Azər Mirzəyev… Bu imza böyük oxucu kütləsinə, bəlkə də tanış gəlməyə bilər. Amma cəlilabadlı oxucular üçün bu imza çox doğmadır.
Azəri bizə sevdirən, təkcə yazdığı məzmunlu, düşündürücü lirik şeirləri deyil, onun şəxsiyyəti, sadəliyi, bir insan kimi özünü dərk etməsi, adamda ona qarşı bir sevgi, doğmalıq hiss yaradır. Saçının saqqalının ağ olmasına baxmayaraq, Azər cavandır, gəncdir. Onun gələcəyi, uğurları hələ qarşıdadır. Ürəyində nə qədər arzuları, istəkləri yatıbdır. Bu adam üzdən sakit, təmkinli görünsə də, içində çox böyük mətləblərdən xəbər verən arzu və istəkləri hayqırır, çağlayır.
Azər çox böyük mərifət sahibidir. Özünü gözə soxanlardan, “mənəm, mənəm” deyənlərdən deyil. Az-az yaradıcı qələm dostlarımıza xas olan, yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşən yazarlarımızdandır… Çox gözəl, məzmunlu və düşündürücü şeirləri vardır.
İstərdim ki, bu insanın yaradıcılığı ilə yaxından tanış olaq və onu dəyərləndirək. Azərin bir neçə şeirini sizə təqdim edirəm.
Meyxoş Abdullah, AYB-nin üzvü, Prezident təqaüdçüsü
Azər MİRZƏYEV
Bir azca…
Çətindirmi gözlərimdən oxunmaq?
Bir arzum var, nəfəsinə toxunmaq.
Gedirsənsə ürəyimə toxunma,
Sevməyə də ürək saxla bir azca.
.
Ayrılığa büründükcə,isindim,
Bir həsrət hör, aramızı kəs indi.
Bircə qırıq ümüd qalıb bəsimdi –
Sevməyə də ürək saxla bir azca.
.
Xatirəmi yaxşı qoru, əzilər.
Haçan gördün darıxırsan, səs elə.
Bu ürəyim yaşamağa,bəs elər –
Sevməyə də ürək saxla bir azca.
Mübarək.!
Ey Vətən Zəfər günün,
Yaşam günün,mübarək!
Sən azad-mən qürurlu,
Xoşam,günün mübarək!
.
Türküm,sən ey hun əri,
Tarix yazdı hünərin.
Əsgər balam afərin.
Paşam,günün mübarək!
.
Yol açdın,izin aydın,
Günün-gündüzün aydın.
Can Vətən!
gözün aydın,
Şuşam, günün mübarək.!
.
Var ola bilmirsən
Bax,qaçır ən şirin yuxun gözündən,
Kimin var özünə yaxın özündən.
Var ola bilmirsən,yoxun üzündən,
Cibində qəpiyi olmayan kişi.
.
Can ruhun itirir,ürək həvəsin,
“Haqq yırta bilirmi görək qəfəsin”
Hələlik ümüd ye çörək əvəzi,
Cibində qəpiyi olmayan kişi.
.
Gözünə yad gəlir,çoxda gülüşlər,
Ağla ürəyinlə,toxda gülüşlə.
Gizlə gözlərini saxta gülüşlə,
Cibində qəpiyi olmayan kişi.
.
Tox-toxu anlayır, indi ac-acı,
O kimdir tor qurub baxır qıyqacı…
Doğmalar açmayıb qapını hələ,
Şükür,yada salıb ehtiyac açır,
Cibində qəpiyi olmayan kişi.
Cibində qəpiyi olmayan ata.