Əli Kazımov: Beynəlxalq müşahidəçilər Azərbaycandakı seçki prosesini örnək göstərirlər

Əli Kazımov: Beynəlxalq müşahidəçilər Azərbaycandakı seçki prosesini örnək göstərirlər

“Azərbaycanın zəngin seçki təcrübəsi var. Müstəqillik əldə etdikdən sonra ölkəmizdə dəfələrlə bir sıra seçkilər keçirilib. Bu baxımdan sentyabrın 1-nə təyin olunmuş Milli Məclisə seçkilərin də demokratik və şəffaf keçiriləcəyinə heç bir şübhəmiz yoxdur”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Moskva şəhərinin qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri və Həzi Aslanov adına Veteran Cəmiyyətinin sədri Əli Kazımov deyib.

Diaspor təşkilatının sədri qeyd edib ki, indiyə qədər Azərbaycanda keçirilən seçkilər beynəlxalq və yerli müşahidəçilər tərəfindən çox yüksək qiymətləndirilib.

“Bütün bunlar beynəlxalq müşahidəçilərin hazırladıqları hesabatlarda və verdikləri bəyanatlarında öz əksini tapır. Seçki prosesində yeni texnologiyaların tətbiqi, elektron sistemlərdən və veb-kameralardan istifadə inkişaf və şəffaflığın nümunəsidir. Hətta bəzi beynəlxalq müşahidəçilər Azərbaycanda seçki prosesində tətbiq edilən texnologiyaları digər dövlətlər üçün örnək göstərirlər. Azərbaycanın seçki demokratiyası ilə bağlı nümunələrini beynəlxalq ekspertlərdən eşitmək hər birimiz üçün fəxrdir”, – deyə o bildirib.

Əli Kazımov dünya azərbaycanlılarının parlament seçkilərinin ilk dəfə azad olunmuş torpaqlarda keçirilməsindən qürur duyduğunu diqqətə çatdırıb: “Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra ilk dəfə bu il fevral ayının 7-də Prezident seçkiləri keçirildi. Parlament seçkilərinin bütün ölkə ərazisində keçirilməsi ilə daha bir tarixi gün sentyabrın 1-də yaşanacaq. Hər bir soydaşımız kimi, bu, şəhid qardaşı olaraq məni də həddindən artıq qürurlandırır. Sevinirik ki, işğaldan azad olunan ərazilərə Böyük Qayıdış başlayıb. Artıq həmin yerlərin sakinləri öz torpaqlarında səsvermə hüququndan istifadə edərək, öz deputatlarını seçəcəklər. Qalib ölkənin seçicisi olmaq, həqiqətən də qürurvericidir. Müstəqil Azərbaycanın diasporu olaraq, ölkəmizdəki demokratik inkişafı görməkdən çox böyük fəxarət hissi keçiririk”.

 

Share: