Azərbaycan Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi getdikcə daha fəal şəkil alır.
Avqustun 13-də Hacıqabul şəhər Mədəniyyət Mərkəzində deputatlığa namizəd və son beş çağırışda Azərbaycan Milli Məclisinin üzvü Rafael Hüseynovla görüş keçirilmişdir.
Şəhər ictimaiyyətinun 300-dən artıq nümayəndəsinin toplaşdığı tədbirin əvvəlində Rafael Hüseynov auditoriyaya müraciətlə bildirmişdir ki, bu salonda əvvəllər də dönə-dönə çıxış etsə, o cümlədən Milli Məclisə seçkilərlə bağlı xeyli görüşlərə qatılsa da, bu dəfəki görüş və qarşıdakı seçkilər bütün əvvəlkilərdən mahiyyətcə büsbütün fərqlənir. Çünki indiki parlament seçkiləri Azərbaycanın ərazi bütövlüyünün bərpa edilmiş olduğu, 30 ilə yaxın müddətdə işğal altında saxlanmış, indi azadlığına qovuşmuş torpaqlarda bayrağımızın yüksəldiyi, o ərazilərdə və bütün ölkədə möhtəşəm quruculuq işlərinin getdiyi şəraitdə baş tutur.
Rafael Hüseynov Hacıqabulun inkişafı ilə bağlı son illərdə görülmüş genişmiqyaslı işlərdən və həllini gözləyən problemlərdən söz açmış, Milli Məclisin üzvü olaraq Hacıqabulun səsinin lazımi ünvanlara çatmasında, qaldırılan məsələlərin həllində göstərdiyi səylərdən bəhs etmişdir.
Daha sonra Rafael Hüseynov görüşə toplaşanların çoxsaylı suallarını cavablandırmışdır.
Görüş bitdikdən sonra da ayrı-ayrı şəhər sakinləri xahiş və istəkləri ilə Rafael Hüseynova müraciət etmiş, bununla bağlı da geniş müzakirələr aparılmışdır.
Səmimiyyət şəraitində keçən görüş 2 saatdan artıq davam etmişdir.