Vətən tarixinin  bir parçası – Qaraqoyunlular.

Vətən tarixinin  bir parçası – Qaraqoyunlular.

Xalqın etnogenezində iştirak etmiş nəsillərin, tayfaların, nəhayət tayfa birliklərinin tarixinin öyrənilməsi elmi, o cümlədən mədəni-tarixi mahiyyət daşıyır. Bununla bərabər o həm də, daha önəmlisi odur ki, siyasi əhəmiyyət kəsb edir. Qaraqoyunlular mənşəcə oğuz tayfalarındandır; bu türkman birlikləri içərisində Baharlılar üstün mövqedə olduqlarından tayfa ittifaqına Baharlı elindən olan əmirlər başçılıq edirdilər.

Gəlin, Şərqi və Cənub-şərqi Anadolu ilə Azərbaycanın türkləşməsində böyük rol oynayan Qaraqoyunlular tarixinə, bu tarixi 600 ili – 6 əsri keçməkdə olan Qaraqoyunlu dövlətinin tarixinə bir qısa nəzər salaq: Qaraqoyunlu hökmdar sülaləsinin (1380-1468-ci illər) əsasını Bayram Xoca qoymuşdur. O ağıllı, adıl, comərd və bunlarla bərabər cəsur, qətiyyətli hökmdar idi. Qaraqoyunluların ondan başlayan məşhur hökmdarları: Qara Məhəmməd Durmuş bəy, Qara Yusif bəy Bahadır, Qara İskəndər, Əbu Səid, Sultan Müzəffərəddin Cahan şah ( şair “Həqiqi”) göstərmək olar. Ölkədə doğma türk dili dövlətin rəsmi dili olmuşdur və bütün yazışmalar da türk dilində aparılmışdır. Bu sülalənin görkəmli nümayəndələrindən olan Cahan şah Həqiqi imzası ilə şeirlər yazırdı və türk dilində divanı vardır. Dövlətin mərkəzi əvvəlcə Van, sonra Teymurilərin məğlubiyyətindən sonra isə 1410-cu ildən Təbriz şəhəri olur.

