Əli Əl-Əmiri : “Dünya poetik sanitariyaya möhtacdır”

Əli Əl-Əmiri : “Dünya poetik sanitariyaya möhtacdır”

Medelin Poeziya Festivalındakı (2023) çıxışı

 

Fələstin və  iordan əsilli şair, rəssam Əli Əl-Əmiri Vəqqas kəndində anadan olub və İordan vadisinin qonşuluğundakı Qulaiat kəndində böyüyüb. Uşaqlıqdan, sevgi və sürgündən danışan “Mənin fəhmim”, “Mənim qeyri-müəyyən əlim”, “Bəyaz tutulma”, “Mürəkkəblə yazı” şeir kitablarının müəllifidir. 1985-ci ildən BƏƏ, Küveyt, Misir, Makedoniya, Fələstin, Rumıniya və ABŞ-da qrup rəsm sərgilərində iştirak edib. Dubay Beynəlxalq İncəsənət Simpoziumunun (DIAS) təsisçisi və bədii rəhbəri, İordaniyada Erzal Mədəniyyət və İncəsənət Assosiasiyasının yaradıcılarından biri, İordaniya Yazıçılar Birliyinin, Ərəb Yazıçılar Birliyinin və İordaniya Yazıçılar Birliyinin üzvüdür. Hazırda BƏƏ-də Sharjah Book Authority tərəfindən nəşr olunan “Publishers Weekly- Arabic” kimi nüfuzlu jurnalının redaktoru və direktorudur.
Əli Əl Əmiri 2020-ci ildə Səlim Babullaoğlunun dəvəti ilə AZTV və REAL TV ilə birgə gerçəklərşdirilən “Evdə qal!” – “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar” onlayn poeziya marafonunda iştirak edib. Dəfərlərlə “Publishers Weekly- Arabic” jurnalında Azərbaycanla, Azərbaycan ədəbiyyatı, eləcə də Azərbaycan-ərəb ədəbi-mədəni münasibətləri ilə bağlı müsahibə, şeir, elmi, publisistik yazıları dərc edib.

https://www.youtube.com/watch?v=a8lyNHT7uwk

 

***

Çağdaş dünyanın səhnəsi hələ də zülmət içərisindədir, kainat qaranlığa, zülmətə, qana və ağrıya qərq olub. Əski müstəmləkəçilik virus kimi yenidən mutasiya edir. Dünyamız müsair texnologiyalar sahəsində fövqəladə inkişafa şahidlik edərkən, insani dəyərlər daimi tənəzzül keçrir.

Kasıblıq bütün qitələrdə pərvəriş tapır, yeni müharibələr alovlanır, “coğrafi irqçilik” artır. Amansız qloballaşma təbiəti cibindəki lotoreya, sərvət sayır artıq, “əsas millətlər” digərlərinin “alovuna” qızınır.

XXI əsrdə Fələstin yenə də işğal olunur və işğalçılıq dünyanın digər bölgələrində davam edir, yerli xalqların tarixi ədalətsizlikdən çəkdiyi əzab “insan ehtiyatları”nın daimi ehtiyatsızlığına çevrilir.

Dünyamız narahatdır və insanların itirilmiş mənəviyyatını bərpa etmək üçün poetik sanitariyaya möhtacdır. Hər gün daha da azğınlaşan, böyüyən qloballaşmanın  viran etdiyi vacib insani dəyərləri başa düşmək, hiss etmək, dirçəltmək üçün fərqli mədəniyyətlər arasında poetik qardaşlıq qaçılmazlığa çevrilir.

Diqqətlə baxanda, bizim bu kiçik dünyamızda cahilliyin, yoxsulluğun, “qətl-ölüm və təslimiyyət sənayesinin necə çalışıdığını”, dəyərlərin necə dəyişdiyini, başqa şəkillər aldığını, oğurluğun “peşəyə” çevrildiyini, bizə verilmiş ən güclü keyfiyyətin — sevginin zəiflik hesab olunduğunu apaydın görmək olar. Təslimiyyət tolerantlığa çevrilir, hərçənd dözüm, dözümlülük yalnız məzlumun iradəsi, onun oğurlanmış haqqı və ləyaqəti geri qaytarıldıqdan sonra mümkün ola bilər.
Dəyərlər təhrif edilir, gözəllik təhrif edilir, kopyalama və metamorfoz tərənnüm olunur, plastik torpalardan nüvə tullantılarına qədər ziyanlı şeylərin yeganə istehsalçısı olan insan hər gün bir az daha artıq aşınır. Biz hər gün və hər gün qəddarlaşan bəşərin, dünyanın kainatı zəhərlədiyinin, ona qənim kəsildiyinin daha çox şahidi oluruq.
Biz bəzi ölkələrin qitələrin sərvətlərini necə talan etdiyini, onları ardıcıl şəkildə necə səfalətə sürüklədiyinin şahidinə çevrilirik. Yerli xalqlar zamandan və coğrafiyadan kənarda qalır, çıxdaş edilir, həmin xalqların tarixi  işğal edilir, mədəniyyətlər təhrif edilir, dağın, quşun, çayın vəsfi üzərində qurulan dəyərlər,  elə meşələrin özü də məhv olur. Apaçi qəbiləsinin adı belə təhrif edilir, öldürmə və məhvetmə maşınına, təyyarə adıına çevrilir. İşğala müqavimət göstərənlər “təcavüzkar” damğası ilə yarğılanır.
Bütün sadaladıqlarıma və daha çox sadalamadıqlarıma görə, yoxsulluğun yalnız istehlakçı statistikasında xatırlandığına görə bu gün (!) bizim (!) şeirə, poetik ruha daha çox ehtiyacımız var.
Bizə amansız qloballaşma deyil, poetik, humansit qloballaşma, böyümə lazımdır. Poeziya bəşərin diri vicdanı, sərhədləri aşan sevgi səsidir.
Poeziya eşqdir, sevgidir, intuitiv dərektmənin ən qısa yoludur, həyatı işıqlandırır, mənanı tapır, batindən və zahirdən qəlbləri alovlandırmaq gücündədir. Poeziya hərfi naz-qəmzə, nadiclik deyil, qəlbin daxili yanma mühərrikinin yanacağıdır. Əsarətə hayqıran yenilənmiş səsdir, zamandan, həyatdan, qəlblərdən gizlin qalan gözəlliyə uzanan və toxunan əldir.
İnsan  ulduzları, çayları, atları, quşları, şimşəkləri, daşları, buludları, küləyi, meteoru ahəng içində tutan təmərküzləşmiş kainatdır. Astronomlar bu kainatda yeni planetlər, aylar, ulduzlar və qalaktikalar kəşf etməyə davam edəcəklər, amma bilmək lazımdır: insan ruhunda hələ də ancaq poeziyanın araşdıra biləcəyi naməlum planetlər var.

Tərcümə: Sona Səlimli

Share: