Elşad BARAT
Heydər Əliyevi ilk dəfə beş yaşımda görmüşəm. Həmin anları indi də dəqiq xatırlayıram. Cəmi beş yaşım var idi. Kəndimizdə yalnız bir neçə evdə televizor olardı. Bizim evdə də anamın cehizlik 52 ekran televizoru bütün qonşuların üzünə açıq idi.
Adətən film izləməyə gələn qonşular bu dəfə ölkədəki vəziyyəti öyrənmək üçün gəlmişdi. Çünki ictimaisiyasi məsələlər, paytaxtda, Gəncədə və digər bölgələrdə baş verən hadisələr böyükdən kiçiyə hər kəsi narahat edirdi. Müharibə, daxili çaxnaşma, qardaş qırğını, bütün bunlar ən çox da nənəmi üzürdü. Dayımın əsgərlik məsələsi ortaya düşəndən sonra nənəm ölkədəki siyasi vəziyyətlə daha çox maraqlanmağa başlamışdı. Hər gün namaz üstündə allaha yalvarırdı ki, Heydər Əliyev Bakıya gəlsin. Bunun üçün təkcə nənəm deyil, bütün kənd dua edirdi. Nəhayət, həmin gün gəlib çatdı. Bir neçə gün idi kəndə xəbər düşmüşdü ki, Heydər Əliyev qayıdır. Televizor olan otağımız ağzına qədər insanla dolmuşdu. Hamı o tarixi anı gözləri ilə görmək üçün xəbərlər proqramını gözləyirdi. İndiki kimi yadımdadır, Ulu Öndər təyyarədən təbəssümlə endi, ayağının altında qurban kəsdilər. O kadrları televizorda görən kimi otaqdakı adamlar sevinclərindən atılıb-düşməyə başladılar. Nənəm televizora yalvarırdı.
Yuxarıda qeyd etdiklərim ümummilli lider Heydər Əliyevin Bakıya dönüşünün yalnız bir epizodunun mənim uşaq yaddaşımda qalan hissəsidir. O anlar böyük insanların yaddaşında daha çox xilasedici iz buraxdığına əminəm. Bizim televizor olan otağımızdakı insanların o kadrları görəndə necə sevindiyini, xoşbəxt olduğunu düşünəndə təsəvvür edirəm ki, bütün Azərbaycan xalqı da bu xəbəri eşidəndə həmin insanlar kimi necə sevinib.
O zamanlar Heydər Əliyevi bir kənd, bir qəsəbə, bir şəhər deyil, bir ölkə gözləyirdi, bir xalq səsləyirdi. Çünki o xalq bilirdi ki, onun xilaskarı məhz Heydər Əliyevdir. Bir xalqı xilas etmək üçün Heydər Əliyev kimi zəngin bilik ehtiyatına, uzaqgörən sisasətə, heyrətamiz təhlil qabiliy-yətinə malik olmalı idin. Hər dövrün və hər xalqın böyük şəxsiyyətləri, böyük ziyalıları olur. Hansısa bir xalqın taleyində eyni dövrə bir neçə böyük şəxsiyyətlər düşə bilər. Tutaq ki, nəhəng bir şair, dərin bir alim, dahi bir rəssam ola bilər, amma 1993-cü il hadisələrində Azərbaycan xalqına Heydər Əliyev kimi hər sahədə zəngin bilik ehtiyatı olan bir şəxsiyyət lazım idi. Bu gün də keçmiş kadrları izləyəndə, Heydər Əliyevin müxtəlif çıxışlarına baxanda açıq-aydın görürsən ki, o, tarixçi ilə tarixçi kimi, mühəndislə mühəndis kimi, kino işçisi ilə kinoşünas kimi, ədəbiyyatçı ilə ədəbiyyatşünas kimi danışır. Onun dövlət idarəçiliyi, politologiya, bank işi, iqtisadiyyat və s. sahələrlə bağlı mülahizə və fikirləri olan çıxışlarını izləyəndə əmin olursan ki, onun kimi siyasətçilər dünyaya çox az gəlir.
Ulu Öndərin zəngin mənəvi irsində ədəbiyyat və mədəniyyət sahəsi də xüsusi yer tutur. Dünya tarixində ədəbi-mədəni inkişafa mühüm yer verən, himayədarlıq edən siyasi xadimlər, dövlət başçıları çox olub, amma Heydər Əliyevi onlardan fərqləndirən böyük cəhət budur ki, Ulu Öndər ədəbiyyat və mədəniyyət xadimlərinə yalnız himayədarlıq etməyib. O, həm də bu sahələrin təbliğatçısı və dərin bilicisi olub. Hamımız bilirik ki, müasir dövr Azərbaycan ədəbiyyatında adını xatırlaya biləcəyimiz və bilməyəcəyimiz hər bir şair və yazıçının həyatında Heydər Əliyevin böyük rolu var. Ədəbiyyatçıların əsərlərinin kütləvi çap edilməsi, dərsliklərə salınması, onların yubiley tədbirlərinin təşkil olunması, mükafatlandırılması, bütün bunlar Ulu Öndərin ədəbiyyata olan diqqətinin bir göstəricisi idi. Təkcə müasir dövr şair və yazıçıları deyil, klassik Azərbaycan ədəbiyyatının nümayəndələrini də diqqətdə saxlayan Heydər Əliyev onların büst və heykəllərinin qoyulması, əsərlərinin Azərbaycan dilində çapı, sərgi və muzeylərinin yaradılması istiqamətində də gərəkli sərəncamlar imzalamışdır.
Tarixi bir çıxışında Ulu Öndər bu sözləri demişdir: “Ədəbiyyat bizim xalqımıza çox böyük faydalar gətiribdir. Ədəbiyyatımız bizim böyük milli sərvətlərimizdən biridir. Biz bununla fəxr etməliyik. Şəxsən mən həmişə belə hesab etmişəm, bu gün də belə hesab edirəm, daim belə düşünəcəyəm. Hesab edirəm ki, bizim ədəbiy-yatımızın, bədii sözün, yazıçı sözünün cəmiyyətə, millətə, xalqa təsiri böyükdür”.
Bir ölkənin prezidentinin ədəbiyyatçılar qarşısında belə bir çıxış etməsi ədəbiyyata olan sevgi, diqqət və qayğısından əlavə, ziyalılar qarşısında qoyduğu mənəvi məsuliyyətdir. Tarix heç nəyi unutmur. Əsrlər keçsə də araşdırmaçılar ədəbiyyatçıların həyatını araşdıranda hər yerdə Heydər Əliyevin adı ilə qarşılaşacaqlar. Bu gün elə ədəbiyyatçılar var ki, Ulu Öndər olmasaydı adı unudulardı, məzarı belə olmazdı. Heydər Əliyevin Azərbaycan ədəbiyyatı qarşısında gördüyü işlər müasir Azərbaycan ədəbiyyatı boydadır. XIX və XX əsr ədəbiyyat tarixinə nəzər saldıqda görürük ki, hər siyasi dövrün ədəbi prosesi müxtəlifdir. Hansı dövrdə ki, siyasi rəhbərlik ədəbiyyatçılara himayədarlıq edib o dövrdə ədəbi proses canlanıb, ədəbiyyat inkişaf edib. Bu mənada son əlli illik Azərbaycan ədəbiyyatı öz inkişafına görə Heydər Əliyevə borcludur.
Elşad Barat