Faiq BALABƏYLİNİN doğum gününə dost təbriki – İlqar TÜRKOĞLU yazdı

Faiq BALABƏYLİNİN doğum gününə dost təbriki – İlqar TÜRKOĞLU yazdı

Faiq Balabəyli, nədənsə, mənə şair-yazar kimi yox, daha çox çılğın, cəsur döyüşçü obrazını xatırladır. Mənə elə gəlir ki, onu yaxından tanıyanlar da bunun fərqindədirlər.

 

Tələbəlik dövründən Bakıda evim olsa da, 1988-ci ildən məskənim meydanlar oldu. Bu meydanlarda sağlamlığımdan belə keçdim. Faiq Balabəylini Qanlı Yanvardan çox- çox sonra tanımışam. Amma mənə elə gəlib ki, 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfnində Azərbaycan deyə hayqıran gəmilərin komandosu Faiq Balabəyli ilə bir yerdə imperiyaya qarşı üsyan püskürmüşük.

Ömrünün gənclik illərini dənizdə keçirdiyindən, ya başqa səbəbdən, xarakteri də dəniz kimi təlatümlüdür. Dənizə vurğunluğu sevimli nəvəsinin adını Dəniz qoyması da təsadüfi deyil. İllər öncə sosial şəbəkələrdə maraqlı hekayələrini oxuyandan sonra onun ipək kimi qəlbinin təpərinə heyran qaldım. Kin saxlamaq xarakterinə yaddır. Bir anda qığılcım kimi od saçan adam elə bir anda da istiqanlı, həlim olub, xətrinə dəydiyi insanın könlünü alar, onu köksünə sıxar. Yazdığım bütün epitetlərin, etiketlərin fövqündə duran isə onun ailəsi, övladları, nəvələridir. Milli dəyərləri özində ehtiva edən nümunəvi ailə düzənini onun şah əsəri də hesab etmək olar.

“55”-ni harada və necə keçirdiyimizi unutmuşam. Uzun illərdir, dostların ad günlərində, şad günləridə bərabər iştirak etmişik. Sıralanan bu ad günləri içərisində Faiq Balabəylinin 60 illik yubileyinin də möhürü bu il vurulub və dost təbrikləri davam etməkdədir. Qutlu olsun, abi! Sağlam canla uzun ömür diləyirəm. Var ol!

Share: