Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Hacıqabul rayonunun ən abad yaşayış məntəqlərindən olan Meynimanda 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Rafael Hüseynov avqustun 21-də onunla görüşə toplaşmış kənd ağsaqqalları, yerli ziyalılar və gənclərlə söhbətini arxada qalan 20 ilə yaxın müddətdə görülmüş işlər, əldə edilmiş nailiyyətlər, əhalinin həyatında baş verən müsbət dəyişikliklər haqqında mülahizələrlə başladı.

Rafael Hüseynov söylədi ki, biz həm nigaran, həm fərəhli günlərdə – bu kəndin sel fəlakətinə uğradığı narahat həftələrdə də birgə olmuşuq, ağır itkilərin acısını yaşayaraq şəhidləri torpağa tapşıranda da, bu və ətraf kəndlər üçün əsl el bayramına çevrilən Qarasu-Abdualabad-Talış-Meyniman-Muğan yolunun açılışının sevincini bölüşəndə də.
Son illərdə dövlətin regionların inkişafı ilə bağlı apardığı ardıcıl siyasətin nəticəsi olaraq Meynimanın işıq və qaz təchizatının tamamilə nizama salındığını bildirən Rafael Hüseynov əkin sahələrinin suvarılması probleminin həll edildiyi kimi yaxın gələcəkdə kəndin içməli su ilə təminatında da nəzərəçarpacaq irəliləyişlər əldə olunacağına əminliyini ifadə etmişdir.
Rafael Hüseynov Hacıqabulun xəritəsində yaşıllığa bürünmüş bir vahəyə bənzəyən Meynimanın daim abadlaşmaqda və gözlləşəməkdə olmasının başlıca səbəbləri sırasında ən öndə bu yerin zəhmət sevən insanlarının dayandığını vurğuladı, məhz dövlətin qayğısı, bu insanların səyləri ilə gələcəkdə Meynimanın daha artıq rifaha qovuşacağına inamını ifadə etdi.
Kənd sakinlərinin suallarını cavablandıran Rafael Hüseynov qarşıda duran vəzifələrin, əncam çəkilməsi arzulanan problemlərin həllində gələcəkdə də keçmişlərdə olduğu kimi meynimanlılarla birgə olacağını dedi.
Kənd sakinlərinin xahişi ilə Hacıqabul rayon Mədəniyyət Mərkəzinin əsaslı təmirinə ciddi ehtiyac duyulan Meyniman Folklor evinə baxış keçirən Rafael Hüsynov doğrudan da bu məkanın rayondakı ən iri mədəniyyət müəssisəsi olduğunu, yalnız kənd deyil, rayon səviyyəli mədəni-kütləvi tədbirlərin keçiriləməsi üçün də münasib olduğunu söyləyərək müvafiq qurumlar qarşısında burada təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı məsələ qaldıracağını vəd etdi.
Rafael Hüseynov kənd kitabxanasına öz yeni nəşr edilmiş kitablarını da bağışladı, gələcəkdə də bu kitabxananın fondunun zənginləşməsinə kömək göstərəcəyini diqqətə çatdırdı.
Meynimanlılar ağsaqqalar və ictimai fəallar çıxış edərək Milli Məclisə sentyabr ayının 1-də keçiriləcək növbədənkənar seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının təqdimatı ilə qatılan Rafael Hüseynovu ötən seçkilərdə olduğu kimi dəstəkləyəcəklərini, gələcəkdə daha böyük yüksəlişlərə çatmaq naminə qarşıya qoyulan vəzifələrin həll edilməsində özlərininki saydıqları deputatla yenə də hər zaman əl-ələ olacaqlarını bildirdilər.

Share: