Sevənlərin Arzusu

Sevənlərin Arzusu

 Hekayə

(Gənc şairə xanım Arzu Əyyarqızına ithaf olunur!)

Bu hekayə Cəlilabad rayonunun Buravar dağlarının yamacında yer almış qədim və sirli tarixə malik olan Şatırlı kəndində baş vermiş yarı real, yarı təxəyyül və arzular əsasında qələmə alınmış bir hekayədir.

Onlar bir-birini sevərək evlənmiş və gözəl bir ailə həyatı qurmuşdular. Lakin nədənsə doğulan övladları bir-birinin ardınca dünyasını dəyişir və həkimlər də, bunun səbəbini aydınlaşdıra bilmirdilər. Evliliyin ilk illərini beləcə acılıq və kədərlə keçirən Zülfiyyə çıxış yolu kimi həyat yoldaşına üz tutub deyir: “Görünür bizim taleyimiz belə imiş. İcazə ver mən atamın evinə gedim və ayrılaq. Sən də yenidən evlən və övladların olsun…”
Əyyar onun bu sözlərindən bərk narahat olaraq deyir: “Mən səni övlad üçün sevib almamışam, biz sonadək birgə yaşayacağıq. Əgər Tanrıdan övlad payımız varsa, o hökmən bizə nəsib olacaq!”
Bundan sonra Zülfiyyə yaşadığı kəndin Güneylilər tərəfində yerləşən və daha çox kənd əhalisinin əkin sahəsi kimi istifadə etdiyi yüksəkliyə qalxaraq orada diz çökür və əllərini göyə qaldıraraq deyir:
“Ey Uca Tanrım! Mənə övlad ver. Söz verirəm ki, mən də bunun qarşılığında bir neçə il ona təzə paltar geyindirməz, başqasının köhnəsini geyindirərəm. Amma Sən məni yada sal və darda qoyma!”
Bu səmimi dua Tanrı dərgahında qəbul olmuşdu. Az bir müddətdən sonra onların bir qız övladı dünyaya gəldi. Adını Arzu qoydular. Çünki o, valideyni və qohum-əqrəbanın çoxdankı arzusu idi.
Səriyyə nənənin tövsiyəsi ilə üşağın sağ-salamat qalması üçün nəzir edilir. Beləliklə də, onun bir yaşından etibarən hər il doğulduğu 20 noyabr tarixində nəzirə əməl olunmağa başlayır və kənddə bir neçə kasıb ailəyə təqdim olunur.
Arzu böyüyür və varlığı, həm də, şirin-şiltaq davranışı və danışığı ilə hər kəsi sevindirirdi. Onun artıq 7 yaşı tamamlanmışdı. Şabalıdı saçları, incə bədən quruluşu və qara-işıltılı gözləri ilə valideyni və sevənlərini coşdururdu. O, büsbütün sevənlərinin sevinci və arzusuna çevrilmişdi…
Noyabr ayının soyuq və yağışlı günlərinin birində Arzunun valideyni öz nəzirlərini yerinə yetirməyə hazırlaşırdılar. Kasıb ailələrinin payları hazırlanandan sonra onların çatdırılması üçün evdən çıxdılar. Anası Arzunun ayaqqabı və corablarını çıxarıb ayaqyalın şəkildə kasıb evlərə pay aparmağa hazırladı. O da, başıaçıq və ayaqyalın halda balaca əlləri ilə payı tutub soyuq, küləkli və narın yağışlı havada o günədək asfalt örtüyü görməmiş çınqıl daşlı və torpaq yola çıxdı. Valideyni və yaxınları, həmçınin, kənardan onu izləyən qonşular bu səhnəni görüncə göz yaşlarında boğulmuşdular.
Elə bu zaman kənddən piyada ötüb-keçən orta yaşlı bir müdrik kişi bu səhnəni görüb dayandı və olayla tanış olduqdan sonra ürəkdən kövrəldi. Çünki bu hərəkətin əslində Ulu Tanrının diqqəti və mərhəmətini cəlb etmək üçün həyata keçdiyini yaxşı anlamışdı…
O, hörüklərini çiyinlərinə atmış qızcığazın belə bir yağışlı və soyuq havada əsərək ayaqyalın daşlı və torpaq yol üzərindən gəzərək kasıb ailələrə pay apardığı səhnəni görüncə hislərinə hakim ola bilmədi və əllərini göyə qaldıraraq dedi: “İlahi! Ey Ulu Tanrım! Biz Sənin kiçik qulların olaraq bu səhnəni görüncə kövrəlir və göz yaşlarımıza mane ola bilmirik. Sən Əziz və Mərhəmətlisən! Bu əziz balanı valideyni, əzizləri və sevənləriə çox görmə! İlahi onu sevənlərinin Arzusu və göz işığı et!”
Ətrafdakılar onun bu səmimi duasına ürəkdən və ağlar səslə “amin” dedilər…
Beləcə onlar bu nəziri eyni formada hər il həyata keçirir və bununla da, Ulu Yaradandan bütün ailənin və əzizlərin sevimlisi olan Arzunun qorunması və sağlığını diləyirdilər.

Ulu Tanrı bu dualar və kövrək anlarla həyata keçən nəzir-niyazları qəbul etmişdi. Hətta, onun daha sonralar iki qardaşı da, dünyaya gəlmiş və ailənin sevincini birə min artırmışdı. Beləliklə də, Arzu orta məktəbi, ardınca isə Tibb Kollecində həkimlik üzrə orta ixtisas təhsilini uğurla başa vuraraq rayon mərkəzində fəaliyyət göstərən Müalicə Diaqnostika Mərkəzində baş tibb bacısı kimi işə başladı. Bu, onun usaqlıq dovründən etibarən böyük sevgi və şövqlə arzuladığı peşə idi. Az sonra isə ailə həyatı quraraq Fatimə, Kənan və Elmir adlı 3 övlad sahibi oldu…
O, uşaq yaşlarından etibarən şeir və poeziya sahəsinin vurğunu olduğu üçün bu sahədə ardıcıl və böyük uğurlara imza atdı. Təkcə III sinifdə oxuyarkən qələmə aldığı şeir hər kəsi heyrətləndirdi. Bu, əslində onun gələcəkdə poeziya sahəsinin görkəmli nümayəndələrindən birinə çevriləcəyi müjdəsini verirdi. İllər ötdükcə onun çoxsaylı şeir və hekayə kitabları işıq üzü gördü, qələmə aldığı dərinmənalı və düşündürücü şeirləri ölkə daxili və xaricində çap olundu. Bundan əlavə, şeirləri müxtəlif antologiya və almanaxlarda nəşr edildi.
Öz milli-mənəvi dəyərlərinə sıx bağlı olan halda, daim haqq-ədalət, ismət, doğru-dürüstlük və dərin fəlsəfi düşüncələrdən yazaraq artıq bir gənc şairə xanım kimi yaşadığı rayon və bölgə hüdudlarından xaric olmuş, respublika və eləcə də, beynəlxalq səviyyədə tanınırdı.
Onun öz milli kimliyi və milli-mənəvi dəyərlərini qorumaq üçün ən gözəl işlərindən biri də, Odlar Yurdu Azərbaycan xanımlarının müqəddəs baş örtüyü sayılan kəlağayını təbliğ etməsi, gənc yaşlarından etibarən kəlağayı ilə el arasına çıxıb, müxtəlif rəsmi və qeyri-rəsmi tədbirlərə qatılması idi.
Bədii ədəbiyyat sahəsindəki uğurlarına görə gənc yaşlarında ikən AYB-nin üzvülüyünə qəbul edilmiş, çoxsaylı fəxri fərman və mükafatlara layiq görülmüşdü..

Aylar, illər ötdü. Artıq şairə xanım gözəl və mənalı ömrünün 65 yaşının astanasında idi. Onun 65 illik yubileyi üçün həm rayon mərkəzində, həm də yaxınları tərəfindən evdə xüsusi tədbir və yığıncaqların keçirilməsinə hazırlıq işləri gedirdi.
Noyabr ayının ortalarında soyuq, amma insan ruhuna təravət bəxş edən günəşli bir səhərdə pəncərə önündə əyləşib Buravar dağlarının mehlə əhatəyə alınmış füsünkar mənzərəsinə tamaşa edirdi. Sobadakı odunlar asta-asta yanaraq evi istiləşdirir, hər tərəfə həyat istiliyi yayırdı. Masanın üzərində isə gözəl ətiri bütün otağa yayılmış bir fincan isti çay, eləcə də, gənclik yaşlarında işıq üzü görmüş “Ən müqəddəs pay kəlağay” adlı kitabı var idi. Fincandakı çaydan az-az içir, ara-sıra o kitabı əlinə alıb vərəqləyir və müəyyən şeirlərini nəzərdən keçirərək ötən xatirələrini yad edirdi.
Elə bu zaman həyətə bir avtomobil daxil oldu. Bu, onun böyük qızı Fatimə ilə həyat yoldaşı və eləcə də, əziz nəvəsi balaca Banuçiçək idi. Banuçiçək avtomobildən enərək sevinclə evə, daha sonra nənəsinə tərəf yüyürüb dedi:
– Nənəcan! Muştuluğumu ver! Sənə bir hədiyyə var!
– Can nənə! Nənə deyən dilinə qurban! O nə hədiyyədir belə ay mənim balaca çiçəyim?
Bunun ardınca sevimli nəvəsini qucaqlayıb, yanaqlarından öpdü və onun gətirdiyi gözəl payız güllərini aldı. Bu zaman qızı ona Prezident tərəfindən Azərbaycanın Xalq şairi fəxri adınin verilməsi ilə baglı əmrini göstərən internet xəbərini təqdim etdi. Az sonra isə oğulları və digər yaxınlar və tanışlar da, ardı-arası kəsilməyən zənglərlə onu təbrik etməyə başladılar.
O, ilk öncə bütün bunların sanki bir yuxu olduğunu təsəvvür etsə də, tədricən bunun bir reallıq olduğunu və həyatda belə bir böyük uğur qazandığının fərqinə varıb Tanrıya şükür etməyə başladı…
Arzu xanım bütün bu uğurlara görə ürəkdən sevinir və fərəh hissi keçirirdi. O, həm də, hansı çətin və kövrək həyat yollarından ötüb-keçdiyini və bir zamanlar anasının yaşadığı kəndin Güneylilər hissəsində Ulu Tanrıya yalvararaq Ondan övlad istədiyi anları yad edib kövrəldi və gözlərindən yaş axmağa başladı…

Sonrakı illərdə daha bir neçə çox tirajlı şeir və hekayə kitabları ilə oxucularının görüşünə gəldi, xalq və xüsusilə də, gənc nəsilin sevimli şairəsi və qələm əhlinə çevrildi. Onun əsərləri ölkə daxili ilə yanaşı həm də ölkə hüdudlarından kənarda tərcümə və nəşr edilir, sevilərək oxunurdu.
Arzu xanım 70, 75 və 80 yaşlarında Ölkə Başçısının sərəncamı ilə daha bir neçə fəxri fərman, medal və mükafatlara layiq görüldü. Bundan əlavə, Azərbaycanın və eləcə də, qardaş Türkiyə və Özbəkistanın bir neçə tanınmış universitetləri tərəfindən ona fəxri doktorluq dərəcəsi və mükafatlar da, verilmişdi. O, ömrünün 85 ilini arxada qoysa da, gənc və təravətli ruha malik olaraq bir-birindən gözəl və dərinmənalı şeirlər yazır, maraqlı hekayə və romanları qələmə alırdı. Beləliklə də, doğma el-obası ilə yanaşı bütün Odlar Yurdu Azərbaycanın ən görkəmli və ziyalı şairə xanımlarından və qələm əhlindən birinə çevrildi və onu sevənlərinin Arzusu oldu…

İlqar İsmayılzadə

(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru,

AJB-nin üzvü və “Qızıl Qələm” Media Mükafatı laureatı)
13-14.12.2024 – Bakı şəhəri).

Share: