Moskvada görkəmli hüquqşünas alim Cahangir Kərimovun xatirə gecəsi keçirilib

Moskvada görkəmli hüquqşünas alim Cahangir Kərimovun xatirə gecəsi keçirilib

Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasında (Prezident Akademiyası) (RXTveDXA) “Görkəmli alim, müəllim, hüquqşünas Cahangir Kərimov” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

“Biz Rusiyanı sevirik” beynəlxalq hərəkatının, Prezident Akademiyasının və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin birgə təşkilatçılığı ilə keçirilən gecə C.Kərimovun həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə davam edib.

Tədbirdə C.Kərimovun həmkarları və tələbələri, hüquqşünas alimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Akademiyanın prorektoru, Biznes və İşgüzar İdarəetmə İnstitutunun direktoru Sergey Myasoyedov, Akademiyanın Dövlət Xidməti və İdarəetmə İnstitutunun direktoru Ruslan Korçaqin, siyasi xadim, Dövlət Dumasının əməkdaşı Ramin Qasımov, Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov, “Biz Rusiyanı sevirik” Beynəlxalq Hərəkatı Şurasının sədri Viktor Xmarin və başqaları təqdimatlarla çıxış ediblər.

“Xəzər Biznes Təşəbbüsü” təşkilatının prezidenti Gülnarə Rəhimova-Deniz çıxışında xatirə gecəsində iştirak edə bilməyən Qara Dəniz-Xəzər regionu Hüquqşünasları Assosiasiyasının prezidenti professor İlham Rəhimovun professor salamlarını çatdırıb: “Bizim həmişə yaxşı münasibətlərimiz olub. Heydər Əliyev haqqında çox danışılıb. Mən də Heydər Əliyevin ideyaları ilə böyümüşəm. Heydər Əliyev həmişə Rusiya ilə dostluq etməyə çalışırdı. Bizim ümumiyyətlə psixologiyamız oxşardır. Əminəm ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək”.

Digər çıxış edənlər vurğulayıblar ki, C.Kərimovun dərslikləri və elmi əsərləri əsasında siyasətçi və hüquqşünas nəsilləri yetişib. hüquq elminin fəlsəfi problemləri, sosial planlaşdırma və idarəetmə, dövlət və hüquq nəzəriyyəsi üzrə mütəxəssis olan C.Kərimovun fundamental elmi əsərləri öz dərinliyi, rəngarəngliyi və həcmi ilə insanı heyrətləndirir. O, hüququn ümumi nəzəriyyəsi, qanunvericilik texnologiyası, hüquq psixologiyası, hüquqi kibernetika və hüquq pozuntularının hərtərəfli sosial profilaktikasına həsr olunmuş 800-dən çox elmi əsərin və 40 monoqrafiyanın müəllifidir.

General-polkovnik, Prezident Akademiyasının rektorunun müşaviri Viktor Zorin alimlə bağlı xatirələrini bölüşüb və bir neçə görkəmli azərbaycanlını, o cümlədən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi şəxsən tanıdığını bildirib.

Tədbirin nəticəsi olaraq Qara Dəniz-Xəzər regionu Hüquqşünasları Assosiasiyasının prezidenti İlham Rəhimovun təşəbbüsü ilə Cahangir Kərimovun yaşadığı evdə xatirə lövhəsinin quraşdırılması üçün Sankt-Peterburq meriyasına müraciət etmək qərara alınıb.

Alimin oğlu, hüquq elmləri doktoru, RXTveDXA və Moskva Dövlət Universitetinin professoru Aleksandr Kərimov atasının xatirəsinə göstərdikləri diqqətə görə tədbir iştirakçılarına və Akademiyaya minnətdarlığını bildirib.

Cahangir Kərimov 1923-cü il iyulun 18-də Bakı şəhərində anadan olub, hüquq elmləri doktoru, professor, SSRİ Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Elmlər Akademiyasının akademikidir. O, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, SSRİ-nin və xarici ölkələrin orden və medalları ilə, habelə ictimai mükafatlarla təltif edilib.

Onu da qeyd edək ki, Cahangir Kərimov Rusiya prezidenti Vladimir Putinin müəllimi olub. V.Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan zaman Cahangir Kərimov ona dərs deyib.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cahangir Kərimov 2015-ci ildə, 92 yaşında vəfat edib.

 

 

Share: