Müstəqil.Az Səlim Babullaoğlu və Hüseyin Duyğunun təqdimatı və tərcüməsində növbəti Danimarka şairinin 3 şeirini təqdim edir
Erik Stinus
Görkəmli Danimarka şairi, yazıçı, tərcüməçi. 22 avqust 1934-cü ildə anadan olub. Hindistan, Birma, Pakistan, Şri-Lankada yaşayıb. 1958-ci ildə “Qrenzeland” şeir kitabı ilə ədəbi debüt edib.
“Hvedekorn” , “Vindrosen” , “Viewpoint”, “Socialdemokraten.” , “Aktuelt” , “Politisk Revy” , “Ekstrabladet” , “Politiken”, “Dagbladet Arbejderen”, “Kommunist” və sair jurnal və qəzetlərlə əməkdaşlıq edib, yüzlərlə məqalə, kitablar üçün rəylər yazıb. Bir müddət Kommunist partiyasının üzvü, kommunist hərəkatının fəallarından biri olub.
“Sərhəd vəziyyəti” (1958), “Göylərin altında yer” (1979), “Vətənin guşələri” (1998), “Salam, mən havayam” (2008) və başqa kitabların müəllifidir.
1951-ci ildə Ümumdünya Gənclər Festivalında böyük türk şairi Nazim Hikmətlə görüşmüş, ondan ciddi şəkildə təsirlənmişdir. Sonradan Nazim Hikmət, Orxan Vəli, Fazil Hüsnü Dağlarca, Vədat Dolkay, Kamal Özər və başqa türk şairlərinin şeirlərini Danimarka dilinə çevirib.
Qalsted-Kirk-Şerfiq (1981), Beynəlxalq Nazim Hikmət Fondunun mükatına (2009), Drahman Qrantına və başq bir çox ədəbiyyat və sənət mükafatlarına layiq görülüb.
13 noyabr 2009-cu ildə vəfat edib.
Açıqlamalar
Daniel və İnaya
Bəzi şeyləri saxlamaq lazımdı sabaha.
Gerçəkçi ol: bu işi bitirə bilməzsən;
Hava soyuqlaşmağa başladı qəfil,
Tozağaclarına endi, qondu günəş.
Sabahkı gün bir neçə dəqiqə daha qısa olacaq
bu gündən. Qurursan zəngli saatı,
durmaq və hərəkətə başlamaq üçün
günəşlə birlikdə. Sürükləyir səni gözləyən yuxuya
And dağlarından nəfəsli alətin çalğısı kimi səsi bayquşun,
İşıqlaşanda üşüyüb daldığın yuxuda
qapılıb getdiyini görürsən bomboz sulara.
Dalğalar yüksəlir, daha sönük görünürlər
sahilin işıqları hər dəfə əl-qol atdıqca. Zəng çalır saat bu an.
Sürməli çalıquşları başlayır astadan dilləşməyə,
Bir erkək, bir dişi, taclı kralla kraliçadır sanki
iyirmi illik bir qara küknar ağacında.
Və qızılı yarpaqları yayılmış tozağaclarının
çəmənlərə səpilmiş, sovrulmuş rəqs edən mığmığalar,
iz buraxıb donmuş torpaqda hamısı. Saxlamaq lazımdı
bəzi şeyləri yenə də. Başla, oxu nəğməni Yeni il.
Qışda bir ağacın mində biri
Və qış, onların yozumuna görə, uzun sürəcək.
Sən özünü yormamalısan deyirlər,
Ağrıyan sümüklərim də söyləyir eyni şeyi;
Doğrusu bir qış yuxusuna getməyi istərdim.
Amma vacib işlərim var.
Söyləyəcək sözlərim, görüşüləcək yoldaşlarım,
Bir də təyyarəylə on, ya da doqquz saat uzaqlıqda
Məktubla qovuşacağım biri,
Öz əlimlə verməyi arzulardım
Xüsusən bu gün –
Yaşatmağı umurdum belə bir xəzinəni,
Bütün gözləntilərə rəğmən yenidən yarpaq bitirən
o kiçik budağı da
qarşımdakı masada vazaya qoymağı – vacib olan bu.
Neyçün ölmüşdü o, indisə yaşayır.
Nə cürə soyuq, necə isti olmalıydı ki su?