Müstəqil.Az Səlim Babullaoğlu və Hüseyin Duyğunun təqdimatı və tərcüməsində növbəti Danimarka şairinin dörd şeirini təqdim edir
Knud Sörensen/ Knud Sørensen
Görkəmli Danimarka ədibi, şair, ssenarist. 10 mart 1928-ci ildə Yörrinqdə anadan olub. Ötən əsrin 60-cı illərindən çap olunmağa başlayıb, 1961-ci ildə “Eksplosion”da şeirlərilə debüt edib. Romanlar, esse və poemalar, radiopyeslərin müəllifidir. “Partlayış” (1961), “Hamam otağında” (1999) və başqa kitabları dərc edilib. “En tid” (1997) romanı eyni ildə Danimarka Naşirlər assosiasiyasının “Kritikerprisen” mükafatına və “Weekendavisen” ödülünə layiq görülüb. Danimarka Agentliyinin ömürlük qrantını alıb. 2008-ci ildə “Yalnız sonluq çatışmır” adlı bioqrafik memuar-romanı dərc edilib.
1958-ci ildən Morse adasında yerölçən-topraqşünas işləyib.
2022-ci ilin sentyabrın 26-da 98 yaşında dünyasını dəyişib.
Bir başqa günlər
qarşıma
çıxmaq üçün gecikirlər.
Saatlar düz işləyir,
amma zaman sanki donubdu;
ola bilsin gecikən o bir gün
hələ də qərar verə bilmir ki,
mənə nə gətirsin.
Düşünürəm
ki, bu çoxuna tanışdı.
Səhərdi
və sən yataqdasan
və sanki
bir hissən
azad olmaq istəyir,
qurtulmaq istəyir
köhnə vərdişlərdən
yenilərinin ümidiylə,
unutmaq istəyir
masandakı
açıq gündəliyi.
Amma
həmişə olduğu kimi
işıq qır-saqqız olub,
səni yeni gün səsləyir
bütün o qarışıq işləriylə,
hamısı da bu gün üçün
nişanlanıb.
Başqa tərəfdən,
etiraf edirəm:
mən hələ də
gündəliyə
bidəfəlik bənd olmayacağım
o günü yaxınlaşdırmaq üçün
əldən-ayaqdan getmirəm.
Bütün bu işıqlı dünya
həqiqətən işıqlıdır;
yalnız
alma ağacında
bir neçə çılpaq budaq…
yəqin gecənin nəfəsiylə
bütün vaxtı tir-tir titrəyiblər;
bir də qəhvəyi geyimdə itbaz,
teryerlə səhər gəzintisindədir;
bircə onlar söyləyə bilər ki,
məni gözələyən
nədirsə də
hələ mənim əbədiyyətim deyil.
Qəfil
hiss edirəm ki,
torpaqdan,
düz ayaqlarımın altından
bir yekə əl
barmaqlarını uzadıb,
gərib,
onlara
cücərmək
icazəsi verir.