III
Müstəqil.Az Səlim Babullaoğlu və Hüseyin Duyğunun təqdimatı və tərcüməsində növbəti Danimarka şairinin dörd şeirini təqdim edir
Nils Hav / Niels Hav
Grkəmli Danimarka şairi və nasirdir. 1949-cu ildə Qərbi Danimarkada, fermer ailəsində doğlub.
“Mən kor olanda”, “Biz burdayıq”, “Kopenhagen qadınları” və başqa şeir kitablarının müəllifidir. Bütövlükdə 10 şeir və hekayələr kitabı nəşr edilib. Danimarka İncəsənət Şurasının mükafatına layiq görülüb. Əsərləri ingilis, türk, ərəb, fars, serb, alban, kürd və portuqal dillərinə çevrilib.
“The Literary Review”, “Ecotone”, “Exile”, “The Los Angeles Review”, “Absinthe: New European Writing” və b. jurnallarda şeirləri və barəsində rəylər dərc edilib.
Türk şairi Ataol Bəhramoğlu onun haqqında belə yazır: “Zəkasıyla, həssasiyəti ilə, incə ironiyası və original düşüncəsi, ictimai vicdanıyla o gözünün baxdığı hər yerdə və hər şeydə şeir qoxusu alır, şeir mövzusu tapir…”
Nils Hav Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın bir çox ölkələrində, o cümlədən Türkiyədə səyahətdə olub.
Hal-hazırda Kopenhagendə yaşayır.
2022-ci ildə Bakıda gerçəkləşdirilən onlayn “Şuşaya salam” beynəlxalq poeziya marafonunun işitrakçısı olub. https://www.youtube.com/watch?v=iyT4Oue7Al4
Bütün çətirlərim İstanbuldan
Bütün çətirlərimi İstanbuldan aldım,
Bursadan aldığım yeganə çətirdən başqa.
Nə vaxt yolum düşürsə İstanbula,
Havanın günəşli olacağını düşünürəm.
İstanbulun şəkli belədir mənimçün,
daim günəşdə çimir İstanbul.
Amma hər dəfə şıdırğı yağış altında
təzə bir çətir alanda ayılıram sanki.
Bursadan aldığım o tək çətiri də
Budur, İstanbulda unutdum.
Bu məsələdə sirli nəsə var;
Yaman sevirəm bu çətirləri.
İnsan qafası
İnsan qafası çoxotaqlıdır,
dəhliz və iclas salonuyla;
sirli bir oteldir, həm də çoxqatlı.
Su keçməz dostluq var
ayıq inzibatçılarının arasında.
Gecələri bir neandertal
keçir iş başına.
Hər cür görüş qəbul olunub bu oteldə.
Bəzi otaqlarda mühüm müqavilələr müzakirə mövzusu,
sərt islahatlar planlaşdırılır. Əgər inzibatçı
şəxsi bir sualla qapı döyərsə,
rişxənd dolu şaqraq qəh-qəhəylə qovular.
O biri otaqlarda filosoflar, söz oynabazları,
şamanlar və odlu-alovlu möminlər qalır.
Zirzəmisi isə sürünənləri ev heyvanları sayıb bəsləyən
heçliyin böyük təbilçisinin
aranı qatıb-qatışdırdığı bir yerdir.
Hər yanda dürlü-dürlü məclislər var bir sözlə.
Epiloq
Sözlərlə keçirə bilərsən
bütün həyatını,
doğru olan nədirsə
tapa bilməzsən yenə də.
Puşkin” kafesi
Aleksandr Puşkinin nəzmlə yazdığı
rus romanlarında
yaşayırıq sanki.
Yol nişanlarını dəyişirik,
Amma ehtiyacımız var.
Şaxtada
çarpayıya paltarlı uzanırıq,
yatırıq.
Yenə Moskva,
yenə də Moskva.
Çətinliklə addımlayırıq.
Hər şey yalandır.
Elə gerçəklikdəki kimi.
Mürgü döyən əsgərlərin
silahını oğurlamağı arzulayırıq,
amma əsgərlər yatmır,
həmişə yanındadırlar
bütün gecəni.
“Puşkin” kafesində
sən gecə uzunu rəqs edirsən
mən qarderobda rus siqareti çəkərkən.
Başqa nə edim?
Adın indi Natalyadır,
dəlilər kimi danışırsan.
Əslində Puşkin də
Natalyanın sevgilisi tərəfindən
öldürülmüşdür.