Qubadlı Şəhəri Günü

Qubadlı Şəhəri Günü

Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” – Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyev

Qubadlı şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb. Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib. Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb.

Ölkəmizin cənub qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsi hesab edilir. Hər bir qarış torpağımızın azad edilməsi sözsüz ki, xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş oğullarımız bu gün böyük hörmət və ehtiramla yad edilir.

Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biri idi. Qubadlı erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Rayon ərazisində bütün sosial infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib, ermənilər nə mümkündürsə daşıyıb aparıb. Ərazidə ekoloji terror həyata keçirib. Bununla da xalqımıza külli miqdarda maddi-mənəvi ziyan vurulub.

Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlının işğaldan azad olunması nəticəsində Vətən müharibəsinin gedişatında Ordumuz strateji əhəmiyyətli uğur qazandı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.

Sözsüz ki, Qubadlı üçün ən əlamətdar günlərdən biri də 2020-ci il 23 dekabrında Prezident cənab İlham Əliyevin rayonda şanlı bayrağımızı ucaltmasıdır. Təbii ki, ölkə başçısının Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır.

Rayonunun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. Həmçinin rayonun Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var.

Rayon işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir.

Ötən müddət ərzində Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Qubadlı şəhəri və rayonun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub.

Eyni zamanda, Prezident cənab İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılıb.

2021-ci ilin bu günü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar. Dövlət başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Həmçinin, dövlət başçısı və birinci xanım 2022-ci ilin oktyabrın 19-da da Qubadlı rayonuna səfər ediblər. Belə ki, Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.

Həmin gün dövlət başçısı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin də təməlini qoyub. Bildirilib ki, ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay və dağ mənzərəsi ilə əhatə olunub. Məhəllə şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə binaların üçmərtəbəli və dördmərtəbəli olması planlaşdırılır. Ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur. Mənzillərdən 48-nin ikiotaqlı, 68-nin üçotaqlı, 20-sinin dördotaqlı və 20-sinin isə beşotaqlı olması planlaşdırılır. Binaların inşasında müasir memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq.

Həmçinin, 2023-cü il sentyabrın 5-də Prezident cənab İlham Əliyev “Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin‒Qubadlı‒Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb.

Bu da qubadlıların çox qısa zamanda öz yurd-yuvalarına dönüb əbədi, xoşbəxt yaşamasına zəmin yaradır. Sözsüz ki, erməni faşizmi vaxtilə işğalda saxladığı digər rayonlarımız kimi Qubadlıda törətdiyi vəhşiliklərə görə də beynəlxalq hüquq qarşısında cavab verəcək. Çünki Ermənistan digər rayonlarda olduğu kimi Qubadlıda da çoxsaylı hərbi cinayətlər törədib. Cenevrə konvensiyalarına ziddi olaraq işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma aparılıb. Bütün bu faktlara əsasən Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməli olacaqdır.

Sözsüz ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixləri bayram günü kimi qeyd edir.

İlham Qayıbzadə: Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri, 2-ci qrup Qarabağ əlili

 

Share: