Həyatda sıxıldığım, qəhərləndiyim, qəhərimdən boğulduğum anlar çox olub. Düşünmüşəm ki, mən necə özümə gələ bilərəm bundan sonra?! Bəlkə də, yerinə düşmür, amma yenə də deməliyəm. Heç kəs ölməsin, bu gözəl dünyamıza “əlvida” deməsin. Amma bu həyatdır da olur və olmalıdır. Qadınlar – analar dünyadan köçəndə özümü toplaya bilmirəm… Kişilər qəhərlənəndə dünyam dağılır. Nə boyda hadisə olmalıdır ki, kişi qəhərlənsin!!!
1988-ci ilin payızında Nər kişilər-ər kişilər belə kövrəlmişdilər. Üzlərini gizlədərək gözlərindəki nəmi göstərməməyə çalışırdılar. Çünki qəbirlər girov qalırdı, analar qan ağlayırdı, körpələr qarda-buzda donurdu. Dünya da lal idi, kar idi, kor idi görmürdü. İnsan haqlarından, qadına, uşağa şiddətdən danışan dillər susmuşdu. Xalqımız böyük bir bəlanı yaşayırdı. Erməni fitnəsinin qurbanları hər gün artırdı və DÜNYA susurdu. Çarəmiz ana-bacıları, körpələri sağ-salamat çıxarmaq idi. Onlara müvəqqəti də olsa sığınacaq verilməlidir. Bu sarsılmaz, dəyərli insanlar öz dədə-baba torpaqlarına qayıdacaq və yurd həsrəti mütləq bitəcəkdi. Belə düşünürdüm, çünki bu eli-obanı yaxşı tanıyırdım.
1988-ci ilin soyuq payız günləri bəla gətirmişdi, qan-qada gətirmişdi xalqımızın üzərinə. Əslində bu “bəla”nın kökləri 200 il bundan əvvəl başlamışdı. Dəfələrlə bədnam qonşularımız bu qırğınları törətmişdilər. İndi isə başladıqları “İşi” tamamlamaqda idilər. Öz isti ocağından didərgin düşən el-oba düşmən silahları qarşısında dağa, dərəyə, meşəyə, kahalara, zağalara sığınmışdılar. Onları bu əzabdan qurtarmaq lazım idi. “Yuxarı” dan isə qəti qərar verilmirdi. Burda ərlər nərə çəkməli , əhalini sağ-salamat çıxarmalı, daha nə edəcəyini düşünməli idi. Var idi belə oğullar, ərlər! Elə onların sayəsində də Dərələyəz camaatının böyük bir hissəsi sağ -salamat çıxarılıb Naxçıvanın müxtəlif bölgələrində yerləşdirildi.
Bu çətin işdə xüsusi əməyi olan Ələsgər əmidən danışacağam. Ələsgər Pirməmməd oğlu Nağıyev. O, 1937-ci ilin 5 fevralında Naxçıvanda-Sust kəndində anadan olubdur. Əslində onun haqqında tərcümeyi-hal xarakterli nələrisə yazmaq fikrində deyiləm. Ələsgər əmi ilə günlərlə söhbət edən kəs yorulmaz, mən də beləyəm. Elə söhbətlər var ki, xalqın taleyi ilə bağlı, acı günləri ilə bağlıdır.
Bu söhbətləri dinləmək üçün dəfələrlə onunun qonağı oldum. Bu dəfə Ələsgər əmi əlli illik ömür-gün yoldaşını itirən günlərə təsadüf etdi görüşümüz-söhbətimiz. Çox kövrəlmişdi dağ boyda adam… necə sədaqətli, necə kövrək, necə böyük ürəyə sahib imiş bu insan. Bir az təzə yarasına məlhəm qoyum deyə ötən günlərə qayıdım dedim. Olmadı. Hər kəlməbaşı doldu boşaldı Ələsgər əmi! Sual verməyə ehtiyat edirdim, amma o mənim soruşacaqlarımı sanki bilirdi, odur ki, özü asta-asta, təmkinlə sözə başladı:
– Qızım, o günlər xalqımız çox çətin bir dövrü yaşayırdı, çox çətin! Başsızlıq var idi, başsızlıq! Mən avtobazanın müdiri idim. Bu qanlı hadisələr başladı. Əhalini çıxarmaq lazım idi, “saqqallılar” vəhşiliyin son həddində idi. Ömür boyu bir süfrədə çörək kəsdiyimiz, qız alıb qız verdiyimiz analar, bacılar, uşaqlar, ağsaqqallar od içində idi. Kiçik bir siqnal lazım idi ki, köməyə gedək. Olmadı, etmədilər. Nəhayət ki, qırğınlar başladı və bizə də “əhalini çıxarmaq lazımdır” xəbəri gəldi. Bütün sürücülər hazır idilər getməyə, amma mənə çox maraqlı olan bir məsələ baş verdi. Mənim Hacıməmməd əmimin nəvəsi, Əlişirinin oğlu Asif otağımdan çıxmırdı ki, mən də gedirəm. Dedim, ay oğul, sənin qolun zədəlidir. Sən bu yolu gedə bilməzsən. Yox !-dedi durdu. Mən özüm məcbur oldum ki, onun yanında oturam gedəm. Lazım olacaqdısa maşını özüm sürəcəkdim. Getdik. Bizə Şərur Dərələyəz yolunu yox, Buzqov-İtqıran- Almalı- Dərələyəz yolunu vermişdu rus qoşunları, onların rəhbərləri. Biz çox çətin yollarla getməli əhalini sağ-salamat çıxarmalı idik. Buzqovu keçib İtqırana çatdıq. Mən bu kəndi yaxşı tanıyırdım. Əhalini buradan çıxarıb rus qoşunlarını yerləşdirmişdilər. “Guya” hər iki tərəfə ziyan dəyməsin… maşınlarımız kəndə yaxınlaşanda əli avtomatlı əsgərlər maşınımızı saxladı. Mən maşından düşdüm dedim ki, komandiri görməliyəm. Apardılar məni komandirin yanına . Biz otağa çatmamış o özü çıxdı qabağımıza mən “salam” dedim. Komandır “əssəlamü aleykum” dedi. Sonra onun çeçen millətindən olduğunu öyrəndim, özü söylədi. Bizə getməyə icazə verdi. Bu zaman mülki geyimdə bir cavan oğlan bizə yaxınlaşdı, bir neçə “saqqallı”nın əhatəsində uzaqdan vəsiqəsini göstərdi ki, mən Moskvadan məxfi idarədən göndərilmişəm, gedə biməzsiniz, yuxarıdan əmr gözləyirik. Sanki adamın niyyəti milləti qırdırmaq idi. Mən nə edcəyimi bilmirdim, hər halda bu yolu getməli idik. Geriyə komandirə tərəf baxdım, o iti addımlarla mənə tərəf gəldi, getməməyimizin səbəbini soruşdu. Mən “vəsiqə”li adamın dediklərini söyləyəndə. Komandir var səsi ilə qışqırdı: Elə etmə ki, səni güllələyim! “podvala salım, zəncirləyim!” çəkil yoldan…
Allah özü millətin qanı tökülməsin deyə bu komandiri bizə ürcah eləmişdi. Maşınlarımız yola düzəldi. Çətinliklə də olsa Dərələyəzə- Gədikvəngi kəndinə, oradan isə Gülüdüzünə getdik. Qadınları, uşaqları “kamaz” markalı yük maşının arxa tərəfinə doldurduq, yanımızda yer yox idi. Çıxdıq, yenidən qayıtmaq üçün çıxdıq. Bütün yolboyu bir səs-səmir yox idi, narahat idim, amma maşını saxlamaq da təhlükəli idi. Minbir əzab -əziyyətlə İtqırana çatdıq. Maşını saxlaya bilməzdik, ixtiyarımız yox idi. İlahi, mənə səbr ver. Daha 200 metr keçəndən sonra manı saxlaya bilərdik…
Belə də oldu. Asif maşını saxladı. Mən tez düşüb maşının dalına keçdim, qorxurdum, çünki cınqır belə çıxmırdı, elə bil nəfəs almırdılar , bir hənirti yox idi…Asiflə birgə maşının yük yerinə çəkilmiş çadırı qaldırdıq. Bilirsən, Mahirə, bu hadisəni qəbirdə də unutmaq olmaz… Ah- nalə, fəryad səsləri ətrafı bürüdü. Payızın soyuq günləri əyin-baş yox. Bu nə zülmdür, Allah?! Çəkilib bir tərəfdə iri daşın üstündə oturdum və hönkür-hönkür ağladım. Bu naləyə dözməkmi olardı, bala?!
Nəhayət, yola düzəldik. Yolumuz Çalxanqalaya idi… üz tutub dağlara gedirdik. Dağlardan gəlib dağlara gedirdik, amma necə, hansı vəziyyətdə?! Çalxanqalada isə gələnləri bayatılarla, edilərlə, göz yaşları ilə qarşıladılar…