Xəzan ömrün nağılı- Xatirə Xatun yazır…

Xəzan ömrün nağılı- Xatirə Xatun yazır…

(Nakam Elnarənin əziz xatirəsinə)

İlıq bir payız axşamıdır. Hava bir az tutqun kimi.. Göylər,, yağım ya yağmayım” deyə tərəddüd edir sankı. Ətrafda hüznlü bir sükut var. Ara- sıra pəncərəm önündəki dəmirağacından yarpaqlar qopur, bir az havada ləngər vurduqdan sonra sakitcə torpağa, ağacın altında onu gözləyən xəzəllərin üstünə qonur. Mənsə vaxtsız gedənləri xatırlayıram… An etibarı ilə dünyasından doymayan əzizim, nakam Elnarəni…
Doğmaların, doğma saydıqların haqqında nəsə yazmaq çox çətindi. Hardan başlayıb harda bitirəsən ki, həm oxuyanları yormayasan, həm də onu yetərincə tanıda biləsən…
Şilavara, köhnə nəslin yaxşı tanıdığı Saffan müəllimin ocağına gəlin gedən xalam Vəzifənin və onun həyat yoldaşı doktor Ağanın dalbadal dünyaya gələn üç qızından sonuncusu idi Elnarə…Özündən sonra da iki qardaşı doğulmuşdu. Ayağı sayalı deyərlər bizdə buna… Beş uşağın beşinə də ali təhsil verən ailə onlara hər zaman dəstək olmuş, qol – qanad gərmişdi. Elnarə və qardaşı Mərdan isə həm də magistr təhsili almışdılar…Mərdan və böyük qardaşı Murad oxuyub paytaxtda iş həyatına davam etsələr də Elnarə və böyük bacısı İradə rayonda müəllimlik və repetitorluq fəaliyyəti ilə kifayətləndilər. Bir müddət rayonda işlədikdən sonra ailə qurub Bakiya köçən ortancıl bacıları İlhamə də orda müəllimliyini davam etdirirdi. Həyat beləcə ötürdü, sakit, öz axarında. Gündüz məktəb, sonra evdə hazırlıq, həftə sonlarında, tətil və bayram günlərində isə kəndə gələn bacı-qardaşın ailəsi, uşaqları, onları görməyin sevinci ilə… Amma bu sakit dediyimiz yolda amansız bir əjdaha da durub Elnarəyə göz qoyubmuş sən demə…
Sakit, başıaşağı, qara gözlərinin içi bulaq kimi dupduru, üzündə daim bir xəfif təbəssüm, hər görəni ilk salamlamağa çalışan, hər kəsi öz dilində dindirən bu qız elə o həyanın, utancaqlığın qurbanı da oldu deyə bilərəm… Səhhətindəki narahatlığı bir il gizlədib, kimsə üzülməsin, bəlkə keçər deyə ailə üzvləri ilə də bölüşmək istəməyib.,,, Bu yaşa qədər bir dəfə başı da ağrımamışdı, nə də bir həb atdığını görmədik, “- deyir bala dərdinin dağ boyda ağırlığı altında əzilən anası, mənim Püstə xalam (bizlərdə xalaya, bibiyə ad qoymaq köhnə adətdir, biz də onu Püstəxala çağırmışıq. Red-X. X)… Dolmuş gözlərini silib qapıya baxır, mən də onunla birgə… Elə bilirəm bu an bu qapıdan Elnarə içəri girəcək, bizə – onun cümə axşamına yığışan qohumlara, qonşulara, kənd əhlinə,, Salam, xoş gəlmisiniz”, – deyəcək. (Bu arada burdan bütün Şilavar camaatına təşəkkür edirəm, 40 gün ərzində bir saat belə dərdli ailəni tək qoymadılar. Nə yaxşı ki bu adət hələ də yaşayır, saxlanılır) Amma olmur, gəlmir, adı üstündə-Ölüm bu… Doluxsunduğumu xalam da hiss edir, yavaşca dizimə toxunur, ,, sən ağlama, sənə olmaz, “-deyir.,, Canım xalam, bu halınla da məni düşündüyün üçün sənə necə minnətdarlıq edim, bilmirəm”, – deyə onu qucaqlayıram, iki ildi gizli – gizli çəkdiyi dərddən ərimiş vücudu qollarımın arasında itir… Yaşayan bilir, bu ağrının çəkisini… O qədər ağır ki, ad da qoya bilməmişlər. Məsələn, anasız uşağa yetim deyirlər, amma balasını itirən anaya, ataya isə bir ad tapmaq mümkün olmayıb. Çünkü o dərdin özünün ağırlığını ölçə bilən bir meyar olmayıb… Ata dedim, burda yadıma xalamın ömür – gün yoldaşı, nəinki Lənkəranda, ətraf rayonlarda belə təcrübəli pediatr kimi tanınan, əlindən neçə ailənin sevinc aldığı, neçə körpənin şəfa tapdığı doktor Ağa ilə söhbətim düşür. O zəhrimar xəstəliyin aşkar olunduğu ilk gündən son anlara qədər yaşadıqlarını bəzək – düzəksiz, sadə bir dildə anlatmağa çalışır. Gəzdiyi xəstəxanaları, həkim qapılarından çarəsiz geri dönüşlərini içi yana-yana anladır. Anlada və özünün də anlaya bilmədiyi tək şey isə indi onu tüstüsüz, odsuz yandıran peşmanlıq duyğusudur.,, 46 ilin həkimiyəm mən, yarım əsrə yaxın bu işdə çalışmışam, mən necə uşağımın dərdini bilmədim, onu necə əlimdən verdim? – deyir bu ahıl, ağsaqqal həkim ata… Mənimsə ürəyimdən başqa sözlər keçir, demək istədiyim, amma deyə bilmədiyim… Deyə bilmirəm ki, onu qapına gələnlərdən heç kimə rəva bilmədin, amma vaxtsız əcələ gücün çatmadı, doktor… Ürəyimdə Elnarə ilə danışıram :,, Elçilərin çox oldu, amma heç biri o məlun xəstəlik qədər səni o evdən aparmaqda israrlı ola bilmədi, bulaq gözlüm “…
Mərdan – özündən sonra gələn qardaşı ilə ağrılarını bölüşürəm. Deyir:,, Mən necə izah edim o ağrını, bilmirəm ki… Bax, elə hesab et ki, barmağımı kəsiblər, yaram hələ istidi, ağrısına birtəhər dözürəm. Amma dəqiq bilirəm ki, bu yaranın göynərtisi məni sonra yandıracaq, lap çox yandıracaq… ”
Böyük bacısı İradə ilə həm də yaxın rəfiqə idilər. İradə danışır, mövzunun birini saxlayıb o birinə keçir, kövrəlir, kövrəldir…,, Təkcə bacım deyildi, həmsöhbətim idi o mənim, – deyir, – həmsöhbətimi itirmişəm”. O danışır, mən isə onun telefonunun qalareyasındakı şəkilləri vərəqləyirəm. Hər yer Elnarə… Şəkillərin birində iş yoldaşının toyundadı, o anın təsiri ilə çox xoşbəxtcəsinə gülür… Kim bilir, xəyalından nələr kecir əlləri toy xınası, teli gəlin bəzəyi görməyən talesizimin…
Mən atamdan bilirəm uzun olur xərçəngın qolları… Hara desən çatır, burub bükmələyib sürüyür ardıyca… Neçə doğmamı beləcə çəkib götürdü… Hələ də gözü üstümüzdə…
Aşırı həssas olduğumu bildiklərindən mənə demirlər Elnarənin son günlərini. Amma mən də su misalı aralarına sızıb hərdən bir kəlmə qoparmaqla pazl kimi yığıram mənə lazım olanları… Anasına ,, möhkəm ol, səbrli ol, “- deyə məsləhət də verirmiş son günlərində … Onu ən çox yıxan isə bu ilin avqustunda bütün müəllim həmkarları işə qayıdanda onun öz əli ilə ərizə yazıb bir müddət gələ bilməyəcəyini bəyan etməsi olub. İyun ayında sertifikasiya imtahanından yüksək balla keçib, müsahibə mərhələsinə hazırlaşırmış. Oktyabr ayının əvvəlində keçirilən müsahibə mərhələsində isə artıq həyatda yox idi. Müsahibədə iştirak edən müəllimlərdən biri mənə danışır :
-Adını iki – üç dəfə səsləndirdilər, sonra bildilər ki, Elnarə Əbilova həyatda yoxdu.
Belə olmur ee, vallah, olmur. Adam imtahana gecikər, yatıb yuxuya qalar, lap belə könlü istəməsə getməz…
-Necə yəni yoxdu? Hardadı?
-Ölüb…
Belə olmur, vallah, olmamalı idi… Eliş, bulaq gözlüm, məni niyə ağlatdın o qədər müəllimin qabağında?
Bacısı İradə də eyni gündə, amma fərqli saatlarda müsahibədən keçməli idi. Otaqdan çıxan kimi məktəbin həyətində gözü bacısını, özü demişkən, həmsöhbətini axtarıb, tapmayıb hönkür-hönkür ağlayıb, sağ olsun iş yoldaşları, tez əhatəyə alıb təskinlik veriblər…Nə yaxşı ki, təsəllilər var, onu gözlədiyimiz insanlar var… Bundan onlara da çox sağ olun deyirəm.
Uzun illərin iş təcrübəsindən bilirəm, başqa bir müəllimi müvəqqəti də olsa əvəz etmək çətin olur. Mütləq şagirdlərə :
-Uşaqlar, müəlliminiz bir neçə gün olmayacaq, onu mən əvəz edəcəm, – deyə izah etməli olursan. Ay Elnarə, sənin dərs dediyin siniflərə bu dərs ilində girən müəllimlər nə zülüm çəkdi, uşaqlara nə dedi, necə dedi görəsən?…
Diplomlarını əli ilə büküb, qırmızı lentlə bağlayaraq,, məndən də bunlar qaldı”, – deyib sevdiyi peşəsindən doymayan Elnarə… Elişim, talesiz doğmam, səndən təkcə o neçə illik əziyyətinin bəhrəsi olan diplomlar qalmadı ki… Gör neçə gəncin yaddaşında əbədi olaraq qalacaqsan… Yas mərasimində iştirak edən valideynlər səndən necə ağızdolusu danışırdı, kaş bilsən… Şagirdlərin, iş kollektivin müəllimlər günündə məzarını ziyarət edib gül dəstələri qoyublar… Ruhun yəqin ki şaddır, kimsəyə zərəri, ziyanı toxunmayan əzizim. Səni unutmayacağıq. Rahat yat, yuxun şirin, məkanın cənnət olsun.
Sabah 40 mərasimindir, həm də ad günün… Bu şeiri də sənin dilindən yazdım, taleyinə yaraşan olsun, mənim talesiz Elnarəm…

Elmimlə işiq tutdum yoluna çox cavanın,
Həkk oldu verdiyim dərs çoxunun yaddaşına.
Müəllimlər içindən indi silindi adım,
Qara xətlə yazıldı qapqara başdaşına.

Mənim də belə imiş alın yazım, qismətim,
Xəzəl vaxtı doğuldum, xəzəl vaxtında getdim.
Nə yadıgarım qaldı, nə də ki əmanətim,
Bu qısa həyatımın gözəl vaxtında getdim…

Xatirə Xatun
Lənkəran, 12 oktyabr, 2024-cü il

Share: