Məcburi köçkün ailəsi: “Aran Regional İşıq İdarəsindən çox razıyıq”

Məcburi köçkün ailəsi: “Aran Regional İşıq İdarəsindən çox razıyıq”

“Adətən tənqid olanda deməyə həvəslənirik, ədalət naminə yaxşı işləri də qeyd etməliyik” – bu sözləri saytımıza müraciət edən Laçın rayonundan məcburi köçkün Mayıl İsayev söyləyib.

 O daha sonra əlavə edib:

“Qızım Beyləqan rayonunun Qəhrəmanlı kəndində yaşayır. Onun gənc ailəsi və iki körpə uşağı var. Yaşadığı təzə məhəllə evlərdən bir az aralı olduğu üçün işıq xətlərində problem vardı. Qonşuların köməyi ilə çəkdiyi elektrik xətti o qədər zəif idi ki, ventilyatoru belə işlədə bilmirdi. Uzaq məsafədən işıq xətti çəkməyə isə nəinki bu gənc ailənin, heç mənim və yaxın qohumlarımın da imkanı çatmazdı”.

Mayıl İsayevin sözlərinə görə o, məsələ ilə bağlı Aran Regional İşıq İdarəsinə müraciət edib, idarənin rəisi Zülfü Ağayevin qəbuluna gedib:

“Məni o qədər yaxşı qarşıladı ki, cənab prezidentimiz, müzəffər Ali baş komandan İlham Əliyevin sözləri yadıma düşdü: “Məmurun başlıca vəzifəsi xalqa xidmət göstərməkdir” Zülfü müəllim xidmətdən əlavə həm də insanlığı, mədəniyyəti, davranışı ilə məndə xoş təəssürat yaratdı”.

Müraciət idarəyə daxil olunan kimi dərhal tədbir görülüb, 700 metrlik kabel və 6 dayaq gətirilib, işığı zəif olan iki ailə normal gərginlikli elektriklə təmin olunub.

M.İsayev: “Mən sadə bir kənd adamıyam. Qəzetlərlə, televiziyalarla, internetlə elə əlaqəm yoxdur. Ancaq bu yüksək diqqət və qayğı üçün Zülfü müəllimə və onun zəhmətkeş, əhalini düşünən kollektivinə təşəkkür eləmək üçün bir yer axtardım, sizi nişan verdilər. Xahiş edirəm, həm ölkə başçımıza, həm də onun uğurlu daxili siyasətini bölgələrdə layiqincə həyata keçirən Zülfü Ağayev kimi insanlara ailəmiz və qohumlarımız adından səmimi minnətdarlığımı çatdırasınız! Hamısından çox razıyam. Bu cür qayğıkeş insanlar sayəsində qalib ölkəmiz daha da inkişaf edəcəkdir”.

Müstəqil.az

Share: