Bu gündən etibarən Müstəqil.az saytı Səlim Babullaoğlu və Hüseyin Duyğunun tərcüməsində və təqdimatında yeni layihəyə start verərək hər gün bir Danimarka şairinin şeirini təqdim edəcək. Bu günkü ilk şair və ilk şeir.
Benni Andersen/Benny Andersen (1929-2018) – görkəmli Danimarka şairi, yazıçı, esseist, pianoçu və bəstəkardır. Eyni zamanda tanınmış uşaq yazarıdır. “Musiqili ilan balığı” (1960), “Potret qalereyası” (1966), “Sonuncu və başqa şeirlər” (1969), “Burda, qoruqda” (1971), “Körpüdə” (1981), “Şaqal və əqrəblərin rəqsi” (1991),“Mənim mühacir həyatım” (1993), “Qucaqlaşma” (2009), “Çılpaq kişi” (2010) və başqa şair, nəsr kitablarının müəllifidir. Danimarka Akademiyasının həqiqi üzvü, uşaq ədəbiyyatı üzrə Mədəniyyət nazirliyinin mükafatçısıdır.
Aydın gecə
Nə qədər üşüsələr də quşlar,
havanı bir az da olsun isidirlər.
Tərpənir ipdən asılı köynək,
bədənsiz də görür öz işini:
adamsız, xoşbəxt köynək.
Biri varmış, biri yoxmuş,
bir-birini çox sevən
bir cüt corab varmış,
amma bir tayı bir ayaqda,
bir tayı da o biri ayaqdaymış.
Böyük deyil bəlkə sevinc—
amma ayıq-sayıq—
quruldayan qurbağa, ötən bülbüldür.
Tək gözlənən şey istilikdir:
bülbül bölüşsün deyə
kolların arasında.
Doğurdan da həyat var bu dünyada…