Şeirli günlər – YENİ LAYİHƏ

Şeirli günlər – YENİ LAYİHƏ

Səlim Babullaoğlu və Hüseyin Duyğunun təqdimatı və tərcüməsində növbəti Danimarka şairinin iki şeiri.

Tomas Böberq/ Thomas Boberg (1960) – Danimarka şairi, yazıçı və səyyah. Roskilledə anadan olub. Sürreailist rəssam Yorgen Boberqin/Jorgen Boberg (1940-2009) oğludur.  1984-cü ildəki ədəbi debütündən sonra böyük şöhrət tapıb. 2018-ci ildən Danimarka Akademiyasının üzvüdür.

Bir müddət Peruda yaşayıb, Latın Amerikası və Afrika ölkələrini səyahət edib, “istismara məruz qalanlar” o dövrdəki yaradıcılığının əsas mövzusu olub. İki dəfə namizədliyi Şimal Şurasının Ədəbi Mükafatına/Nordic Council Literature Prize  təqdim olunub. “Üz-gözümə fısıldama” (1984), “Həyatımdan” (1985), “Bizim zamanın tarixçəsi” (1989) , “Marionetin arzuları” (1991) və başqa, bütövlükdə 15-dən artıq şeir kitabının, romanların müəllifidir.

Su

Bundan sonrakı şəhərdə bütün qapılar açıq.
Bundan sonrakı şəhərdə birdən boşanır yağış günəşdən.
Bundan sonrakı şəhərdə ölüm xoş bir rəvayət.
Bundan sonrakı şəhərdə A ilə başlayır bütün tapmacalar.
Bundan sonrakı şəhərdə tapılır o yetkin məkan.
Bundan sonrakı şəhərdə gerçəkləşəcək hər nə istəsək.
Bundan sonrakı şəhərdə yenə hər şey yalan.

Budur, qaranlıq çökmək üzrədir



Budur, qaranlıq çökmək üzrədir.
Bir an oturub hər yana dağılmış əşyalarımı
“nə edim” deyə düşündüm.
Bir az daha daha dəqiq olsam,
belə demək istəyirdim:
— Bu kətil o küncə uyğun,
o rəsm isə qarşıdakı divara asılmalı.
Bu keyimiş başla demək istəyirdim ki,
nəsnələr, əlaqə doğrusa, adlarıyla anılmalı.
Bəlkə çoxdan çıxıb getmək gərəkdi,
halbuki mən içimdəki həmin qapını bağladım,
buludlar da itkin düşüb – sanıram.

İndiysə düşünürəm: “Mən burda deyiləm artıq.
Bundan sonra olub bitəni görməyəcək qədər
qatılaşdı qaranlıq…”

Share: