədər rəvan edirdilər ki, ilk əvvəl qarşıdakı rəfdə nəyin baş verdiyini anlamadım, başımı çevirib getmək istədim və bu anda başını həmin qaydada irəli verən ipəqurdunun ağzından çıxan parıltı diqqətimi cəlb etdi. Sonralar biləcəyəm ki, parıltısı diqqətimi çəkən şey ipək saplar olub, mənə öyrənmək müyəssər olacaq ki, məhz ipəkqurdlarının süfrəsindən ifraz olunan həmin saplarla dünyanın möcüzələrindən biri olan ipək toxunur. Beləcə, özüm də bilmədən neçə günlərdir görmək istədiyim hadisənin, ipəkqurdlarının toxumanı necə apardığının şahidi oldum.
Sonralar həyətimizdə onlar üçün səliqəyə salınmış ayrıca otaqda onların son günlərini yaşadıqlarını öyrənəcəyəm. İpəkqurdları başa düşür ki, daha çox böyümək üçün buradan başqa heç bir yerləri yoxdur və onu anlayan vaxta qədər böyüməyində olan tırtıllar həmin məqamdan faydalanaraq intensiv şəkildə toxumağında olurlar. Bu, əlbəttə, ipəkqurdlarında hansısa şüurlu məqamına ayaq basdığı an deyil, o, hərəkətsiz qaldığı və köklü fiziki dəyişikliklərə məruz uğradğı, xüsusən də qanadlarının yetişdirdiyi pupa mərhələsindən sağ şıxmaq üçün həyatının təhlükəsiz görünən yeni mərhələsini başlayır. Bu, kiçik, hərəkətsiz və çarəsiz canlının mövcud şəraitdə özünüsaxlama instikti kimi də qəbul edilə bilər. Həmin instiktik ona baramanın ən azı bir qədər qorunma təmin etdiyini diqtə edir və ipəkqurdu o yolu gedir. O, hələlik bir barama düzəltmək üçün ona çoxlu, 3000 metrə qədər ip lazım olduğunu bilmir. Etiraf edək ki, uzunluğu təxminən 6-7 santimetrlik ipəkqurdu üçün bu, həllolumaz problemdir, lakin o, bunun öhdəsindən gələ bilir. Bir baramanın kilometryarim ipək sap demək olduğunu da bu zəhmətkeş tırtıl haradan təxmin etsin? İpəkqurdu bunu bilmədiyindən öz yuvasını, baramanı yaratmaqla məşğuldur və bu məşğuliyyət onun ömrünün 46 gününə başa gəlir. Bu, tırtıllar üçün həyat uğrunda mübarizədir. Həmin müddətdə onlar ölümə yox, azadlığa qənşər getdiklərini zənn edir və bütün enerjisini bu yolda qoyur. Barama ipəkqurdları üçün son mənzildir. Orada onları qibtəolunmaz aqibət gözlədiyindən xəbərsiz həmin son mənzildə tamamlama işlərini başa çatdırmaq uğrunda gərgin iş gedir. Buna görə o, baramanı toxuyur ki, 2-3 həftədən sonra sapı məhv edən xüsusi fermentlər ifraz edərək yetkin qanadlı tüklü kəpənəyə çevrilsin. Yumurta boyda və rəngdə topaların içində son məqama qədər üzərinə götürdüyü işi başa vuran ipəkqurdu nəhayət, evinin hazır olduğunu görür, qaçılmaz gerçəkliklə üzbəüz qalanda ipək saplardan hörülmüş sədəf rəngli baramanın içindən çıxa bilməyin mümkünsüzlüyünə isə son məqama qədər inanmır.
Bu barədə də ilk dəfə anamdan eşitmişəm. Bu qəmli barama ömrü barədə hekayətin təsirindən uzun müddət, illərcə çıxa bilmədiyim yadıma düşür. Bunlar sonralar baş verəcək. Bəlkə buna görədir ki, ipəkqurdları haqqında fikirləşəndə qəlbimə qüssə dolu hisslər qonduğunu indi də yaşadığım anlar olur. Həmin vaxtlar isə ipəkqurdlarının öz işlərini başa çatdırması haqqında xəbəri elan edən ilk adam anam oldu. O, həyəcanlı və işini başa vurmuş insanlar kimi evə girərək müjdə verən adamlar kimi bəyan etdi:
– Allah bərəkət versin, Allah xeyir versin, baramalar hazırdır.
Sözünü dedi və çıxdı, bizsə onun arxasınca getsək də, anam bizə evə qayıtmağı tapşırdı, “Bir balaca burada görməli işlər qalıb, onları bitirib gəlirəm”- dedi. Bundan sonra da ipəkqurdları üçün hazırlanmış otağa yenə özü tək girər və rəflərdəki qutulardan hazır ipək topalarını iri-iri ləyənlərə yığar, başqa otaqda boşaldırdı. Bu, uzağı iki gün çəkdi. Baramalar rütubətli yerdə çox qala bilməzdi deyə, anam bu asan olmayan işi təkbaşına başa çatdırdı. Bundan sonra başqa bir otaqda, əvvəlcədən döşəməsinə cecim salınmış yerə gətirilən baramalar sərilmiş cecimin üstünə yığılb qurtarandan sonra o, bizim yerdə qalan işlərə qoşulmağımız üçün öz tapşırıqlarını verdi:
– İriləri, ortaboyluları və xırdaları ayrıca seçin.
Baramalar bu cür çeşidlənirdi. O il baramalar həm çox, həm də iri idi. Təsəvvür edin ki, iri toyuq yumurtası boyda olan həmin baramalar əlimizdə par-par yanırdı. Atam hamımızın xüsusi iştirakı ilə qablaşdırdığımız barama topalarını qəbul məntəqəsinə təhvil verdi. O, məntəqədən gələndə 780 kiloqram barama təhvil verdiyimizi bildirdi, hamımız bunu böyük hadisə kimi qarşılayıb bir-birimizi təbrik edəndə, gözüm qapının ağzındakı qaz sobasının üstündə poqquldayan qazanın qapağını qaldıran anama sataşdı. O, baş verənlərin ona aid olmadığı adamlar kimi, biş-düş işləri ilə məşğul idi.
Mənə elə gəlirdi, yoxsa doğrudan elə idi, bilmirəm, amma əmin olduğum həqiqət anamın baramaya müqəddəs bir şey kimi baxdığını deyirdi.
28. 07. 2024. İlisu
Share: