Şair, üzü sənə durub, – pıçıldayır …

Şair, üzü sənə durub,  – pıçıldayır …

Əbülfət Mədətoğlu

(Yeni şeirlər)
Çox çətindi dərd ələmək,
Kirpiklərin çətənində…
Olmur, vallah hökm eləmək –
Dərdlərimə, vətənində!
.
Ürək kövrək, hisslər zərif
Sevir diqqət, umur tərif!..
Sözü dildən elə dərib –
İzi yoxdu, bədənində!
.
Vaxtın özü oyun qurub,
Üzücüdü, enən qürub!
Şair, üzü sənə durub –
Pıçıldayır, nədənin də!

Keçirtdin

( “Bir adına” silsiləsindən)
Şükür, bir az vaxt ayırıb vaxtını –
Ürəyimin yarasıyla, keçirtdin…
Caynaqları tikanlamış həsrəti –
O yaranın arasıyla , keçirtdin!..
.
Fərqlənsə də ağızların tamı da,
Dilli, dilsiz sızıltı var hamı da!
Ümid!-deyib yandırdığın şamı da –
Gözlərimin qarasıyla , keçirtdin!..
.
Nədə belə dolaşdırdım mən, məni,
Varlığına biləmmədin tən , məni!
Gündoğandan günbatana sən, məni –
Para qəlbin parasıyla , keçirtdin!

Mən özümü

Mən özümü bu anlar
Tikan üstə görürəm…
Ruhuma sığınacaq –
Gizli yuva hörürəm!..
.
Qapıda əli yalın,
Külək çözür gün falın…
Özümlə sirli, qalın –
Bir xatirə çözürəm…
.
Qəmdən elə yaşam ki,
Qoymur sərhəd aşam ki!..
Mən daşdan da daşam ki –
Həsrətinə dözürəm!…
Share: