Tamam Cəfərova: “Bu gün Azərbaycan və Rusiya arasında münasibətlər tarixinin ən yüksək dövrünü yaşayır”

Tamam Cəfərova: “Bu gün Azərbaycan və Rusiya arasında münasibətlər tarixinin ən yüksək dövrünü yaşayır”

Rusiya Federasiyası Prezidenti V. Putinin ölkəmizə səfəri xüsusi əhəmiyyət kəsb edir. İlk öncə onu qeyd etməliyik ki, bu səfər ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına növbəti mühüm töhfədir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan və Rusiya arasında münasibətlər tarixinin ən yüksək dövrünü yaşayır.

Bu fikirləri saytımıza açıqlammasında VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü Tamam Cəfərova deyib.

O bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Bu baxımdan qeyd etmək lazımdır ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, habelə dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. V.Putinin ölkəmizə səfəri tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək. Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri  iki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətində  özünü bariz göstərir. Ötən müddət ərzində iki ölkə arasında strateji tərəfdaşlığın mahiyyətini müəyyən edən sənədlər imzalanmışdır. Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir. Bütün bunlarla yanaşı onu da qeyd etmək lazımdır ki, iki dövlət arasında münasibətlərdə nəqliyyat dəhlizləri müstəsna əhəmiyyətə malikdir. Regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Şübhəsiz ki, bütün bu qeyd etdiklərimiz Azərbaycan və Rusiya Federasiyası arasında müttəfiqlik və mehriban qonşuluq siyasətinin nəticəsində qazanılmış uğurlardır. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında da qeyd etdiyi kimi “Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir”.

Qeyd etmək lazımdır ki, humanitar sahədə, xüsusilə də, təhsil sahəsində əməkdaşlıq müttəfiqlik fəaliyyətində ən mühüm istiqamətlərdən biridir. Qeyd edək ki, humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var.Onu da qeyd edək ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.

Səfər çərçivəsində dövlət başçıları ikitərəfli gündəliyə aid olan məsələləri geniş müzakirə ediblər. Əminliklə deyə bilərik ki, Azərbaycan-Rusiya əlaqələrinin hər bir istiqaməti üzrə müsbət dinamika özünü göstərir. Avqustun 19-da Rusiya Prezidenti V.Putinin səfəri çərçivəsində imzalanan 6 adda sənəd münasibətlərin gələcək inkişaf dinamikasına şübhəsiz ki, müsbət təsirini göstərəcək.

Share: