Müstəqil.Az Səlim Babullaoğlu və Hüseyin Duyğunun təqdimatı və tərcüməsində növbəti Danimarka şairinin 2 şeirini təqdim edir
Uffe Harder
Görkəmli Danimarka şairi, tərcüməçi, redaktor, ədəbi tənqidçi. 29 sentyabr 1930-cu ildə anadan olub. Modernist və sürrealist yazı manerasına sahib olub, ötən əsrin 60-cı illər Danimarka modernist poeziyasının mərkəzi fiqurlarından olub. 1954-cü ildə “Partlayan dayaqlar” şeir kitabı ilə ədəbi debüt edib. “Pozisioner” (1964), “Dünya sanki…” (1979), “Orda yol olmalıdır” (1984), “Sükutda səs” (1993) və b. şeir kitablarının müəllifidir.
Bekket, Flober, Klod Simon, Şeymas Xini, Fuentes və başqalarının əsərlərini Danimarka dilinə çevirib. Danimarka Yazıçıları Assosiasiyasında, Danimarka Pen Təşkilatında, Statens Kunstfonds Ədəbiyyat Komitəsində çalışıb. “Hvedekorn” və “Louisiana Revy” jurnallarının redaktoru olub. 1973-cü ildə Danimarka Akademiyasının həqiqi üzvü seçilib. 1978-ci ildə “İndi və indi” şeir kitabına görə “Drachmmaniegatel” təqaüdünü alıb, bir çox ədəbi mükafatlara layiq görülüb.
26 aprel 2002-ci ildə vəfat edib.
Daş
Gözünə girən
böyük bir daşı
dığırlada-dığırlada
yoxuş yuxarı
təpəyə çatmadan
buraxsan üzüaşağı,
daş öz-özünə
aşağı yuvarlanır.
Onda daşı
təkrar yenə yoxuşa
çıxartmağa çalışanda
təpəyə çatmadan
daş yenə öz-özünə
üzüaşağı yuvarlanır.
Bəlkə də birini əzir…
Gücün çatan qədər
davam edə bilərsən bunu,
davam etməsən də olar.
Daha bir dəfə
Daha bir dəfə
günün sonuna yaxın
açıq yaşıl
tünd yaşıla dönüb.
Alaqaranlıq
bıçaqlarla parçalara
bölünmüş kimi
ağacların arasını
doldurmağa çalışınca,
hara gedə bilərsən ki
qaranlığın içindən başqa?