SON DUA
Ulu Tanrı, mərhəmətinə sığınıram,
Səndən
mənə verdiklərindən özgə
heç nə istəmirəm.
Hüzurunda çox səhvə yol vermişəm,
günahımdan keçmə, istəmirəm.
Nə var həvəskarıyam.
nə də dövlət,
İştahım da həddini aşmır.
Bu dünyanın malına-mülkünə boyun əymək
mənə yaraşmır.
Uzun ömür də yaşamaq keçmir ürəyimdən.
Razıyam”kasıb” süfrəmdən,
süfrəmi bəzəyən duzumdan- çörəyimdən.
Verdiklərin bəsimdir,
verdiyindən artığına tamah salmıram.
Kərəminə şükür,
çörək gəzmirəm,
günlərlə ac qalmıram.
Əl çəkirəm dünya malından,
Əl çəkirəm dünyanın hər cür ləzzətindən,
daha başım gicəllənmir
gözəllikdən və gözəllərin camalından.
Ruzi diləmişəm həmişə,
bolluğa meylim olmayıb.
Bilirəm,
elə də çox ömrüm qalmayıb.
Mənim gözümü öz əlinlə bas,
yağışa tutub
yu cəsədimi diri-diri.
Öz qazdığın qəbrimə öz əlinlə kürü.
Mən ölümdən qorxmuram,
Diri ölüyə dönməkdən qorxuram.
Məni özünə tay tutubsan, Ulu Tanrı,
Bu ucalıqdan enməkdən qorxuram.
Bir diləyim var səndən, Ulu Tanrı,
son duamı eşit,
mənə ləyaqətli bir həyat vermisən,
ləyaqətlə yetir
bu ömrü
son ana da.
Ömrümün sonunda
məni möhtac eləmə
boynunda haqqım olan insana da.
✍Bilal Alarlı
ALLAHA ETİRAF, YARADANA ŞÜKRANLIQ!
Elə səmimi şeirdir ki, mən ictimai mövzuda qəbul edirəm.Çünki milyonlarla insanın ibrət götürəcəyi mövzudur. ALLAHI TANIMAQ, YARADANA BƏNDƏLİK ETMƏK yaradılmışların alisi üçün həm şərtdir, həm ədəbdir, həm də haqdır.
Sərbəst hecalı bu şeirdə dünya malına hərisliyə bir etiraz var. “Dünya malı dünyada qalacaq” ATALAR SÖZÜ ilə səsləşir. Duz-çörəyi halallıqla qazanan qəhrəman harama tamah salmaqdan çox-çox uzaqdır . Bax bu sətirlər, bu misralar öyüddür, nəsihətdir, həyat dərsidir .
Son duaya baxın: Mənə ləyaqətli bir həyat vermisən, ləyaqətlə yetir bu ömrü son ana da…
Əslində duaların ən yaxşısı, ən təmizi, ən ləyaqətlisidir.
ULU TANRIDAN ləyaqətli ömür istəmək öz ləyaqəti ilə, qüruru ilə, vicdanı ilə, namusu, qeyrətilə, alın təri ilə yaşanların arzusudur!
Ucalıq-ruhun ucalığı, təmənnasız yaşamağın ucalığı, kamilliyin ucalığı, müdrikliyin ucalığı, mənəviyyatın, saflığın ucalığı insanı TANRI SEVGİSİNƏ QOVUŞDURAR!
Şair, UCA RƏBBİM bu insanlığı, bu kamilliyi dərgahına apardığı ana qədər sizdən əsirgəməsin!Dualarınız çin olsun!
Sizə sağlıqlı, bərəkətli ömür və yaradıcılıq uğurları diləyirik , dəyərlimiz Bilal müəllim!
İsayeva Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq