Neçə gündür şair Faiq Balabəylinin şeirlərini oxuyuram. Onun şeirlərində həyatın bir neçə üzü vardır. Ən çox diqqət çəkən tərəflər isə hava, od, torpaq və sudur. Gəlin bunlar haqqında poetik detallara baxaq.
Bildiyiniz kimi bir yerdə həyat varsa, deməli orada su, torpaq, od və hava var. Bunların hansının birinci yaranması önəmli deyil, hamısı həyatın bir parçasıdır. Faiq Balabəylinin şeirlərində isə ardıcıllıq gözlənilir, əminəm ki, şair bunu düşünmədən edib, amma istənilən şeiri götürsək görərik ki, birinci torpağa, yəni vətənə müraciət edir. Bu cümləni də burada qeyd edim ki, sanki torpaq, su, od və hava gedir, Faiq Balabəyli isə onların kapitanı kimi öndə, əlində söz bayrağı, iti addımlarla addımlayır.
Torpaq. “Şuşa” şeirində Faiq Balabəyli torpağa can verir, onu vətən edir:
Mənim qoca şəhərim, mənim uca şəhərim,
Neçə ilin həsrətini çəkən yorğun şəhərim.
Özümüzdən çox uzaq,
Könlümüzə çox yaxın,
Gözümüzlə görünməyən tənha, yorğun şəhərim.
Axır ki, qayıtdıq, gözlərin aydın.
Qurani- Kərim”də deyilir: sudan torpaq, gil götürdüm, yoğurdum, yapdım, odda bişirdim, üfürüb ruh verdim, gözlərini açdı. Faiq Balabəyli sanki burada ayə yazıb, Şuşanın 30 illik işğal tarixindən tutmuş torpağın vətən olma müqəddəsliyinə qədər hər şeyi misraların içinə yerləşdirib.
Su. Faiq Balabəyli digər şeirində nizamı qoruyur, artıq vətən, yəni torpaq var, indi isə suya müraciət edir, həm də doğuşdan sonrakı həyat nümunəsi kimi. Bildirir ki:
Qəfil yağan yağış isladacaq
Uşaqlığımın ayaqyalın keçdiyi yollarını
Anamın hər axşamüstü
Ayağımı yuduqdan sonra
Belimə dolanan qollarını
Yelçəyinin altından çıxan saçlarını…
Uşaqlıq xatirələrini yağışa, suya, yəni həyat ünsürünə bağlayan şair qeyd edir ki, qəfil yağan yağış ayaqyalın qaçdığım yollardan tutmuş anamın yaylığının altından çıxan saçına qədər isladacaq, yəni bu xatirələrin canlanmasına su həyat verəcək.
Hava. Faiq Balabəyli şair olmaq üçün şeir yazmayıb, onun hiss və duyğularının həyata bağlılığı, real düşüncələri onu şair edib. Göründüyü kimi, şair növbəti nizamda havadan və havasızlıqdan danışır:
Bir payız fəsli idi
Qoşulub durnalara
Kəndin havasızlığından
Havalanıb
Şəhərə uçub gəldim.
Şair torpaqdan, sudan, havadan danışdı, yəni həyatın özündən söz açdı, indi isə qaldı od. Həyat ünsürü olan bu dördlükdən odun sona qalması təsadüfi deyil, çünki Faiq Balabəylinin bütün şeirlərində bir yanğı, bir alov, bir od var.
Od. Belə bir misal var, od olmasa tüstü çıxmaz. Faiq Balabəylinin qəlb döyüntüləri, düşüncə çırpınışları, daxili narahatlığı birbaşa oddan qaynaqlanır. Suyu içirsən, havanı udursan, torpaqda gəzirsən, odda isə yanırsan. Daim həyat odunda yanan, sönmək bilməyən şair ürəyi hər bir şeirində oda işarə edir:
Günəş yenə də çıxdı,
Xəzərin o üzündən.
Göyərtəyə çıxıram,
Dənizin mehi alsın
Yorğunluğun, təkliyin,
Acısın üz-gözümdən.
Od varsa istilik var, həyat var, şair hər bir şeirində oda söykənir, yanır, alışır və şeir doğulur.
Mən Faiq Balabəylini illərdir tanıyıram, hətta onun gəmi kapitanı kimi qağayılara yol göstərdiyini də bilirəm, həm özünü, həm də sözünü tanıdığım üçün əminəm ki, Faiq əmi öz və söz həyatında həyat ünsürü olan torpaq, hava, su və odun önündə əlində həyat bayrağı sonacan gedəcək.
Elşad Barat
şair. AYB üzvü, Prezident təqüdçüsü