Lazımsızlıq sindromu- YUNUS OĞUZ yazır

Lazımsızlıq sindromu- YUNUS OĞUZ yazır

Cəmiyyət  fərdlərdən  ibarətdir. Fərdlər cəmiyyətdə  lazımsızlığını anlayanda faciə başlanır.  Əslində bu  ən  böyük faciədir! Ən böyük  tənhalıqdır! Kimisi intihar edir, kimisi əl-qolunu sallayıb laqeydcəsinə yaşayır.

Kimisi də yenə də  lazımlılığını göstərmək  üçün  cinayətlərə əl atır. Kimisi isə bütün  bunları unutmaq üçün narkotik  qəbul  edir, içkiyə qurşanır. Kimlərsə  də özünü dini  təriqətlərdə axtarmağa başlayır və fərd kimi əriyir. Bu zaman o ancaq imamına, mollasına lazım olur.Fətva verildikdə onu düşünmədən həyata keçirməyə çalışır.Cahillik və xurafat da belə yaranır. Yenə də apatiya! Bununla da cəmiyyətin  deqradasiyası başlayır. Yaxşı ki, hələ də  mental  hisslərimiz qalır, yəni  övlad böyütmək, oxutmaq,toylarını etmək, nəvə-nəticə görmək tam  silinib getməyib. Bu da lazımlılığın  təsəllisidir. Ya da  çoxları özlərini  cəmiyyətə elə  göstərirlər ki, guya cəmiyyətə doğrudan da lazımdırlar.Başını qaldırıb gözlərinin  içinə  baxanda anlayırsan ki, özü də  bunu başa düşür, amma üzə vurmur. O ömrünü beləcə başa vurur.Təəccüblüdür ki, bunu bəziləri heç başa düşmürlər.  Belə  cəmiyyətlərdə yaltaqlıq, yalan danışmaq, mədhiyyə  demək,  rüşvətxorluq, satqınlıq, xainlik, qohumbazlıq, maliyyə dostluğu  lazımlılığın  ən yüksək  pilləsi olur.  Beləcə lazımsızlığın sindromu yaranır.

Yunus Oğuz

Share: