Həyatda elə insanlar var ki, onlarla cəmi bir-iki dəfə təmasda olanda, bu ünsiyyət adamın əbədi yaddaşına hopur. Həmin insanlarla yenidən görüşüb, onlarla bir daha ünsiyyətdə olmaq, onların maraqlı söhbətlərinə qulaq asmaq istəyi, zərurəti yaranır. Mənə görə belə insanlardan biri də qələm dostum, tanınmış şair-publisist, gəmi kapitanı Faiq Balabəylidir.
O, gözəl şair, səmimi insan və sadiq dostdur. Birgə iştirak etdiyimiz ədəbi tədbirlərdə, görüşlərdə Faiq Balabəyli ilə rastlaşanda sezdiyim bir özəlliyinin şahidi olmuşam, belə ki, onun üzündən təbəssüm heç zaman əskik olmur. Bəlkə də bu yolla dostumun qəlbinin gözəlliyi onun simasında əks olunur.
Faiq Balabəyli ilə əyani olaraq tanışlığımız çox qısa bir vaxta təsadüf edir. Əslində isə qiyabi olaraq mən onu uzun müddətdir ki, sosial şəbəkələrdən, rəhbəri və yaradıcısı olduğu “Müstəqil.az” saytdan tanıyıram. Onun gözəl şeirləri, saytda qələmə aldığı maraqlı və oxunaqlı məqalələri, maraqlı insanlardan aldığı müsahibələri öz dolğunluğu ilə həmişə diqqətimi cəlb edib. Elə ona görə də mən onun yazılarını, imkan daxilində ardıcıl olaraq izləməyə çalışmışam. F. Balabəylinin şeirlərini oxuyanda elə bil dənizdə əsən Xəzri küləyinin sərinliyini duyursan. Faiq Balabəylinin şeirləri sanki coşub-daşan bir bulaqdır, qayalara çırpılan coşqun dalğalardır. O şeirləri sadəcə oxumaqla kifayətlənmək, onları duymaq olmaz, gərək şairin qəlbindən süzülən mirvari dənələri kimi ardıcıl düzülən o sözlərin mahiyətinin dərinliyinə varasan.
Xüsusi ilə qeyd edilməlidir ki, Faiq Balabəyli yazdığı şeirlərdə sözə süni bəzək-düzək vermir. O, sözə gözəllik qatır, onlara sevgi ətri qatır, məhəbbətin yaratdığı gözəl nə varsa, zərif və incə notlara çevirib oxucularına çatdırır. Onun hər bir şeiri bu baxımdan sanki bir musiqi səsidir, bir ahəngdir ki, insanın qəlbinə girib ona rahatlıq gətirir. Bax budur Faiq Balabəylinin bir şair kimi ustalığı.
Bir gün dahi Sokratdan soruşurlar ki, “İnsanda ən çox nəyi qiymətləndirirsən?” Dahi filosov düşünmədən cavab verir: -“İnsaniyyətliyi. İnsani keyfiyyəti.” Həqiqətən də insanlıq zirvəsinə çatmaq, insanlıq zirvəsini fəth etmək hər kəsə nəsib, qismət olmur. Ondan ötrü insan ətrafdakılara – qohumlara, qonşulara, dostlara yaxşılıq etməli, onlarla mehriban ünsiyyətdə olmaqla yanaşı, həm də həddindən artıq xeyirxah olmalıdır. Ona görə gərək ən azından bu qədər yüksək keyfiyyətləri özündə birləşdirməlisən ki, insanlıq zirvəsinə çata biləsən. Mənə görə Faiq Balabəyli bu insanlıq zirvəsində özünə çox gözəl bir yer eləyə bilib. Qələm dostları arasında öz həlimliyi, işgüzarlığı ilə hörmət qazanıb Faiq Balabəyli. Ömrünün 60-cı baharında hələ də gənc görünən şairin şeirləri oxucunu düşünməyə vadar edir. Hər misrasında bir hikmət gizlənən şeirləri uzun illərin təcrübəsindən xəbər verir. Şairin ilham pərisi həmişə yanındadır. Faiq Balabəyli həm də çox sadə, təvazökar insandı. Ədəbi Camiədə dostları tərəfindən sevilir. Könlünün sultanı olan ilham pərisi səhər-axşam onun başının üstündə fırlanır. Şair vətəninə, torpağına həmişə bağlı olub. Lap uzaq səfərlərdə olanda da doğma vətəni Azərbaycanı unutmayıb. Əslən Cənub bölgəsindən olmasına baxmayaraq o, bütöv Azərbaycanın şairidir. Bu vətənpərvər şair ikinci Qarabağ müharibəsi zamanı qələmini süngüyə çevirdi. Qəhrəman oğulları zəfərə səsləyən şeirlər yazdı. Neçə-neçə kitabların müəllifi olan şair həyatın nəbzini tutmağı yaxşı bacarır. Həm dənizdə, həm də quruda yorulmadan çalışan şair ömrünün kamillik dövrünü yaşayır. Onun hələ yazılmamış nə qədər şeirləri var. Tanrı şairə sağlam ömür nəsib eləsin, yazılmamış şeirlərini də oxuculara təqdim eləməyə imkan yaratsın.
Sonda mən qələm dostum Faiq Balabəylinin 60 illik yubileyinə həsr etdiyim bir qəzəlimi də oxucularımın diqqətinə çatdırmaq istəyirəm.
Ömrün bürünüb zəhmətə, Faiq Balabəyli,
Qul olmamısan sərvətə, Faiq Balabəyli.
Allah sənə can sağlığı versin, gözəl insan,
Qıymaz Yaradan nemətə, Faiq Balabəyli.
Hər gün Xəzərin mavi suyundan güc alıb sən,
Xidmət elədin dövlətə, Faiq Balabəyli.
Ömrün payızın Tanrı verib barlı-bəhərli,
Şükr eylə gələn qismətə, Faiq Balabəyli.
Mənası bu ismin sənə uyğundur əzəldən,
Nəqş oldu adın surətə, Faiq Balabəyli.
İllərdir əziyyətlə yuva sahibi oldun,
Dözdün nə qədər möhnətə, Faiq Balabəyli.
Altmış yaşının üstünə illər gələ bir-bir,
Çatdın nə böyük izzətə, Faiq Balabəyli.
Torpaq aparıb qoynuna, Cənnət mələyin var,
Dözdün o çətin həsrətə, Faiq Balabəyli.
Şair kimi təbrik elədin Şairi, Lilpar,
Layiqdi bu şan-şöhrətə Faiq Balabəyli.
Qələm dostum haqqında çox yazmaq olar, amma mən bu qədərlə kifayətlənirəm. Faiq Balabəylini 60 illik yubileyi münasibəti ilə qələmə aldığım bu yazı öz lokanikliyi ilə qoy dostumu heç də təəcübləndirməsin. Mən söz verirəm ki, onun 70 illik yubileyində qələm dostum Faiq Balabəylini daha gözəl, daha geniş və daha da məzmunlu bir təbrik məqaləsi ilə vəsf edəcəm. Allah bizə ömür versin!
LİLPAR CƏMŞİDQIZI
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
şair-qəzəlxan-publisist.