Qaraqoyunlu əsgərləri

Əvvəlcə Van gölündən Cənubda məskunlaşmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən başlayaraq Ərzincan və Sivasda möhkəmləndilər. Bütün Azərbaycan (Şirvanşahlar dövləti istisna olmaqla), Müasir Ermənistan əraziləri, Gürcüstanın bir hissəsi, İranın qərb əyalətləri, İraq bu dövlətin tərkibinə daxil oldu. Qaraqoyunlular daim Teymurilər, Ağqoyunlular, Cəlairilər, Şirvanşahlarla müharibələr aparmışlar. 1467-ci ilin payızında(11 noyabr) Uzun Həsən Muş altında Səncək adlı yerdə baş verən döyüşdə Cahan şahı öldürdü; Qaraqoyunlular bu müharibədə məğlub oldusa da Uzun Hasan yalnız 1468 –ci ildə Cahan şahın oğlu Həsən Əli üzərində qazandığı tam zəfərdən sonra Qaraqoyunlu dövlətinin varlığına son qoya bildi və onu Ağqoyunlu dövləti əvəz etdi Cahan şâh zamanında Qaraqoyunlu dövləti genişlənərək Azərbaycan, Arran, Iraqi Ərəb, Iraqi Əcəm, Fars, Kirman və Şərqi Anadolunu əhatə edirdi. Dövrünün böyük hökümdarlarından biri olan Cahan şâh sərt ve cəsur bir hökümdar idi; onun ölümü ilə parlaq bir dövr sona gəlmiş və qısa vaxtdan sonra da Qaraqoyunlu dövleti süquta uğramışdı. Qaraqoyunluların böyük hökümdârı Cahân şâh (1437-1467) dövründən paytaxt olan Təbrizdə Cahân şâh adına tikilən Göy Məscid mədrəsəsi və Müzəffəriyyə mədrəsəsi, xanımı Can Bəyim xatunun mədrəsə və imarəti, İsfahandaki cümə camesi, Vandakı Ulu Cami günümüzə qədər gəlmişdir. Yurdumuzda Qaraqoyunlu- Mingəçevir, İmişli, Gədəbəy, Quba, Ağdam, Qubadlı, Ağsu, Daşkəsən, Yevlax, Kürdəmir rayonu ərazisində; Azad Qaraqoyunlu– Tərtər rayonu ərazisində;Tap Qaraqoyunlu-Goranboy rayonu ərazisində, Qaşaltı Qaraqoyunlu – Goranboy  rayonu ərazisində; Xan Qaraqoyunlu -Bərdə rayonu ərazisində; Çay QaraqoyunluDağ Qaraqoyunlu Şəki rayonu ərazisində bunlarla yanaşı Qaraqoyunlu kalafası və – Qaraqoyunlu qəbirstanlığı Qazax rayonu ərazisində yer adı; Qaraqoyunlu – Xoy bölgəsində Çaldıran ətrafında 30-a qədər yaşayış məskəninin adıdır. Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi və dərədə məskunlaşmış Qaraqoyunlu kəndləri tarixi Göyçə mahalı da Qaraqoyunlu məskənlərindən olmuşdur; iki kənd – Kiçik Qaraqoyunlu, Vedibasarda Qaraqoyunlu dərəsi və eyni adlı kənd. və Böyük Qaraqoyunlu… Təəssüf ki, Gədəbəy bölgəsinə aid Qaraqoyunlu dağının adı dəyişdirilərək Dəyirman dağı adlandırılmışdır. Türkmən İraqında və Türkiyənin İqdır vilayətinin ərazisində, rast gəldiyimiz yer- yurd adı qaraqoyunlularla bağlı deyilmi?! Bunların üzərinə adı sonradan dəyişdirilmiş yeni adlarla əvəzlənmiş yerlərin də adlarını əlavə edərsək ölkədə və habelə vaxtilə Qaraqoyunlu dövlətinin təsir dairəsini bir növ bərpa etmiş oluruq…

Qaraqoyunlu damğası

Qaraqoyunlu, habelə Qaraman, Çəpni, Alpout, Qazan, Qarqar, Abaran, Ayrum, Qarxun, Göylər… qəbilindən olan tayfa, nəsil adından yaranmış yer-məskən adlarına daha həssas yanaşmalı, onları dilimizin, tariximizin yadigarları, qiymətli tarix faktları kimi hifz etməliyik. Lakin təəssüf ki, tariximizə, coğrafiyamıza və etnoqrafiyamıza münasibətlərdəki səhvlər, bir növ saxtakarlıqlar davam edir… Bu mənada tarixçilərin, habelə filoloq alimlərin, yazıçıların üzərinə böyük vəzifə borcu düşür. Yaxşı ki, son illər ədəbiyyatımızda tarixi mövzulara maraq artmaqdadır. Bu maraq daim olmuşdur. Lakin siyasi ideologiyaya tabe etdirilən sənətdən nə isə ciddi uğurlar sözün tam mənasında tam mənasında nəticə gözləmək də inandırıcı görünməzdi. Amma indi Azərbaycanın dövlət müstəqilliyi dövründə bu mövzular aktual, gərəkli mövzulara çevrilmişdir. Tarixi şəxsiyyətlərin doğru, həqiqi portretləri, tarix üçün önəm daşıyan hadisələr ədəbiyyata gətirilməkdədir. Böyük tarixin yaxasındakı bu kiçik nişanlar sönməz nişanələr tək möhtəşəm bir tarixə girişimizə yol açır. Bu tarixi faktlar göstərir ki, əzəmətli dövlət quran Azərbaycan türkləri bu topraqların həqiqi sahibidirlər. Və bir də bu gün demək mümkündür ki, dövlətimizin çox-çox əvvəllərdən mükəmməl, örnəkverici dövlətçilik ənənələri olmuşdur.

professor Minaxanım Nuriyeva Təkləli

 Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

Qaraqoyunlu kəndləri (Qərbi Azərbaycan)

 

Share: