2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyeva Aprel döyüşlərinin şəhidi, polkovnik Vüqar Yusifovun ailəsini ziyarət edib.
Görüşdə şəhidin qəhrəmanlığından və döyüş şücaətindən, yer aldığı uğurlu hərbi əməliyyatlardan söhbət açılıb.
M.Vəliyeva bildirib ki, ərazi bütövlüyünü tam təmin edən qalib Azərbaycan dövlət olaraq tarixinin ən qürurlu dövrünü yaşayır: “44 günlük Vətən müharibəsi və ardınca bir günlük lokal antiterror tədbirləri nəticəsində Qarabağda separatizm yuvası tam dağıdılıb. Biz dünyaya dövlət və millət olaraq gücümüzü göstərmiş olduq. Bu gün dövlət bayrağımız ölkəmizin bütün ərazilərində qürurla dalğalanır. İlk dəfə olaraq ölkəmizin bütün ərazilərində növbədənkənar prezident seçkiləri keçirilib. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. Azərbaycan parlament seçkilərinin keçirilməsinə hazırlaşır. Bu, müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkiləri kimi tarixə düşəcək”.
Şəhidin ailə üzvləri də öz növbəsində namizədə xeyir-dua verərək, ona dəstəklərini ifadə ediblər.
Daha sonra deputatlığa namizədin Sumqayıt şəhər 18-ci mikrorayonda yaşayan seçicilərlə görüşü keçirilib.
M.Vəliyeva seçiciləri dinləyib, onların suallarını cavablandırıb.