MƏNİM SUBYEKTİV BAXIŞIM…

MƏNİM SUBYEKTİV BAXIŞIM…

Ulu Tanrı dünyanı sevgi ilə yaratmışdır. O, uca qüdrət sahibi kainatı yaradarkən Öz tükənməz rəhmətini, məhəbbətini, bərəkətini, səxavətini, eləcə də, gözəlliyini və nəcibliyini əsirgəməmişdir.

 

Bu baxımdan, bütün yaranmışların ən şərəflisi sayılan insanoğlu buna cavab olaraq həyatda qurmaq, yaratmaq və tikimək bacarığına nail olmağa çalışmaqla öz borcunu ləyaqətlə yerinə yetirməyi özünə əsas vəzifə saymalı, həyatda öz borcunu yerinə yetirməyi həyat tərzinin bir hissəsi kimi hesab etməlidir. Beləliklə də, bu müqəddəs vəzifənin öhdəsindən gəlmək bizim həyatımızın əsas prinsiplərindən sayılır.
Fikrimin əvvəlini əsas gətirərək qeyd etmək istərdim ki, mən həyatda insanpərvərliyi, əməksevərliyi, vətənpərvərliyi, dostluğu, müsbət və məqbul təəssübkeşliyi, insanların hürriyyəti və azad yaşamasını, səbirli olmalarını, fikir ayrılıqları müqabilində dözümlü olmasını, sülh şəraitində yaşamasını və eləcə də, insanların bir-birinə qarşı səmimi olmasını həyatımın kredosu hesab edirəm.
Əgər Ulu Tanrı rəhimlidirsə, biz nədən rəhimli olmayaq? Əgər O Müqəddəs Zat mərhəmətlidirsə, biz nədən həyatda mərhəmətli olmayaq? Əgər O, səxavətlidirsə, biz nədən başqalarına qarşı səxavətli olmayaq? Əgər O Uca Yaradan kainatı və bu dünyanı gözəl yaradıbsa, biz nədən bu dünyaya gözəllik qatmayaq?
İş elə gətirib ki, mən gənc yaşlarımda ikən ali məktəbi bitirib rayonumuza dönmüş və Cəlilabad şəhər 36 saylı Peşə Məktəbində ixtisasım üzrə müəllim kimi fəaliyyətə başlamışam. Fəaliyyətimdə həm orta məktəbdə, həm də ali məktəbdə əsil insan və elmli müəllimləri özümə ideal hesab etmişəm. Fəaliyyətim boyu həm şagirdlərim və tələbələrimə, həm də, ətrafımda olan hər kəsə həzrət Zərdüştün Avesta əsərinin əsasını təşkil edən “xeyir niyyət, xeyir söz və xeyir əməl” prinsipinin nə qədər qiymətli olduğunu aşılamağa çalışdım. Lakin buna nə qədər nail olub-olmadığımı tək olan O Uca Yaradan və bir də, qayğıkeş cəmiyyətimiz bilir.
Vətəni sevmək və vətəni müstəqil olaraq görmək bizim ulu əcdadlarımızın müqəddəs arzusu və seçimi olmuşdur. O cümlədən, 1918-ci il 28 May müstəqilliyimizin əsas banilərindən sayılan mərhum Məhəmməd Əmin Rəsulzadə və onun məsləkdaşlarının fəaliyyətlərini heç vaxt unutmaq olmaz.
Sonrakı dövrlərdə Ulu Tanrı Odlar Yurdu Azərbaycana Heydər Əliyev kimi şəxsiyyət bəxş edib. Biz mərhum prezident Əbülfəz Elçibəyi də, unutmamalıyıq. Ən başlıcası isə iki əsrdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünü II Qarabağ Savaşı ilə tam bərpa edən Ali Baş Komandan, bacarıqlı, savadlı, qorxmaz, misilsiz, təşkilatçı və qurucu lider, Azərbaycan xalqı və dünyanın əksər dövlətlərinin sevimlisi olan İlham Heydər oğlu Əliyevin misilsiz xidmətləri əsla unudulmamalıdır. Hər halda bir millətə çətin və ağrılı, eləcə də, firavan və asudə zamanlarda rəhbərlik etmiş hər kəs o millətin mənəvi atası sayılır.
Bu arada mənə görə, Prezident İlham Əliyevin gördüyü işlər tarixdə qızıl hərflərlə yazılmalıdır. Əlbəttə, bütün xalq əziz şəhidlərimiz və qazilərimizə borclu sayılır. Biz həm Ali Baş Komandan Prezident İlham Əliyevə, həm də, əziz şəhidlərimiz və qazilərimizə sonsuz məhəbbət və minnətdarlığımızı bildirməyə borcluyuq.
Heydər Əliyev Azərbaycan və dünya tarixində iz qoymuş görkəmli dövlət xadimi idi. O, mahir siyasətçi olaraq dövlət qurmaq və dövlətçilik ənənələrinin fəlsəfəsini dərindən bilən şəxsiyyət olmuşdur. Onun Azərbaycan Respublikasının təhsil, mədəni, siyasi, iqtisadi və digər sahələrə aid olan inkişafında misilsiz xidmətləri olmuşdur. Bununla bağlı çox danışmaq və çoxsaylı örnəklər göstərmək olar. Lakin burada ixtisara riayət edərək bir neçə nümunəni qeyd etmək istərdim:
1. Ulu Öndər 1937-ci ildə represiyaya məruz qalmış yazıçı dramaturq Hüseyn Cavidin qəbrini Uzaq Sibirdən Azərbaycana gətizdirib, o mərhumun yaşadığı Naxçıvan torpağında dəfn etdirir…
2. Ulu Öndər Heydər Əliyev hələ Sovetlər dönəmində L.İ.Brejnevlə yaxın münasibətlərindən yararlanaraq Nəriman Nərimanovu dövlət xadimi kimi təsdiq etdirir və beləliklə də, onun heykəlini Bakı şəhərinin ən üksək zirvəsində qoydururur…
Beləliklə də, onun dövlətçilik irsini davam etdirən Ali Baş Komandan cənab İlham Əliyev ata vəsiyyətini II Qarabağ Müharibəsində tam və qəti qələbə qazanaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edərək həyata keçirmişdir. Hazırda dünya dövlətləri bu reallığı məcburi qəbul etməkdədirlər.
Ən başlıcası olan budur ki, problemlər müasir gənc və gələcək nəsilə qalmadı. Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan quruculuq işləri göz qabağındadır. Bundan sonra xalqımız bu tarixi və möhtəşəm qələbəni qoruyub-saxlamağı və eləcə də, onu inkişaf etdirməyi öz müqəddəs vəzifəsi hesab etməlidir.
Mən bir Azərbaycan vətəndaşı kimi bu qələbənin dəyərini bilərək ürəkdən sevinir və qürur hissi ilə deyirəm ki, bu möhtəşəm qələbə ilə alnımızdan tarixi ləkə silinmişdir!
Sonda Vətən uğrunda canını qurban vermiş əziz şəhidlərimizə ilahi rəhmət, əziz qazilərimizə isə şəfa diləyirəm!

Hacı Paşa Rüstəmov

(Əmək zərbəçisi, Əmək veteranı və təqaüdçü pedaqoq)

Share: