Səssiz yeriyən adam… – Yunus Oğuz – Akademik Nizami Cəfərovun 65 illiyinə

Səssiz yeriyən adam… – Yunus Oğuz – Akademik Nizami Cəfərovun 65 illiyinə

O, səssiz yeriyir. Çoxları onu başa düşmür. Bəzilərinə sadə, bəzilərinə qəliz, bəzilərinə isə “özününkü” kimi görünür bu adam. Deyər, gülər, fikir bildirər, ancaq səssizliyin içindən boylanar bu adam.

 

Minillərin yükünü, biliyini, dərdini çəkir bu adam. Ona görə səssiz yeriyir. Qorxur ki, çəkdiyi bu yük dağılıb tökülər, məhv olar, töküləni kimsə qaldırmaz, heyif olar. Ona görə ehtiyatla yeriyir, səssiz yeriyir. Anlayır ki, bu millət, bu xalq, bu tayfa, bu qəbilə ona bir əmanət qoyub; Qan yaddaşı əmanəti. Bu yaddaşı hər kəsə əmanət qoymurlar. Bu yaddaşı seçilmişlərə əmanət verirlər.

Onun səssizliyinin içində müdriklik var, məsuliyyət var. Bu üzdən səssiz yeriyir, səssiz danışır.

Onun səssiz addımlarının səsini eşidirəm. Səssizlik səs yaradır, mühit yaradır, məktəb yaradır.

İlahi! Bu səssizliyin içində nələr yoxdur? Min illərin tarixi, dili, şifahi və yazılı ədəbiyyatı. Səssiz danışır. İçindən tarixi dostları axışıb gəlir. Bu günün dostları yox eee… Bu bilikləri ona ötürən dostlar axışıb gəlir. Deyirlər, öyrədirlər, ötürürlər. Tarixi pıçıldayırlar, dilimizin mükəmməlliyini və gözəlliyini ötürürlər ona. Ətrafdakı dostlardan da ehtiyatlı olmağı məsləhət görürlər. Yükünü heç kimə verməsini istəmirlər. Başını müdrükcəsinə yelləyərək səssiz yeriməyində davam edir.

Ağır olan ətrafı onu başa düşmür. İstədikləri dövrün yaşam istədikləridir. Birinin ailə vəziyyəti ağırdır, biri elmdə, digəri bədii ədəbiyyatda qısırdır. Ətrafının hay-küyü onu səssiz yeriməyə vadar edir. O, bu dünyanın dərdini, sərini həll etməyə gəlməyib. Onun missiyası başqadır. Ancaq kimə deyirsən, kimi başa salasan? Bu üzdən, o, içində səssiz yeriyir. Qarşısına qoyulan ali məqsədə doğru yeriyir… səssiz yeriyir. Onu başa düşənlər barmaq sayı qədərdir. Arada dayanıb nəfəs alır, ətrafına baxır. Onlar harda, o harda? Arada təəssüf də edir. Seçilmişlərin bəziləri sosial, ailə qayğıları içində itib batır, sonra hamıya qarışırlar. Əlini atıb onları oradan çıxarmaq istəyir. Amma ağır əllər onu özlərinə doğru çəkməyə başlayanda o, geri çəkilir. Sonra yenə səssiz yeriməyinə davam edir.

O, hissəcikləri, dağılıb itməkdə olanları kütlə halına gətirməyi bacarır. Sonra bu kütləni strukdurlaşdırır, süxurlaşdırır, ona forma və məzmun verir.

Səssiz yeriyə-yeriyə ruhunu keçmişdən gələcəyə daşıyır. Daşıdıqca hər dayanacaqda vaxtı və zamanı bitmiş hissəcikləri, kəsləri elə o dayanacaqda düşürür, özünü silkələyib yenə səssiz yoluna davam edir.

Yeridikcə kəhkəşanları görür, onların içində millətin tutacağı, dilinin söykəndiyi mənbəni görür, qürur duyur, fəxr edir, qürurlanır.

Dostlar arasında güləndə gülüşü titrəməyə, zəlzələyə çevrilir. Çoxları görmür bu titrəmənin, zəlzələnin içindən nələr tökülüb səssiz yeridiyi yollarda qalır. Yad ünsürləri, nifrəti, xəyanəti, satqınlığı, əcaib-qəraib şeyləri özü ilə apara bilməz bu yolçuluqda. Gülüşü, zəlzələsi onları töküb sökür bu yollarda. Bu səssizlikdə saflıq lazımdır, sevgi lazımdır. Bu, eşqin yoludur. Səssizlik həm də Tanrı yurdudur. Tanrı yoluna bundan savayı yol yoxdur.

Səssizlikdə yaşayan onun qəlbidir, beynidir, düşüncələridir, fikirləridir. Özünün xəbəri də olmadan beynində “fikir qəbiristanlığı” yaradıb. Səssizcə ölən fikirlərini, düşüncələrini beynindəki “fikir qəbiristanlığı”nda basdırır. Sonra buna səssizcə peşman olur, fəryad edir, təəssüflənir, amma yenə səssizcə yoluna davam edir.

Yeriyən adam yolçudur. Yolçuluğun məramı, məqsədi olar. Səssiz yeriməyinsə öz aləmi, öz xatirələri var, hər mənzilin öz dayanacağı var. Bu dayanacaqda səssizcə lazım olmayanlar tökülür… tökülür… gərək olmayanlar bu dayanacaqlarda tökülüb qalır. O isə səssiz yoluna davam edir.

Onun üçün vətən millət deyil, millət vətəndir. O yoldan nələr görünür… nələr? İlahi eşqdən başlayan millət, vətən, dövlət.

Səni sevəcəklər də, tənqid edəcəklər də.

Vətən – səni sevməyəcək hər yoldan ötən!

Yol gedirsən, səssiz yeriyirsən bu yolda. Sən bu yoldasan.

Millət yolu ruhunda!

Vətən yolu canında!

Dövlət yolu qanında!

İlahi eşq yolu vəhdəti vücudundur.

Vəhdəti vücudun mübarək olsun! Bu üçü olmasa, vəhdəti vücudun olmaz”.

Səssizliyin mübarək!

Share: