“Sənə bağlanan iplər elə düyünlənib ki, Açılmır düyünlərim..”-Zaur İlhamoğlunun şeirləri

Müstəqil.Az gənc şair Zaur İlhamoğlunun şeirlərini təqdim edir:

Kaş yenidən doğulaydım…

Fikrim məni,yenə çəkir yerdən göyə
Dodaqlarım gizli-gizli pıçıldayır:
-“Bu dünyaya kaş yenidən gəlim” deyə.
Ürək daha eşqlə vurmur peşimandır,
Könlüm yenə qəmə düşmüş pərişandır.
Xəyal olan arzum məni təqib edir,
Yavaş-yavaş,addım-addım.
Dəli istək ürəyimdən axıb gedir..
Kaş yenidən doğulaydım.
İncitməzdim nə atamı,nə anamı,
Nə desələr “Başım üstə”söyləyərdim.
Mənə nə iş tapşırsalar,
Sidq ürəklə eyləyərdim.
Atam mənim həyatıma arxa,dirək,
Yapışardım əllərindən,ayağından.
Dar günümdə qısılaraq kövrək-kövrək
Ayrılmazdım isti ana qucağından.
Hər kəlməyə hər bir sözə inanmazdım.
Bu gün görüləcək işi,
Elə bu gün də görəydim yubanmazdım.
Od-ocağım sönər isə,
Mən yenidən yandırmağa köz qoyardım.
Sabahımı qurmaq üçün,
Bu günümdən sabahıma iz qoyardım.
Kaş yenidən doğulaydım.
Aldanmazdım məhəbbətin sevdasına
Öz eşqimi yüksəklərdə saxlayardım.
Əvvəl yaxşı bələd olub
Bu sevginin mənasına,
Sonra könül bağlayardım.
Hər salam verən insana dost deməzdim.
Sinayardım illər içrə,
Sinaqlardan kəsildikcə hissə-hissə,
Ona “dostum”soyləməzdim.
Mənə qarşı arzusunu,diləyini,
Bilib sonra dost olardım.
Ən əsası, ürəyini bilib sonra dost olardım.
Kaş yenidən doğulaydı
Dəyərsizə verməz idim zərrə dəyər.
Dəyərliyə “can”deyərdim,
Qoruyardım canım qədər.
Yaxşı-yaxşı taniyardım insanları,
Bilərdim ki,kimdir doğmam,kimdir yadım.
Eyləməzdim eylədiyim nöqsanları,
Buraxdığım səhvlərimi buraxmazdım.
Kaş yenidən doğulaydım.
Kaş yenidən doğulaydım.

……………………………

Gəl,sənə bir şeir yazım.

Gəl,sənə bir şeir yazım.
Həzin şeir.
Gör misralar nə pıçıldar,
Gör kəlmələr nələr deyir.
Oxu qəlbin duya-duya.
Hər misrada həzinliyi
İçinə çək doya-doya.
Oxuduqca gözlərinin nuru artsın.
Hər kəlmənin həzzi belə
Gözlərinin qapısından,
Ürəyinin içinəcən gedib çatsın.
Duya-duya oxu çünki,
Duymaq sənin anlamağın,hiss etməyin.
Duymaq sənin hisslərini
Güldürməyin,kövrəltməyin.
Hər sətirlər qəlbin içrə
Nəğmə qoşsun.
Sevincindən ruhun çoşsun,
Ürək çoşsun,
Sevincindən gülüş qonsun dodağına.
Bu şeirin misraları
Sığal çəksin tellərinə,yanağına.
Oxuduqca qüssə,kədər
Varlığından uzaq dursun.
Sevinc hissi,fərəh hissi
Ürəyini ovundursun.

Gəl,sənə bir şeir yazım.
Ətir saçsın ən sevdiyin çiçək kimi.
Götür,qoxla.
Ən dəyərli hədiyyəntək
Qoru,saxla.
Susuzluqdan yaman zaman
Ürəyinə su çiləsin.
Ümidsizlik duyduğun an
Ümidləri sərgiləsin.
Günlərinin sərgisinə.
Hər hərfi bir rəngə dönsün
Bəzək vursun,naxış vursun
Ürəyinin sevgisinə.
Sev bir az da,sev daha da.
Sevgin sənin bu gününə nur saçdısa,
Qoy nur saçsın sabaha da.

Gəl,sənə bir şeir yazım.
Həyatdır da..
Nələr olur,nələr,nələr..
Bu gün hansı varlığı ki hiss edirsən,
Sabah həmin varlıq olmaz
O varlıqdan sənə yalnız,
Qala bilər xatirələr.
Axı insan istədiyin edə bilmir.
O məkan ki səni gözlər
Bir addımlıq…
Ayaqların gedə bilmir.
O insan ki səni bəslər,
Əlin çatmaz,gözün görməz.
Səsləyərsən səs də verməz.
Boylanarsan yollar üstə
Ürək qırıq,qəlb şikəstə.
Bax,o anda
Oxuyarsan bu şeiri.
Mənsizlikdən üzüləndə,
Mənsizlikdən darıxanda..

Bax,sənə bir şeir yazdım.
Oxuyarsan..

…………………………

Elə darıxmışam ki.

Yenə də sənsiz ömür,yenə də sənsiz həyat.
Yenə ürək pərişan,yenə ruhum narahat.
Sənsiz yaşamaq hissi daha məndən kənardır,
Sənsiz daha ömrümün nə bir anlamı vardır,
Nə bir mənası vardır.
Sən yoxsan,gözlərimdən düşüb daha bu dünya,
Her şey daha gərəksiz,hər şey daha bir xülya.
Sən yoxsan,Ay ışıqsız,Günəş də sönük imiş.
Heç bilməzdim sənsizlik,necə ağır yük imiş.
Tab eləmir,saxlamır bu yükü çiyinlərim.
Sənə bağlanan iplər elə düyünlənib ki,
Açılmır düyünlərim.
Sənsizliyin soyuğu vücudumu dondurur,
Gecələr əzab verir,səhərlər ovundurur.
Sənsiz darıxmaq hissi bir yandan da qəlbimi
Sıxır bütün gücüylə dəmir məngənə kimi.
Eh,elə dolmuşam ki,
Uca Tanrı buludtək göyə sərsə cismimi,
Tökülər göz yaşlarım yerə damcılar kimi.
Elə darıxmışam ki.

Həyatda mənim kimi kimsə belə darıxmaz,
Ölümünü gözləyən xəstə belə darıxmaz.
Gör necə bir haldayam..
Yanıram,alışıram
Baxıb şəklinə sənin,
Şəklinlə danışıram.
Anlayırsanmı bunu?
Şəkillər danışarmış..
Demək daha dəyişsin,
Cansız olan şeylərin danışmazlıq qanunu.
Axı sən öz şəklindən mənə gülümsəyirsən,
“Bəlkə görüşəcəyik”-deyə ümid verirsən.
Hələ zəng gözləmək var,
Ya gizli,ya aşıkar
Gözlərim telefonda səhər-axşam baxıram.
Özümdən asılı deyil,səninçün darıxıram.
Nə olar bircə kərə al telefonu əlinə,
Zəng elə sevgilinə.
Eybi yoxdur gizli yığ!
Təki səsini duyum bir müddətlik bir anlıq.
Elə darıxmışam ki

Sən ey Günəş,nə olar,
Səhər şüalarını salanda otağına
Şüalarınla birgə pıçılda qulağına.
Pıçılda nə çəkirəm
Pıcılda günü-gündən uçuluram,çökürəm.
Sən ey yağış,səpəndə
Narın damcılarını yarımın tellərinə,
Söylə mənim yerimə
Söylə mənim naləmi,söylə mənim ahımı,
Onsuz qəmli günümə açılan sabahımı.

Əlimdən nə gəlir ki,
Bələ olmuş taleyim,
belə yazılmış yazım.
Nə isə,gecə keçir..
Durum bir şeir yazım:
“Elə darıxmışam ki”

Share: