Müstəqil.Az Səlim Babullaoğlu və Hüseyin Duyğunun təqdimatı və tərcüməsində növbəti Danimarka şairinin 3 şeirini təqdim edir
Piya Tafdrup / Pia Tafdrup
Məşhur Danimarka şairəsi, nasir, tərcüməçi, dramaturq, 80-cilər nəslinin parlaq nümayəndəsidir. 1952-ci ildə anadan olub. Slandinaviya dilləri və ədəbiyyatşünaslıq ixtisası üzrə Kopenhagen Universitetini bitirib (1977). “Mələklər sükutu pozanda” (1981) şeir kitabı ilə debüt edib.
“Müqəddəs ərazi” (1983), “Anların körpüsü” (1988), “Dağlarda ölüm” (1988), “Billur meşə”(1992) , “Bələdçi quşlar” (2010) və b. kitabların müəllifidir.
1989-cu ildən Danimarka Akademiyasının üzvüdür. 2001-ci ildə Dannebroqorden Cəngavər titulunu alıb. Eyni ildə nüfuzlu İsveç Akademiyaasının Şimal Şurası Mükafatına layiq görülüb. Leonarda Koenin şeirlərini və ingilisdilli Danimarka yazıçısı Karen Bliksenin əsərlərini tərcümə Danimarka dilinə edib.
Həyatın bəxşişləri
Həyatın bəxşişləri arasında
bircə
açar qalıb –
sonuncu qapınınkı,
zəncirdədi,
şalvarın cibində.
Atam həmişə
qol saatını qurmağı unudur,
əqrəbləri
vaxtın yoxluğunu
həmişə düz göstərir.
Tibb bacısı
təqvimin səhifəsini dəyişməyib,
ötən günün vərəqindən
zülmət boylanır.
Radioada
klassik musiqi dalğasıdı,
təkərini yapışqanlı lentlə
bənd eləyiblər ki,
başqa dalğalardakı səslər
otağa dağılmasın,
həmişə Bax çalınsın.
Elə indiki bu dəqiqə
məni tutub saxlayır,
özümü unuduram,
təkrarsız sözlərin nəfəsini
duyuram,
anlayıram ki, çox yəqin,
gec, ya tez,
damarlarda duracaq qan
və bu dəli dünyada
hər şeyin bir sonu var.
İşartı
Varlığın almasında boşluğun tumu var,
ölümün kəhrəba qatranı
dəqiqələri canına çəkir.
Qəfil partlayış – sükutda,
və okean üzərində şimşək şırnağı,
dağınıq işıq,
zərifliyin gözdeşən işartısı.
Qırmızı paltar
İyirmi yaş
cavan olaydım kaş,
eyni şeyi alardım:
odur, asılıb, quruyur pəncərədə,
qırmızı damlalar süzülür,
işıq saçır,
sanki silah anbarında
qandallanmış mələkdir.