Şeirli günlər – V

Şeirli günlər  – V

Müstəqil.Az Səlim Babullaoğlu və Hüseyin Duyğunun təqdimatı və tərcüməsində növbəti Danimarka şairinin iki şeirini təqdim edir

 

Lin Nilsen/ Lean Nielsen

Tanınmış Danimarka şairi və nasiridir. 28 yanvar 1935-ci ildə Kopenhagendə anadan olub, uşaqlığı Nörrebroda keçib. Svedenborqda dənizçilər məktəbində təhsil alıb. “Xanım Yensenə ithaf” şeir kitabı ilə 34 yaşında ədəbi debüt edib. Eyni zamanda uşaq kitabları və romanların müəllifi kimi şöhrət tapıb, radio-pyeslərin prodüsseri olub.

Hələ uşaq ikən atası onu və anasını atıb gedib. Böyük mənəvi və maddi sıxıntılar, bir-birini əvəzləyən iş yerləri ona böyük təcrübə qazandırıb ki, sonradan onların bir çoxu şeir, roman və memuarların birləşdiyi “Zorakılıq və zəriflik balladaları”nda  (1976) işıq üzü görüb, müəllifinə böyük şöhrət gətirib.
Əsərlərinin əsas qəhrəmanları zəhmətkeş adamlar, “kiçik insanlar”, əsas mövzusu isə “kiçik hadisələr”dir.
1990-cu ildə Türkiyədə keçirilən “Danimarka-Türkiyə Şeir Gecələri”ndə iştirak edib.
2000-ci ildə vəfat edib. Ölümündən sonra məktubları dərc edilib.

 

 Çanta

Bər-bəzək sancağı,
yelpik, çanta
siyirmədəydi daim.
Bu şeylərin heç biri
gərək deyildi anama.

Çantanın dərisinə
hər toxunuşda
bu dərinin sahibi timsahın
Nil çayında yaşamış
və bəlkə də
insan yemiş olduğunu
düşünürdüm.

 

Bülbüllər

 

Helsingördə
stansiyanın olduğu
Sahil yoluna doğru
gedirdik.

İçimdə xalamın hədiyyəsi
iki bülbüllə
qəfəs vardı əlimdə.

Qəfəsin altı
qopdu qəfildən.
Qəfəsdən qurtulan quşlar
dənizə doğru uçuşdular.

Və bir az uçmuşdular ki,
qağayıların hücumuna uğradılar.

Əvvəl kiçik, sarı tükləri
uçuşdu havada,
sonra yox oldular.

Bülbüllərin bu qısa azadlığı
çox üzdü məni.

 

Share: