Dəniz ətirli şair -Heydər Ələddinoğlu yazdı

Dəniz ətirli şair -Heydər Ələddinoğlu yazdı

Faiq Balabəyli ilə tanışlığım az qala 30 ili haqlayır. 90- cı illərin sonlarında müxtəlif ədəbi məclislərdə iştirak edərkən bu xaricən gülərüz, lakin daxili kədərini bəzən gözlərində hiss etdirən bu tösmərək cavan oğlanın həm də dənizdə işlədiyini, bir dənizçi olduğunu öyrəndim. Bəlkə də içindəki daxili kədəri və şeirlərinə hopan niskinlik məhz Xəzərin sahillərini döyəcləyən ləpələrin harmoniyası ilə üst- üstə düşürdü elə bil.

Düz 25 il bundan qabaq Faiqin AYB- nin “Natəvan klubu”nda gerçəkləşən 35 illik yubileyində də iştirak etmişdim. ( Səhv etmirəmsə onunla bərabər İlham Qəhrəmanın da 35 illiyi eyni vaxta təsadüf etmişdi).
Faiq Balabəylinin əsl şair olduğunu öz-özlüyümdə bir şeiri ilə təsdiqləmişəm: ” Məni
bəyənməyir şəhər qızları… “ Əslində bu şeirin mahnı variantını dinləyərkən sözlərinin Faiqə aid olduğunu bilmişəm. O vaxtkı illərdə kəndlərdən, rayonlardan Bakıya axın çoxalmışdı. Hər kəs şəhərdə işləyənlərə və yaşayanlara qibtə edir və özləri də “şəhərli” olmaq istəyirdi. O keşməkeşli dönəmlərdə rayonlardan, kəndlərdən şəhərə üz tutan insanlar kənddən gəldiklərini gizlin saxlayaraq, büruzə verməməyə çalışırdılar. Fikirləşirdilər ki, şəhərdəkilər onlara yuxarıdan aşağı baxarlar. Lakin Faiq respublikamızın düz göbəyində – iri sənaye şəhəri olan Bakıda nəinki öz “kəndçi” liyini gizlədirdi, hətta “Məni bəyənməyir şəhər qızları.. ” deməklə bütün ölkəyə “kəndli balası” olduğunu etiraf etməklə yanaşı, həm də qürurla hayqırırdı!..
Faiqin şeirlərini oxuyarkən sanki dəniz ətrini duyursan. Yurd sevgisi, torpaq qoxusu şeirlərinin əsas motividir. Onun yurdla, torpaqla, təbiətlə bağlı dediyi adi bir cümlə də sanki fəlsəfi məna daşıyan bir poeziyaya çevrilir: “Bu ağac mənim dostumdur, kürəyimi söykədim, ondan zərbə gəlməz…. Amma heyif, budaqlarından balta sapı düzəltmək olar… “
Faiq Balabəyli bir şair olmaqla yanaşı, dənizə bağlı olmaqla yanaşı həm də elinə- obasına gözəl bir oğul, ailəsinə gözəl bir ailə başçısı, evladlarına gözəl ata, nəvələrinə gözəl babadır. Bunu sosial şəbəkədəki paylaşmalarından da hiss etmək olur. Yurduna, elinə bağlılıq şeirlərinin sətirlərindən qabarıq şəkildə hiss olunur: ” Kəndə getmişdim, həyətimiz ögey idi, sanki avqustun qora bişirən istisində üşüdüm… “
Təbiətdən ilham alan şair təbiətlə də nəfəs alır:
“…Tutub qucağıma bu dağı bir gün
doldurub ovcuma bulağı bir gün
yamyaşıl yarpağı budağı bir gün
ağactək köksümdə saxlaya billəm”.
Yuxarıda qeyd etdiyim kimi Faiqin şeirlərini oxuyarkən sanki dəniz ətrini duyursan. Elə onun dənizə məhəbbətindəndir ki, ilk nəvəsinin adını da Dəniz qoyub. Çoxumuz onu dənizçi- şair kimi tanıyırıq. Lakin çox təəssüf ki, həm vaxt azlığından, həm də əlimin altında Faiqin dənizlə bağlı şeirləri olmadığından bu mövzulu şeirlərinə toxuna bilmirəm. Ancaq bircə onu yəqin edirəm ki, onun şeirlərindən də, kitablarından da, evladlarından da, nəvələrindən də , bütövlükdə yaşadığı 60 illik ömründən də yurd ətri, torpaq ətri, dəniz ətri gəlir… İnşəAllah növbəti onilliklərdə görüşənədək şair…
Şəkilin açıqlaması yoxdur.
Heydər Ələddinoğlu.
AYB-nin üzvü, şair, publisist.
19 avqust, 2024 – cü il.
Share: