Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb- FOTO

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb- FOTO

Hacıqabul rayonunun Rəncbər kənd sakinləri həmişə seçici fəallığı ilə seçilirlər.

Kəndin 3800 nəfər sakinindən 2100 nəfərinin səsvermə hüququ var və onlar avqustun 14-də qarşıdan gələn parlament seçkiləri ilə bağlı deputatlığa namizəd, son beş çağırışda Milli Məclisin üzvü olan Rafael Hüseynovla görüşə toplaşmışdılar.
Görüş yerinə təyin olunmuş vaxtdan erkən gələn Rafael Hüseynov ayrı-ayrı kənd sakinləri ilə fikir mübadilələrinə elə onlar dəstə-dəstə yaxınlaşdıqca başlamışdı.
Əsas söhbət mövzusu Rəncbər kəndinin həyatını daha sahmanlı, bir zamanlar təsərrüfat sahəsində uğurları ilə fərqlənən kəndin keçmiş şöhrətini qaytara bilməkçün hansı tədbirlərin görülməli olması idi.
Rafael Hüseynov ayrı-ayrı sakinlərlə söhbət əsnasında bildirmişdir ki, kəndin qayğıları daim diqqət mərkəzindədir.
Həllini gözləyən problemlərdən olan Pirsaat-Rəncbər-Qubalıbaloğlan-Pirsaatçay yolunun müasir tələblərə cavab verən səviyyədə tikilib istifadəyə verilməsi istiqamətində iş aparıldığını söyləyən Rafael Hüseynov bu işin icrasının gələcəkdə yaxın həndəvərdəki 4 kəndin həyatında nəzərəçarpacaq müsbət dəyişikliklərə gətirib çıxaracağını söylədi.
Rafael Hüseynov bunu da qeyd etdi ki, Rəncbər kənd qəbristanlığında 3 şəhid uyuyur. Onlardan biri Hacıqabul şəhərindən, digəri Pirsaatdan olsa da, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü, 44 günlük savaşda qəhrəmancasına həlak olmuş Fikrət Zeynalov əslən elə bu kəndən idi. Onun şərəfinə inşa edilmiş bulaq xalqın bu igid övladına məhəbbətin rəmzi kimi elə Fikrətin özü kimi hər gün insanların xidmətindədir.
Rafael Hüseynov onu da əlavə etdi ki, Qarabağ Zəfərimiz əbədi qürur yerimiz olmaqla bərabər hər zaman bizi baş vermişləri təhlil etməyə, nəticələr çıxarmağa səfərbər etməlidir. Çünki 30 ilədək davam edən işğal, ərazilərimizin sahibsiz qalması ona gətirib çıxardı onminlərlə insan daim bağlı olduğu, əkib-becərdiyi torpaqlardan ayrı düşdü. Bu isə ona gətirib çıxarıb ki, artıq torpaqla danışmaq səriştəsi ata-babalarınkı kimi olmayan cavan nəsil böyüyüb. Ona görə də indi əsas vəzifələrdən biri itirilmiş vərdişləri bərpa etmək yolunda çalışmaqdır.
Rafael Hüseynov elə mənası “əkinçi” olan Rəncbər kəndində keçmişlərdə onu məşhur edən təsərrüfatçılıq ənənlərini dirçəltmək naminə görülməsi lazım olan bütün işlərdə sakinlərə kömək göstərməyə hazır olduğunu, bununla bağlı lazımi məqamlara müraciət edəcəyini, eyni zamanda kəndin su probleminin həllində vacib əhəmiyyət kəsb edən sayğaclaşdırma məsələsinin sürətli həlli üçün cavabdeh qurumlarla əlaqə saxlayacağını bildirdi.
Kənd sakinləri həm ümüumi məsələlər, həm də şəxsi probemləri ilə bağlı ərizə və məıktublarını da Rafael Hüseynova təqdim etdilər.

 

Share: